Ramiz Mehdiyevin vəzifəsini tutacaq şəxs bu ay MƏLUM OLACAQ

Bu ay Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti məlum olacaq.

AMEA Rəyasət Heyətinin fevralda baş tutan iclasında Ramiz Mehdiyevin istefasından sonra yeni rəhbərin müəyyən edilməsi üçün apreldə seçkilərin keçirilməsinə qərar verilib. AMEA prezidentinin Ümumi Yığıncaqda seçiləcəyi bildirilir.

AMEA Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva Modern.az-a açıqlamasında yığıncağın apreldə keçiriləcəyini təsdiqləyib.

Onun sözlərinə görə, toplantı aprel ayının üçüncü on günlüyündə, təxminən ayın 20-dən sonra baş tutacaq. AMEA prezidentliyə namizədlərə gəlincə, A.Balayeva hələlik bu barədə məlumatsız olduğunu deyib.

“Ümumi Yığıncağın dəqiq vaxtı məlum deyil. Aprelin 20-dən sonra keçirilməsi planlaşdırılır. Hazırda yığıncaqda iştirak edəcək şəxslər bəlli deyil. Namizədlər yığıncaqda məlum olacaq”, - deyə A.Balayeva vurğulayıb.

Xatırladaq ki, Ramiz Mehdiyev fevralın 14-də AMEA-nın prezidenti vəzifəsindən istefa verib. Onun istefa ərizəsi qəbul edildikdən sonra AMEA-nın Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq Akademiya prezidentinin səlahiyyətlərinin icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.