“Beynəlxalq aləmdə böyük hörmət və nüfuza malik olan dövlətimizin başçısı cənab İlham Əliyev yüksək siyasi mədəniyyəti, dərin və hərtərəfli biliyi sayəsində beynəlxalq görüşlərdə və apardığı yüksəksəviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla müdafiə edib. Bütün beynəlxalq tribunalarda, ali kürsülərdə səsləndirdiyi fikirlər, irəli sürdüyü təkliflər, verdiyi tövsiyələr nəinki siyasi liderlər, ekspertlər, politoloqlar, həm də dünya ictimaiyyəti tərəfindən də rəğbətlə qarşılanır. Heç də təsadüfü deyil ki, keçirilən istənilən mövzulu regional və beynəlxalq tədbirlərin əsas iştirakçıları arasında ölkəmiz xüsusi yer alır. Dünyada gedən prosesləri, bu proseslərin nəticələrini və tənzimlənməsi yollarını əvvəlcədən görə bilmək, qiymətləndirmək istedadına sahib cənab İlham Əliyevin dəyərli təşəbbüsləri dünyanın siyasi elitası tərəfindən yüksək səviyyədə dəstəklənir, ölkəmizin beynəlxalq və regional problemlərin həllində rolu durmadan artır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev bu ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının, oktyabrın 6-da “Avropa Siyasi Birliyi”nin sammitlərində, həmçinin oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısında iştirakı ölkəmizin artan nüfuzunun, regionda lider dövlətə çevrildiyinin, dünya dövlətləri üçün etibarlı, mühüm tərəfdaş olduğunun göstəricisidir. AQEM-in 6-cı Zirvə Toplantısında dövlətimizin başçısı iştirakçıları İkinci Qarabağ müharibəsinin nəticələri, bunun Azərbaycanın haqq işi olduğunu, həmçinin işğal dövründə Ermənistanın həmin ərazilərdə törətdiyi dağıntılar, hələ də taleyi naməlum qalan 3900-ə yaxın azərbaycanlı itkinlər, kütləvi məzarlıqlar haqqında məlumatlandırdı. Məlumdur ki, Ermənistan hələ də Birinci Qarabağ müharibəsində itkin düşümüş hesab edilən şəxslərin taleyi, kütləvi məzarlıqlar haqqında heç bir məlumat vermir. Törətdiyi müharibə cinayətlərinin izini itirməyə çalışır. Həmçinin tam olaraq minalanmış ərazilərin xəritəsini verməməklə bu cinayətləri hələ də davam etdirir”.
“Tədbirdə dövlətimizin başçısı həmçinin Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında əhəmiyyətli rolunu xatırladaraq Zəngəzur dəhlizinin yaradılmasına toxundu. Bildiyimiz kimi, Azərbaycan Zəngəzur dəhlizinin açılması istiqamətində səylə çalışır. Dəhlizin açılması bütün region dövlətlərinin maraqlarına tam uyğundur. Amma Ermənistan hələ ki, buna mane olmağa çalışır, üzərinə götürdüyü, altına imza atdığı öhdəlikləri yerinə yetirmir. Məğlub Ermənistanın bu cür davranışları, təbii ki, onların gələcəyi üçün yaxşı heç nə vəd etmir, bu ölkənin rəhbərliyi düşdükləri siyasi böhranı daha da dərinləşdirir”, - Milli Məclisin deputatı bildirib.
Daha sonra AHİK sədri Səttar Möhbalıyev Prezident İlham Əliyevin oktyabrın 14-də Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışına diqqət çəkib. Bildirib ki, dövlətimizin başçısı qəti şəkildə bəyan etdi ki, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur: “Vaxtı ilə Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupu münaqişənin həlli məqsədilə yadılmışdı, amma əlindən bir iş gəlmədi, vəzifələrini icra edə bilmədi. Fransa Minsk qrupunun həmsədri olub, neytrallıq göstərmək əvəzinə, hələ müharibə zamanı tərəf nümayiş etdirərək Ermənistanın ədalətsiz mövqeyini müdafiə etməyə çalışırdı. Bir neçə gün öncə Fransa prezidenti Emmanuel Makronun “France2” telekanalına müsahibəsində dediyi fikirlər, təbii ki, hər birimizdə hiddət doğurur. Aydın görünür ki, bu şəxs məsələlərə separatçı ermənilərin gözü ilə baxıb təhlil edir və gəldiyi yanlış qənatləri ictimaiyyətə çatdırır. Maraqlıdır, məgər bu dövlət başçısı vaxtı ilə Fransanın da imza atdığı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən xəbərsizdir!?. Deyir ki, “Azərbaycan dəhşətli, çoxsaylı itkilərlə nəticələnən müharibəyə başladı və Dağlıq Qarabağı tutdu”. Fransa bu məntiqlə uzun illər vasitəçilik missiyasını icra edib!? Makronun Azərbaycanın tutduğu dediyi ərazilər bütün sənədlərdə və beynəlxalq səviyyədə elə Azərbaycanın öz ərazisi kimi qəbul edilib. Bu ərazilər Azərbaycan ərazisidir, Azərbaycan hər zaman sülh tərəfdarı olub, uzun illər münaqişənin danışıqlar yolu ilə həllinə çalışıb. Bütün bunları bilə-bilə öz ərazilərini işğaldan azad edən Azərbaycana “işğalçı” demək yalnız Makron kimi siyasətçilərin təfəkkürünün məhsulu ola bilər. Aydın görünür ki, Makronun böhtan dolu fikirləri tamamilə beynəlxalq hüququn prinsiplərinə ziddir. O, çevrilib öz ölkəsinin tarixinə bir nəzər salsaydı, belə məsələlərdə utanıb susmağa üstünlük verərdi”.
Səttar Möhbalıyev Emmanuel Makronun “Fransa burdadır və vasitəçi dövlətdir, biz erməniləri atmayacağıq” fikrinə cavab olaraq qeyd edib ki, bu hansı məntiqdir, burada açıq-aşkar tərəf var, tərəf tutan dövlət necə vasitəçi ola bilər!?: “O, bu təfəkkürlə dövlət başçısıdır!? Təəssüf... Deyir ki, “biz erməniləri atmayacağıq”. Bu, məlumdur, hər zaman belə olub, hətta müharibə dövründə də. Amma nəticə ortadadır. Artıq Azərbaycan öz torpaqlarını Makronun yanında olduğu təcavüzkarlardan təmizləyib. Bundan sonra da öz ərazilərini işğalçılardan qoruyacaq. Bir sözlə, Makronun bu cür yanaşmalarını Ermənistanla Azərbaycan arasında münasibətlərin düzəlməsinə, sülh danışıqlarına əngəl hesab edirəm və bu kimi siyasətçilərin belə davranışlarını pozucu və dağıdıcı qiymətləndirirəm”.