Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Maarifçiliyin inkişafı məqsədilə Azərbaycanın klassik və müasir ədəbiyyatının təbliği” adlı layihəsinin fəaliyyət planına uyğun olaraq 12 sentyabr 2023-cü il tarixində Bakı şəhərində, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycanın tanınmış yazıçısı, görkəmli publisist, ictimai xadim Seyfəddin Dağlının yenicə nəşr olunmuş “Gəcil qapısı” romanının təqdimat mərasimi keçirilib
Seyfəddin Dağlı zəngin ədəbi-bədii irsi ilə ədəbiyyat tariximizdə silinməz iz qoyan təkrarsız simalardan biridir. Yazıçı 1921-ci il avqustun 27-də qədim Xızı kəndində anadan olmuşdur. Körpə ikən ailəsi ilə Bakıya köçən yazıçı Bakıdakı 5 nömrəli yeddiillik məktəbi və N.Nərimanov adına Sənaye Texnikumunu bitirmiş, hələ texnikumda tələbə olarkən, 1936-cı ildə "Kommunist" qəzeti redaksiyasında işə girmişdir. Sonralar burada ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində çalışmış, 1941-ci ildə Sovet Ordusu sıralarında Böyük Vətən Müharibəsində iştirak etmişdir. 1952-1956-cı illərdə Moskvada Lenin adına hərbi-siyasi Akademiyanın redaktorluq fakültəsində təhsil almışdır. S.Dağlı 1956-1959-cu illərdə Bakı Televiziya studiyasında baş redaktor, direktor, Radio və Televiziya verilişləri Komitəsi sədrinin müavini vəzifəsində çalışmış, uzun illər, 1959-1976-cı illərdə "Kirpi" siyası satira jurnalının baş redaktoru işləmişdir. Onun ədəbi irsi çox zəngin və əhatəlidir.
Ədəbi fəaliyyətə qəzetçiliklə başlayan yazıçı 1944-1946-cı illərdə Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetində əməkdaşlıq etmişdir. Bu baxımdan ədibin yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusu yer tutur. Yazıçı neçə-neçə hekayəsini, “Gəcil qapısı” romanını bu soydaşlarımızın həyatına həsr edib. Kitabda Arazın o tayındakı qardaş və bacılarımızın ağır həyatından, onların mürəkkəb taleyi, çətin güzəranı və mübarizə yollarından bəhs edilib. Xüsusən də qadınların və azyaşlı uşaqların istismarı, mənəvi və fiziki zorakılığa məruz qalmaları, zavallı insanların hüquqsuzluğu fonunda məmur və polis özbaşınalığının baş alıb getməsi ürək ağrısı ilə təsvir olunub.Əsərdə Küşvərin simasında minlərlə gənc qızın əzablar içində yaşamağa məhkum olduğu bir cəmiyyətin eybəcərliklərini göstərməyə çalışan yazıçı Təbrizdə eşitdiyi dəhşətli bir həyat hekayəsini qələmə alıb.
AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, f.ü.e.d, professor Asif Rüstəmli, İnstitutun “Cənubi Azərbaycan” şöbəsinin müdiri, f.ü.e.d., professor Rəhim Əliyev, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, f.ü.f.d. Firudin Qurbansoy, C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov, Dövlət Tərcümə Mərkəzinin əməkdaşları, redaktor-tərcüməçilər İlqar Əlfioğlu, Bəhlul Abbasov, yazıçı Nəriman Əbdülrəhmanlı və digər ziyalılar ədibin həyat və yaradıcılığı haqda geniş, əhatəli çıxışlar etdilər.
Tədbirdə həmçinin ziyalılar, tanınmış elm və mədəniyyət xadimləri, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun , M.Füzuli adına Əlyazmaları İnstitutunun alimləri, Bakı Dövlət Universitetinin və İdarəçilik Akademiyasının müəllim və tələbələri, muzey və kitabxana işçiləri, QHT sədrləri və KİV nümayəndələri də iştirak etdilər.