“Şəhidlərin ruhunu narahat etmək yolverilməzdir”

“Azərbaycanda şəhid ailələrinin problemlərinin həlli daim diqqət mərkəzində olub. Şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, onlara dövlət tərəfindən edilən yardımlar və ən əsası YAŞAT Fondunun yaradılması bu qəbildən olan insanların problemlərinin dövlətin prioritet sahələrindən olduğunu deməyə əsas verir”.

Bunu “Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyinin sədri Nəzakət Həsənova deyib. Onun sözlərinə görə, son günlər Yasamal rayonunda şəhid analarının qaldırdığı məsələ hökumətin diqqətindədir: “Müharibə ağır prosesdir. Biz 44 günlük müharibədən qalib ayrılmışıq. İndi həm müharibənin ağrı-acısını aradan qaldırmalı həm də işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işləri aparmalıyıq. Eyni zamanda şəhid ailələri, qazilərimizin problemləri həll olunur. Ələt qəbirsanlığında uyuyan şəhidlərimiz qarşısında baş əyirik. Onların qanı, canı sayəsində biz bu qələbəni qeyd edirik. Bəli. Hər bir şəhidimiz bizim üçün dəyərlidir. Heç kim bu yöndə ayrıseçkiliyə yol verə bilməz. Sözügedən şəhid ailələrinə isə demək istəyirəm ki, həmin ərazilərin yenidən qurulması, orada möhtəşəm abidənin yaradılması hökumətin diqqətində olan məsələdir.

Bu yöndə tələsmək lazım deyil. Heç kimin fitnəsinə uymamaq, şəhidlərin ruhunu narahat etmək indiki məqamda yolverilməzdir”.