Şəhid ailələrinin təhsil hüququ – Problemlər aradan qaldırılır

Azərbaycanının azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədi ilə qəbul edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda bir sıra güzəştlər nəzərdə tutulub. Bu güzəştlərdən biri də şəhid ailələrinin təhsili ilə bağlıdır. Şəhidin ailəsi dedikdə, şəhidin valideynləri, xanımı və uşaqları nəzərdə tutulur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna əsasən, dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailələrinin üzvləri təhsil haqqı ödəməkdən azadırlar.

Bu məsələ Prezident 18 mart 2014-cü il tarixli sərəncamında da öz əksini tapıb. Sərəncama əsasən ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi dövlət hesabına həyata keçirilir.

Söhbət burada ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqının ödənilməsindən gedir.

 

Təəssüf ki, bu güzəştlər şəhidlərin təhsil alan bacı və qardaşlarına şamil edilmir. Təhsil haqqını ödəyə bilməyən şəhid bacısı və ya qardaşına güzəşt edilmir ki, onlar şəhid ailəsi statusunun təsiri altına düşmürlər. Axı şəhidin təhsil alan bacı və ya qardaşının təhsil haqqını şəhid atası ödəyir…

Məntiqlə onlara da güzəşt olunmalıdır. Bu məsələnin parlamentdə müzakirə olunmasına ehtiyac var və hökumət şəhid ailələrinin xeyrinə qərar çıxarmalıdır. Şəhidin bacı və qardaşının təhsil haqqı yükündən azad olunması dövlət üçün çətin olmamalıdır. Bizim iqtisadi gücümüz, gəlirimiz, ilbəil artan büdcəmiz imkan verir ki, bu kimi sosial problemləri həll edək. Üstəlik, əvvəllər məcburi köçkünlər təhsil haqqından azad idilər. Torpaqlarımız azad olundu və keçmiş köçkünlər mərhələ-mərhələ öz dədə-baba yurlarına qayıdır. Artıq onlar da digər vətəndaşlarımız kimi təhsil haqqı ödəyirlər. Hesab edirəm ki, keçmiş məcburi köçkünlər üçün ləğv edilmiş güzəştlər şəhidlərimizin bacı və qardaşlarına şamil olunmalıdır.

Digər tərəfdən ali təhsil ocaqlarının rəhbərliyi, tələbə kredit fondları, iş adamları da bu məsələdə şəhid ailələrinə dəstək olmalıdırlar.

Məlumatlara görə, bəzi özəl ali təhsil ocaqları hətta şəhid xanımlarından da təhsil haqqının ödənilməsini tələb edirlər. Yəni təhsil haqqından azad etmək hər universitetin öz qərarına verilib. Şəhid xanımın təhsil haqqının ləğvi özəl ali məktəblərin rəhbərliyi bu qədərmi çətindi? Axı təhsil alan şəhid ailə üzvlərinin sayı o qədər də çox deyil. Həmçinin qanunla güzəşt olunan şəhidin ailə üzvlərinin təhsil haqqının ödənilməsini dövlət öz üzərinə götürür. Bu məsələlər araşdırılmalı və boşluqlar aradan qaldırılmalıdır ki, xoşagəlməz hallar yaşanmasın.

Elm və Təhsil Nazirliyi mütəmadi olaraq şəhid ailələri üçün yerdəyişmə üzrə vakansiya seçimi həyata keçirir. Şəhid ailələrinin üzvü olan müəllimlərə iş yerini dəyişdirmək imkanı yaradılıb.

"Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Azərbaycanın 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Onların 105 mini ödənişli əsaslarla təhsil alırlar. Ödənişli əsaslarla təhsil alan tələbələrin bir qismi təhsil haqqından azaddır. Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən şəhid ailələri üzvləri təhsil haqqından azaddır. Onlar bu imtiyazdan təhsilin bütün pilləri üçün istifadə edə bilərlər. Şəhid ailə üzvləri indiyədək yalnız dövlət təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alanlar təhsil haqqından azad idi. Ancaq indi özəl ali təhsil müəssisələrində də şəhid ailə üzvləri ödənişsiz təhsil ala biləcək. Yaxşı olardı ki, şəhid ailə üzvlərinin özəl orta ümumtəhsil müəssisələrində və liseylərdə də dövlət büdcəsi hesabına pulsuz təhsil alması təmin edilsin.

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən  "Şəhid ailələrinə dəstək tədbirləri və xidmət" layihəsi çərçivəsində dərc olunur