Sinif yoldaşını bıçaqlayan qız məktəbə gəlib - Valideynlər arasında NARAZILIQ

Gəncə şəhərində sinif yoldaşına bıçaqla xəsarət yetirən qızın yenidən məktəbə gəlməsi valideynlərin narazılığına səbəb olub. Hazırda valideynlər məktəbə gələrək şagirdin məktəbi tərk etməsini istəyirlər. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb:

“Həmin məktəbli cinayəti törətməkdə şübhəli şəxs kimi tanınıb. Daha sonra şübhəli şəxs yetkinlik yaşına çatmadığına görə barəsində “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilib və ailəsinə iltizam əsasında təhvil verilib. Hazırda müvafiq araşdırmalar davam etdirilir”.