Şirvanda tədbir

Xalqımızın Ümummili lideri Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə hər il 31 mart Azərbaycanlıların soyqırımı günü kimi respublikamızda dövlət səviyyəsində qeyd edilir. Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər planına uyğun olaraq soyqırıma məruz qalmış günahsız insanların xatirəsini yad etmək, uzun illər obyektiv qiymətini almamış tariximizin təhrif edilmiş qanlı səhifələrinə yenidən nəzər salmaq məqsədilə Şirvan şəhərində 31 mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, YAP Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, Mərkəzi İcra Hakimiyyəti orqanlarının regional təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar öncə Şirvan “Şəhidlər xiyabanı”nı ziyarət edib, Birinci Qarabağ müharibəsində itkin düşənlərin şərəfinə ucalan abidənin və şəhid məzarlarının önünə tər gül dəstələri düzüblər.

Sonra “Şəhid anası” memorial abidə kompleksinin önündə 31 mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib. Öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, 31-Mart azərbaycanlıların soyqırımı faciəsi qurbanlarının və ümumilikdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükut və ehtiramla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək 31 mart-Azərbaycanlıların soyqırımı gününün respublikamızın bütün bölgələrində olduğu kimi Şirvan şəhərində də silsilə tədbirlərlə qeyd edildiyini, keçirilən tədbirlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, faciələr və soyqırımların real faktlar əsasında gənc nəslə, geniş ictimaiyyətə çatdırıldığını bildirib. Erməni daşnaklarının Azərbaycan xalqına, türk dünyasına qarşı 200 ilə yaxın dövrü əhatə edən soyqırım siyasəti haqqında məlumat verib. Təkcə 1918-ci ilin mart ayında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda və digər ərazilərdə ümumilikdə 50 mindən çox azərbaycanlının xüsusi amansızlıqla, o dövrə qədər görünməyən işgəncələrlə qətlə yetirildiyini, on minlərlə insanın yurd-yuvasından didərgin salındığnı, yüzlərlə kəndlərimizin yandırılaraq xarabalığa cevrildiyinı, memarlıq incilərinin, məktəblərin, xəstəxanaların, məscid və digər abidələrin dağıdıldığını söyləyib. Xarici havadarlarının köməyi ilə tarixi torpaqlarımız hesabına ərazilərini genişləndirən ermənilər tərəfindən xalqımızın təkcə ötən əsrdə 4 dəfə soyqırıma və deportasiyaya məruz qaldığını xatırladıb. Böyük Ermənistan” yaratmaq xülyalarını daha da gücləndirən və azğınlaşan ermənilərin 1988-ci ildə daha böyük iddia ilə azərbaycanlılara qarşı təcavüzə başlamasından, Sumqayıt hadisələrindən, 20 Yanvar, Xocalı faciələrindən bəhs edib. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım, deportasiya və hərbi təcavüz nəticəsində 1 milyondan artıq azərbaycanlının öz tarixi torpaqlarından qovularaq məcburi qaçqın və köçkün həyatı yaşamağa məhkum olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra 1918-ci ilin mart qırğınlarına dövlət səviyyəsində siyasi qiymət verildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin, ermənilərin ərazi iddialarının, azərbaycanlılara qarşı törətdikləri soyqırımların miqyasının dünya ictimaiyyətinə çatdırılması üçün geniş tədbirlər həyata keçirildiyini vurğulayıb. Aparılan düzgün dövlət siyasətinin nəticəsində, iqtisadiyyatımızın və ordumuzun müdafiə qüdrətinin güclənməsi sayəsində 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun başladığı 44 günlük Vətən müharibəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyulduğunu və ölkəmizin ərazi bütövlüyü bərpa edildiyini diqqətə çatdırıb. Tarixi Qələbənin əldə olunmasından bütün xalqımızın qürur hissi keçirdiyini və buna görə şəhidlərimizə minnətdar olduğumuzu qeyd edib. Soyqırım qurbanlarına və bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib.

Millət vəkili İltizam Yusifov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan şəhər 1 nömrəli məktəb-liseyin tarix müəllimi Elnur Novruzov tarix boyu xalqımızın başına gətirilən müsibətlərdən və faciələrdən dərs çıxararaq, onların yaddaşlara həkk olunmasının və bir daha baş verməməsi üçün ayıq-sayıqlığımızın, mübarizliyimizin və həmrəyliyimizin qorunmasının vacibliyini qeyd ediblər. Ərazi bütövlüyümüzün, müstəqilliyimizin, suverenliyimizin daimi, əbədi olmasını arzulayıblar.

Sonra Şirvan şəhər 1 nömrəli məktəb-liseyin şagirdləri ədəbi-bədii kompazisiya ilə çıxış edib.