Son illərdə qlobal səviyyədə sağlamlıq turizmi və tibbi turizmin rolu artmaqdadır. Tibbi xidmətlərin keyfiyyətinin artması, ölkələrin tibbin ayrı-ayrı istiqamətləri üzrə ixtisaslaşması, səfər və müalicə xərclərinin dövlət və özəl sığorta sistemləri hesabına qarşılanması, sərhədlərarası tibbi xidmətlərin göstərilməsinə imkan yaradan qanunvericiliyin qəbulu və digər faktorlar bu sahədə inkişafa təkan verir. Sağlamlıq turizmi sektoruna yatırılan investisiyalar, tibb sektorunda baş verən texnoloji inkişaf, insanların istirahətə və sağlamlığa əvvəlkindən daha çox diqqət ayırması sektorun inkişafında dəstəkləyici rol oynayır.
Sabahinfo.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunun “Azərbaycanda sağlamlıq turizminin inkişafı perspektivləri” panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sağlamlıq turizminin coğrafiyasında da dəyişikliklər baş verməkdədir: “Əvvəlki dövrlərdə bu xidmətlərdən faydalanmaq üçün insanların hərəkətliliyi inkişaf etmiş ölkələrə idisə, biz indi əksini müşahidə edirik. Bunun iqtisadi izahı ilə yanaşı, marketinq və insanların məlumatlılıq səviyyəsinin artması, tibbi və logistik xidmətlərin inkişafı, işçi qüvvəsinin peşəkar hazırlığı və bir sıra digər səbəbləri var. Göründüyü kimi, sağlamlıq və tibbi turizmin inkişafı məsələlərə kompleks yanaşmanı tələb edir”.