Siyasi sabitliyin Heydər Əliyev qarantı

Tarix və şəxsiyyət. Bu iki amil biri birini tamamlayan məfhumdur. Şəxsiyyətlər tarixin formalaşmasında rol oynadığı kimi, tarix də şəxsiyyətlərin çətin anda xalqını, millətini, dövlətini qorumasında mühüm rol oynayır. Azərbaycan tarixinin yetişdirdiyi şəxsiyyətlərin də zaman-zaman tarixi prosesləri dəyişmək, xalqı qardaş qırğınından xilas etmək, dövləti parçalanmadan qorumaq kimi çətin və məsuliyyətli missiyaları olub. Bu baxımdan ümumilli lider Heydər Əliyevin keçdiyi yola nəzər salanda aydın olur ki, dövrün çətinliklərinə baxmayaraq heç nədən və heç kimdən qorxmayaraq sinəsini önə verərək Azərbaycanın var olması, çiçəklənməsi yönündə qətiyyətli siyasət nəticəsində bugün Azərbaycanımız inkişaf edir. Ümumilli lider Heydər Əliyev siyasi sabitliyin təminatçısı kimi cızdığı yol nəticəsində o zaman dövlət büdcəsi tam formalaşmayan, ordu quruculuğu demək olar ki, olmayan Azərbaycan Ermənistanla uzun müddətli atəşkəsə nail oldu. Bu siyasi gedişin bəhrəsini isə biz 30 ildən sonra gördük. Belə ki, aradan keçən müddət ərzində ümumilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Cənab Ali Baş Komandan ordu quruculuğunda mütərəqqi addımlar atdı. Dövlət büdcəsindən Orduya ayrılan vəsaitlərin həcminin ildən-ilə artması nəticəsində həm nizami ordu quruldu, həm ordumuzun maddi-texniki bazası möhkəmləndi. Bununla yanaşı Azərbaycanın iqtisadi qüdrəti və vətəndaşalrın sosial rifah halının yaxşılaşdırılması, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli siyasi sabitliyin təməl daşıdır. Bəli, əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi sabitlik nəticəsində bu gün uğurla davam etdirilir. Bakı artıq nəinki region, o cümlədən dünya ölkələri üçün sabit paytaxta çevrilib. Təsadüfi deyil ki, ötən müddət ərzində ABŞ və Rusiyanın səlahiyyətli nümayəndələrinin Bakıda görüşü keçirildi. Bununla yanaşı Ukrayna Prezidenti Rusiya ilə Ukrayna arasında baş verən gərgin münasibətlərin həlli üçün görüş təklif etdiyi şəhərlər arasında Bakının da adı var idi.

Aparılan araşdırmalar da onu deməyə əsas verir ki, ölkəmizdə olan siyasi sabitlik, bu istiqamətdə həyata keçirilən siyasət Azərbaycanla yanaşı region ölkələrinin o cümlədən dünya birliyinin arzuladığı proses çərçivəsində baş verir. Region üçün böyük təhlükə hesab olunan Erməni vandallarının ram edilməsi, regionda yeni dəhlizin fəaliyyətə başlaması, infrastruktur layihələrinin həyata keçirilməsi də siyasi sabitlikdən qaynaqlanır.

2022-ci ilin “Şuşa ili” kimi qeyd olunması, Şuşa şəhərində həyata keçirilən "Xarıbülbül" Musiqi Festivalında Heydər Əliyevin dilindən səsləndirilən "Arzu edirəm ki, sizinlə birlikdə Şuşaya gedək! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür! Hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir! Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir! Şuşa hamı üçün əzizdir! Təkcə Şuşa yox, Laçın da bizim üçün əzizdir, biz heç vaxt Laçın dağlarısız yaşaya bilmərik! Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, İstisuyu, biz onlarsız yaşaya bilmərik, təsəvür edə bilmərik!" sözləri dinləyən cənab İlham Əliyevin kövrələrək göz yaşlarını saxlaya bilməməsi məhz mənəvi bağlılığın təzahürüdür.

Ümummilli lider Heydər Əliyev hər bir azərbaycanlının qəlbində daim yaşayacaq. Heydər Əliyev şəxsiyyətini Birinci vitse-prezident Mehriban Əliyeva da yüksək qiymətləndirmişdir: "Heydər Əliyev 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran vətəndaş, şəxsiyyət, liderdir".

Heydər Əliyevin ideyaları və böyük siyasəti xalqımızın gələcəyinin təməlidir! İnanırıq ki, Heydər Əliyevin ruhu şaddır! Ona görə ki, onun yarımçıq qalmış arzularını gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu gələcəyə doğru inamla addımlayır.


Mətanət Səfərli
YAP Nəsimi rayon təşkilatının əməkdaşı