“Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının təqdimatı olub

Moderator.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rasim Mirzəyevin müəllifi olduğu “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının və eyniadlı bukletin təqdimat mərasimi keçirilib. Tədbirdə müxtəlif kateqoriyalı veteranlar, ziyalılar, media təmsilçiləri, vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində çap edilən kitabda 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlar, xalqın, dövlətin və ordunun ali amal uğrunda bir yumruq kimi birləşməsi faktı maraqlı təhlil və nümunələrlə əks olunub.

Tədbir giriş sözü ilə layihə rəhbəri, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının müəllifi, dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyev açıb. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, ordu ilə ciddi həmrəylik sərgilədiyini vurğulayan layihə rəhbəri, 8 Noyabr zəfərinin məhz bu birlik nəticəsində əldə edildiyinə diqqət çəkib. Rasim Mirzəyev qeyd edib ki, cəmiyyətdə vətənpərvərlik ruhunun qorunub saxlanılması, post-müharibə dönəmindən sonra qarşıya qoyulan məqsədlər nail olunması, dövlətimizin hərtərəfli inkişafının təmin edilməsi üçün 44 günlük Vətən müharibəsi dövrünün xalq-dövlət-ordu birliyi bundan sonra da davam etdirilməli, bu birlik və onun önəmi yeniyetmə və gənclər arasında təbliğ edilməlidir.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sadəcə hərbi müstəvidə deyil, həm də diplomatik müstəvidə böyük uğurlara nail olduğuna, cəmi 44 gün ərzində xalqımızı qələbəyə qovuşdurduğuna diqqət çəkdi. Cəlil Xəlilov bildirdi ki, məhz dövlət başçısının siyasi peşəkarlığı sayəsində heç bir kənar müdaxilənin təsiri olmadan müharibəni qələbə ilə başa vurmaq mümkün oldu. 44 günlük Vətən müharibəsindəki xalq-dövlət, xalq –ordu birliyindən bəhs edən “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının mühüm təbliğati əhəmiyyətə malik olduğunu vurğulayan Cəlil Xəlilov, veteran təşkilatı olaraq bundna sonra da yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi baxımından işləri davam etdirəcəklərini qeyd edib.

Tədbirdə çıxış edən şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova 30 ilə yaxın müddətdə erməni işğalı altında qalan torpaqların məhz xalqın Ali Baş Komandanı, ordusu ilə sərgilədiyi birlik sayəsində, şəhidlərin qanı, qazilərin rəşadəti hesabına azad edildiyinə diqqət çəkib. Nəcibə Axundova qeyd edib ki, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanların bir çoxunun heç vaxt Qarabağı görməyən, bu torpaqlarda olmayan insanlar olması faktı, ölkəmizdə vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunun ən böyük isbatıdır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində çap edilən kitabın böyük qələbəyə, onun səbəb və nəticələrinə həsr olunduğunu bildirən Nəcibə Axundova, milli şüurun möhkəmlənməsi, tarixi həqiqətlərin gənclər arasında təbliği baxımından sözügedən kitabın mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti Sərraf Orucov da “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının önəmindən bəhs edib. Kitabın uşaq və yeniyetmələr, gənclər tərəfindən böyük maraqla qarşılanacağını bildirən Sərraf Orucov, kitabın məktəblilər üçün əlavə ədəbiyyat kimi də faydalı olacağını qeyd edib. O, vurğulayıb ki, gələcəkdə də bu kimi təşəbbüslər dəstəklənməli, cəmiyyətdə vətənpərvərlik tərbiyəsi baxımından işlər davam etdirilməlidir.

Tədbirdə çıxış edən ziyalılar, vətəndaş cəmiyyəti institutunun nümayəndələri “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının əhəmiyyətindən danışıb, belə kitablara ciddi ehtiyac olduğunu vurğulayıblar.

Tədbir həm də məktəblilər tərəfindən vətənpərvərliklə bağlı səsləndirilən maraqlı şeirlərlə yadda qalıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Məlumat üçün qeyd edək ki, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabı 450, eyniadlı buklet isə 700 nüsxədə çap edilib və onların bir hissəsi təqdimat mərasimində tədbir iştirakçılarına paylanılıb. Layihə çərçivəsində daha geniş auditoriyada tədbirlərin keçirilməsi nəzərdə tutulur.