İkinci Qarabağ müharibəsi bölgədə yeni reallıq yaradıb. Zaman-zaman başı üstündən tufanlar əsmiş gözəl Qarabağımız böyük ümidlə gələcəyə boylanır. Şuşa, Ağdam məscidində illərdən sonra yenə azan səsi eşidilir, “Qarabağ şikəstəsi” Qarabağ torpağında səslənir. O yerlərə 30 ildən sonra həyat qayıdır, o torpaqların yeni dövranı başlayır.
Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıq yaratdı. İndi biz tək deyilik. Qardaş Türkiyə artıq yanımızda, siyasi masadadır. Bu gün 30 il davam edən status-kvo da yoxdur. Status məsələsi gündəlikdən çıxıb. Əvəzində Qarabağın dağılmış şəhər və kəndlərinin bərpası planlarının icrası başlayıb.
Dünyadakı çoxsaylı münaqişələrin və müharibələrin gedişinə nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi buna ən yeni nümunədir. Ötən illərdə güc topladıq, düşmənin başını dəmir yumruqla vurub əzdik. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu.
Bir müddət əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr təşkil olundu. Nəticə etibari ilə, Prezident İlham Əliyev tərəfindən Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün aspektləri, yəni tarixi, siyasi, hüquqi və münaqişənin həlli prosesi prinsipial, qəti, əzmli və əsaslandırılmış bir formada Münxen Təhlükəsizlik Konfransı iştirakçılarının diqqətinə, həmçinin də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bunun fonunda dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini və yalana əsaslanan tezislərinin darmadağın olduğunu, eləcə də ifşasını aydın şəkildə gördü.
Prezident İlham Əliyev tərəfindən Dağlıq Qarabağın tarixi ilə bağlı geniş bir arayış verildi. Bu proses çərçivəsində ermənilərin Dağlıq Qarabağda maddi-mədəni irsinin olmaması, Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə, Xocalı soyqırımı və digər münaqişənin həlli prosesi ilə bağlı olan məqamlar açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Eyni zamanda münaqişənin həlli ilə əlaqədar beynəlxalq auditoriya tərəfindən hər iki tərəfə suallar ünvanlandı. Dövlətimizin başçısı tərəfindən münaqişənin həlli ilə bağlı Azərbaycanın baxışı, münaqişənin məhz BMT TŞ qətnamələri əsasında mərhələli şəkildə həlli bir daha qeyd olundu.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Bakı ölkəmizin suveren hüquqlarına aid olan məsələləri heç bir üçüncü tərəflə müzakirə etməyəcəkdir.
Qarabağda yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası, qanunları və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun öz həllini tapacaq. Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq, xoş niyyətinin göstəricisi və şəffalıq nümunəsi kimi öz vətəndaşları ilə apardığı dialoqa dair bir müddətdən sonra beynəlxalq tərəfdaşlara məlumat verə bilər
Dövlətimizin başçısı tərəfindən bu tezislər yəni münaqişənin həllini təşkil edən tutarlı arqumentlər, təhlillər Münxen Təhlükəsizlik Konfransı kimi mühüm platformada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bunun fonunda isə biz bir daha Ermənistanın yalanlarının ifşasını görmüş olduq. Bu hər bir Azərbaycan vətəndaşının qürur duyacağı bir məqam idi. Prezidentimiz tərəfindən mühüm platformada Azərbaycan dövlətinin maraqları ləyaqətlə qorunur.
Əminə Ağazadə,
Milli Məclisin deputatı