Şəhid ailələrinin məşğulluğunun təmin edilməsi – Problemlər və onların həlli yolları

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində mümkün oldu. Ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərən qazilərə, şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur.

Azərbaycanda Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirlməsi istiqamətində ardıcıl işlər aparılır.

Onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, bu insanlar hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Həyata keçirilən sosial proqramlardan biri də onların məşğulluq probleminin həllidir. Aktiv məşğulluq proqramlarında - özünüməşğulluqda, ödənişli ictimai işlərdə bu kateqoriyadan olan insanlara üstünlük verilir. Həmçinin onların məşğulluğunun təmin edilməsi məqsədilə bütün işəgötürənlər üçün məcburi kvota müəyyən edilib. Beləliklə, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün bu istiqamətdə də mütəmadi iş aparılır.

Prezident İlham Əliyev Bakı şəhəri Nizami və Nərimanov, eləcə də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçılarını təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən sözügedən mövzuya bir daha toxunub: “Vətən müharibəsində qəhrəmanlıq göstərmiş övladlarımızın məşğulluq məsələləri də mənim göstərişimlə öz həllini tapır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə genişmiqyaslı işlər görür - Məşğulluq Marafonu keçirilir. Mənim tərəfimdən sahibkarlara tövsiyə edilib ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar. Əlbəttə ki, dövlət qurumları qarşısında bu vəzifəni mən qoymuşam. Siz də bu amili nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yəni biz onları gələcək fəaliyyətə hazırlamalıyıq. Bir daha qeyd etmək istəyirəm ki, kadr məsələlərinin düzgün təşkilində əsas prinsiplər, bax, dediyim iş qabiliyyəti, vətənpərvərlik və dövlətçilik əsasları olmalıdır”.

Dövlətimizin həssas təbəqələrlə apardığı iş kampaniya xarakteri daşımır, bu sosial siyasətimizin əsasını təşkil edir. Postmüharibə dövründə həmin kateqoriyayaya daxil olan 45 min vətəndaşımıza 50 min növ xidmət göstərilib. Şəhid ailəsi üzvləri olan 7942 şəxsə 15 841 sosial ödəniş, 2515 müharibə iştirakçısına əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. 184 hərbçi son nəsil 193 yeni protezlə, 1200 müharibə əlili 13 minə yaxın reablitasiya vasitəsilə təmin olunub.

Şəhid ailələrinə postmüharibə dövründə 5 250, ümumilikdə ötən dövrdə 14 050 mənzil və fərdi ev təqdim olunub. Yeni mənzil və fərdi evlərin təqdim edilməsi qarşıdakı dövrdə də davam etdiriləcək.

Sosial xidmətlər sahəsində görülən işlərə gəlincə ötən il 5149 nəfərə evdə sosial-məişət xidməti göstərilib, 100 uşaq övladlığa verilib, 300-dən çox şəhid ailəsi üzvü sanatoriya-kurort yollayışı ilə təmin olunub.

“Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı”, “Qəhrəmanlarımız üçün yaşıl işıq” sosial-psixoloji dəstək layihələri də dövlət tərəfindən icra olunur.

Məşğulluğun həlli üçün gərəkən addımlar atılır. Sözügedən kateqoriyadan olan insanların kiçik biznesə çıxışına özünüməşğulluq proqramı vasitəsilə şərait yaradılıb. Bu məqsədlə postmüharibə dövründə 6,5 mindən çox şəhid ailəsi üzvü və qazi, erməni terrorundan zərər çəkən şəxs özünüməşğulluq proqramına cəlb edilib. İlkin mərhələdə onlar üçün kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkil olunub. Təlimlərdən sonra isə seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə təsərrüfat və müəssisələrini yaratmaları üçün onlara lazımi mal və materiallar, avadanlıqlar formasında aktivlər təqdim edilib. Ümumilikdə, postmüharibə dövründə qeyd olunan kateqoriyalara aid 10 min şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub.

Vətən müharibəsindən sonra səmərəli tədbirlərdən olan “Məşğulluq marafonu” da həyata keçirilir və həmin marafon çərçivəsində şəhid ailəsi üzvlərinin və qazilərin məşğulluğu həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başlanan “Məşğulluq marafonu”na bu günədək 618 işəgötürən qoşularaq 4203 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə qeyd edilən kateqoriyalara aid 1744 şəxs işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir. Tədbir “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən də bu istiqamətdə müvafiq addımlar atılır, o cümlədən şəhidlərin ailə üzvlərinin, döyüşlərdə yaralanan və müharibə iştirakçı olan insanların və onların ailə üzvlərinin imkan daxilində mədəniyyət müəssisələrində işlə təmin olunması məsələlərinə baxılır.

2021-ci ilin 29 yanvar tarixindən 31 may tarixinə kimi Mədəniyyət Nazirliyi tərəfindən 75 şəhid və yaralanmış şəxsin ailə üzvü, I və II Qarabağ müharibələri iştirakçıları və onların ailə üzvləri mədəniyyət müəssisələrində işlə təmin edilib. Onlardan 38 nəfər şəhidlərin ailə üzvü, 9 nəfər döyüşlərdə yaralan şəxs, 13 nəfər döyüşlərdə yaralananların ailə üzvü, 10 nəfər müharibə iştirakçısı, 5 nəfər isə müharibə iştirakçısının ailə üzvüdür.

Onu da qeyd etmək istəyirik ki, işlə təmin olunanlar bundan əvvəl mədəniyyət sahəsində çalışmamış şəxslərdir.

Nazirlik tərəfindən şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, mütəmadi olaraq onlarla görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür.

"SOS" Məhdud Məsuliyyətli Cəmiyyət (mühafizə şirkəti) "Qəhrəmanlarımıza dəstək olaq" layihəsinə qoşularaq indiyədək 160 nəfər Vətən müharibəsi iştirakçısı və qazisini, şəhid ailəsini işlə təmin edir.

Prezident İlham Əliyevin şəhid ailələri və müharibə veteranlarının sosial problemlərinin həllilə bağlı tapşırıqlarına hər bir dövlət qurumu, sahibkarlar ciddi əməl etməlidirlər.

 

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən  "Şəhid ailələrinə dəstək tədbirləri və xidmət" layihəsi çərçivəsində dərc olunur