Sahibə Qafarova Madriddə çıxış etdi

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətimiz Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və Assambleya çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirak etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərində səfərdədir.

Noyabrın 27-də keçirilən Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında “Demokratiyanın üzləşdiyi müasir çağırışlar: parçalanmanın öhdəsindən gəlmək və icma quruculuğu” mövzusunda müzakirələr aparılıb.

Milli Məclisin sədri Sahibə Qafarova Assambleyada çıxış edib. O, deyib ki, hazırda yaşadığımız dövr öz mürəkkəb çağırışları ilə dünya birliyi üzərinə ağır yük qoyur. Hətta, artıq bir sıra dövlətlər problemlərin öhdəsindən çətinliklə gəlirlər, bəzən isə onları həll edə bilmirlər. COVID-19 pandemiyası və pisləşən iqtisadi vəziyyət durumu bir qədər də mürəkkəbləşdirir. Bu da gələcəkdə cəmiyyətlərin daha da qütbləşməsinə gətirib çıxara və siyasi sistemlərə inamsızlıq yarada bilər.

Sahibə Qafarova çıxışında bildirib ki, ifadə azadlığı və dezinformasiya arasında olan incə xəttin tamamilə silinmək təhlükəsi var. Belə şəraitdə milli parlamentlər öz fəaliyyətlərini hərtərəfli qurmalıdırlar. Onun sözlərinə görə, məsələyə təkcə qanunvericilik prizmasından deyil, daha geniş aspektdə yanaşan parlamentlərin parçalanmanın qarşısını almaq və cəmiyyətlər arasında körpülər yaratmaq şansları var. Parlamentlər seçkili nümayəndələrin, hökumətin və vətəndaş cəmiyyətinin birgə səylərinin mərkəz nöqtəsi kimi öz rollarını gücləndirməlidir. Ən əsası isə bu səylər təkcə parlamenti əhatə etməməli, bütün siyasi sistemə yayılmalı və bütün cəmiyyəti əhatə etməlidir. Dezinformasiya ilə bağlı vəziyyət parlamentlərimiz tərəfindən ifadə azadlığının daha da gücləndirilməsi, dezinformasiyanın və onun təhlükəli fəsadlarının aradan qaldırılması üçün qanunvericilik sahəsində daha qəti addımların atılmasını tələb edir.

Spiker Sahibə Qafarova xatırladıb ki, dünya birliyi pandemiyanın törətdiyi mövcud çətinliklərə hazır deyildi və vəziyyətə dair lazımi addımların atılması üçün bir müddət vaxt keçdi. İndi biz növbəti addımlara hazır olmalıyıq və gələcəkdə mümkün problemlərin daha yaxşı həlli üçün COVİD-dən sonrakı bərpa mərhələsinə daha çox diqqət yetirməliyik. Milli Məclisin sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT çərçivəsində COVİD-19-a qarşı yüksək səviyyəli qlobal bərpa paneli yaratmaq təşəbbüsü ilə çıxış edib. Bu panel pandemiyadan sonrakı dövrdə qlobal səviyyədə görüləcək tədbirlərə dair tövsiyələrin hazırlanmasına yönəlməlidir. Hesab edirəm ki, bu təşəbbüsə uyğun olaraq, biz - parlamentarilər yaxın gələcəkdə pandemiya bitdikdən sonrakı mərhələ ilə bağlı müzakirələrə keçməliyik.

Sahibə Qafarova söyləyib ki, sülh və təhlükəsizliyin təşviq olunması demokratiyanın inkişafı, insan hüquqlarının müdafiəsi və davamlı inkişafın təmin edilməsi üçün çox mühüm vasitədir. O, qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistanın 30 il davam edən işğalından azad edilməsi bizə bu ərazilərdə genişmiqyaslı bərpa proqramlarına başlamağa imkan verib. Bu işlər bizim 1 milyon məcburi köçkünümüzün öz yurdlarına qayıtmasını təmin edəcək.

Parlamentin sədri bildirib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanat Ermənistan və Azərbaycan arasında münaqişəyə son qoyub. İndi suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi üzrə sülh sazişi üzərində işə və sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamaq lazımdır. O qeyd edib ki, Azərbaycan dəfələrlə Ermənistanla münasibətlərin normallaşdırılmasına hazır olduğunu nümayiş etdirib və bir sıra təkliflər irəli sürüb. Ümid edirik ki, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da keçirilmiş son görüşü nəzərəçarpacaq nəticələr verəcək, sülh sazişinin imzalanmasını və regionda kommunikasiyaların bərpasını təmin edəcək.

Milli Məclisin spikeri vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi, özünün güclü dəstəyi ilə və parlamentlərarası əməkdaşlığa sadiqliyinin bariz nümunəsi olaraq təşkilatın parlament ölçüsünün inkişafı təşəbbüsü ilə çıxış edib. Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclası Assambleya çərçivəsində noyabrın 28-də keçiriləcək.

Parlamentin sədri qeyd edib ki, Qoşulmama Hərəkatının parlamentariləri arasında münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi sülhün, demokratiyanın və davamlı inkişafın möhkəmlənməsinə dair qlobal səviyyədə daha səmərəli səylərin göstərilməsinə xidmət edəcək və həmçinin Parlamentlərarası İttifaqın təşviq etdiyi prinsiplərə tam uyğundur.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi