Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şəhid olan bacı və qardaşlarımızın ailələri bizə onlardan yadigardır. Şəhidimizə hörmətimiz həmçinin onların ailələrinə səgilədiyimiz münasibətlə ölçülür. Təkcə müharibə ərəfəsində deyil, hər zaman şəhid ailələrinə qarşı diqqətli olmalı, onların problemlərinin həllinə çalışmalıyıq. Bu hər birimizin vətəndaşlıq borcudur. Təbii ki, dövlətimiz bununla bağlı üzərinə düşən öhdəlikləri, vəzifələri yerinə yetirirlər. Şəhid ailələri üçün xeyli imtiyazlar var ki, zaman keçdikcə onları sayı artırılır. İstəyirəm ki, bəzi imtiyazları diqqətə çatdırım.
Öncə qeyd edək ki, şəhidlərimizin ailə üzvləri dedikdə onların həyat yoldaşları, valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaş və bacıları nəzərdə tutulur.
Qanunvericilikdə şəhid ailəsi statusu olan şəxslər üçün bir sıra təminatlar, imtiyazlar nəzərdə tutulub.
Bura ilk növbədə şəhid ailəsi üçün prezident təqaüdü daxildir.
Bu təqaüd şəhidin ailə üzvü statusu olan həyat yoldaşı, valideynləri, 18 yaşına çatmamış uşaqları, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına verilir.
Hərbi qulluqçu həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə, vərəsələrə 11000 manat məbləğində Dövlət Sığorta Kommersiya Şirkəti tərədindən sığorta ödənişi verilir. Hesab edirəm ki, bu məbləğ artırılmalıdır. Çünki bu gün Azərbaycanın iqtisadi potensialı imkan verir ki, şəhid ailələrinə ödənilən təminatlar artırılsın.
Şəhid ailələrinin mənzil problemi, demək olar ki, həll edilmək üzrədir. 2015-ci ildə bu proses tam başa çatacaqdır. Şəhid ailə üzvləri ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. 18 yaşadək uşaqların müavinət almaq hüququ var. Kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda verilir.
Dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar. Milli Qəhrəmanların ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə 110, şəhid ailəsi üzvlərində isə 93.5 manat əlavələr hesablanır.
İxtisarla bağlı əmək müqaviləsi xitam zamanı işdə saxlanmağa üstünlük hüququ verilir.
Qeyd edək ki, qanunvericiliklə digər təminatlar da nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan təminatlar dövlət qurumları tərəfindən icra olunur. Amma biz bununla kifayətlənə bilmərik. Hər bir vətəndaş bu məsələyə həssas yanaşmalıdır. Sevindirici haldır ki, 44 günlük Vətən müharibəsindən sonra cəmiyyətdə şəhidlərimiz və onların ailə üzvlərinə diqqət artıb. İş adamları, gənclərimiz şəhid ailələrinin problemlərinin həlli istiqamətində xeyli işlər görürlər. Şəhid anaları, ataları, xanımları, övladları məclislərimizdə yuxarı başda oturdulur, onlara çıxış üçün söz verilir. Yaxşı olardı ki, telekanallarımız şəhid ailə üzvlərini tez-tez efirə çıxarıb müxtəlif məsələlərlə bağlı onların rəylərini öyrənsinlər. Çox yaxşı haldır ki, general Polad Həşimovun anası, Raquf Orucovun həyat yoldaşı və digər şəhid ailələrinin üzvləri cəmiyyət üçün nümunədirlər. Şəhid ailə üzvləri də ictimai-siyasi proseslərdə fəal olmalı, müxtəlif məsələlərlə bağlı öz fikirlərini bildirməlidirlər. Bu kimi addımlar şəhidlərimizin yaxınlarına təsəlli olmaqla yanaşı, cəmiyyətdə, xüsusilə də, məktəblilər, gənclər arasında vətənpərvərlik hissinin artmasına, Vətənə, dövlətə bağlılığın güclənməsinə səbəb olur. Biz təkcə əlamətdar günlərdə deyil, adi təqvim tarixlərində də şəhid ailələrinə baş çəkməli, onların qayğılarını öyrənməliyik. Əgər həmin qayğıları həll etməyə gücümüz çatmırsa, bunu aidiyyəti dövlət orqanlarının qarşısında qaldırmalı, bu halda da həll olunmasa, ictimailəşdirməliyik. Problemlər varsa, onu gizlətmək yox, həll etmək lazımdır.
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən "Şəhid ailələrinə dəstək tədbirləri və xidmət" layihəsi çərçivəsində dərc olunur