Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik vasitələrin və silah-sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində son günlərdə 8 kq 920 qram narkotikə bənzər maddənin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınmış, eyni zamanda 3 ədəd gizlədilmiş odlu silah aşkar olunmuşdur.
Dövlət Sərhəd Xidmətindən sabahinfo.az-a verilən məlumata görə, yanvar ayının 14-də Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd sahibsiz bağlama aşkar edilmişdir. Baxış zamanı bağlamada çəkisi 8 kiloqram 350 qram narkotikə (5 kq 900 qram “tiryək”, 1 kq 700 qram “metamfetamin” və 750 qram “heroin”) oxşar maddənin olması müəyyənləşdirilmişdir.
Yanvar ayının 26-da Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsi xidmətində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağlanılmış 1 ədəd torbanın içərisində çəkisi 570 qram “marixuana”ya oxşar maddə və 2 blok “Marllboro” markalı siqaret aşkarlanaraq götürülmüşdür.
Ay ərzində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən sərhədboyu ərazilərdə həyata keçirilmiş tədbirlər nəticəsində Astara rayonunun Alaşa kəndinin ərazisində su kanalında gizlədilmiş 1 ədəd Almaniya istehsalı olan 8 mm çaplı “Perfecta” markalı tapança, Qəbələ rayonunun Tikanlı kəndinin ərazisində “Qaraçay” çayının sahilində yerləşən meşəlikdə 1 ədəd 16 mm çaplı təklüləli ov tüfəngi və ona məxsus 6 ədəd patron, Ağstafa rayonunun Sadıqlı kəndinin ərazisində “Qarayazı” dövlət meşə qoruğu massivində 1 ədəd 16 mm çaplı qoşalüləli ov tüfəngi aşkar olunaraq götürülmüşdür.
Bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.