Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb

Fikrət Rzayev,
ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru,
əməkdar müəllim, professor


Azərbaycanın digər bölgələrində olduğu kimi, Gəncə şəhərində də son illər bir çox infrastruktur layihələri reallaşdırılıb.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara səfərləri həmişə məhsuldar olub, yeni-yeni obyektlərin açılışı, eləcə də təməllərinin qoyulması ilə yadda qalıb. Dövlət başçısının Gəncəyə bugünlərdə baş tutan səfəri də istisna təşkil etmədi. Prezident İlham Əliyevin Gəncəyə budəfəki səfəri zamanı bir sıra mühüm obyektlərin açılışını etməsi də Azərbaycanın bu strateji bölgəsinin daim diqqət mərkəzindı saxlanılmasından, dinamik inkişafına böyük qayğı ilə yanaşılmasından xəbər verir.
Dövlət başçısı yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsindəGəncə Dövlət Dram Teatrının yeni binasının açılışında iştirak etdi, Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış oldu. Ölkə rəhbəri “Azərbaycan Dəmir Yolları” QSC-nin Gəncədəki lokomotiv deposunun istismara verilməsi mərasimində iştirak etdi, 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını etdi, Gəncə Memorial Kompleksinin təməlini qoydu.

Ölkə rəhbəri səfər çərçivəsində Gəncə Memorial Kompleksinin təməlini də qoyub.Gəncə Memorial Kompleksinin təməlqoyma mərasimində vurğulanıb ki, münaqişə bölgəsindən kilometrlərlə kənar ərazilərin qadağan olunmuş kaset bombalarla hədəfə alınması nə beynəlxalq hüquqa, o cümlədən Ermənistanın 1993-cü ildə ratifikasiya etdiyi Cenevrə konvensiyalarına və onların əlavə protokollarına, nə müharibənin əxlaq kodeksinə, nə də ümumiyyətlə, heç bir mənəvi müstəviyə uyğun deyildi. Azərbaycan isə müharibənin ilk günündən heç bir halda mülki əhaliyə atəş açmır, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir, qisası döyüş meydanında alırdı.Dövlətimizin başçısı səfər çərçivəsində AZƏRTAC-a müsahibəsindəGəncədə təməlini qoyduğu təqribən dörd hektarda yaradılacaq Memorial Kompleksin ərazisindəki dağıdılmış bütün binaların olduğu kimi saxlanılacağını bildirib.

Gəncə şəhərdə elektrik enerjisi təchizatı yüksək səviyyədə reallaşıb, enerji istehsalı gücü 220 meqavat olan 10 yarımstansiya yenidən tikilib və əsaslı təmir edilib. Eyni zamanda, qazlaşdırma sahəsində də uğurlu nəticə əldə olunub. Yaxın gələcəkdə icrasının yekunlaşacağı nəzərdə tutulan içməli su layihəsinin gerçəkləşdirilməsi istiqamətində də xeyli iş görülüb. Bu çox maliyyətutumlu layihədir, təqribən 800 milyon manat dəyərində. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Hazırda bu layihənin icrası 42 faiz səviyyəsindədir. Bütün bunlarla bərabər, yol infrastrukturunun müasirləşdirilməsi də diqqət mərkəzində saxlanılıb, Gəncəyə gedən yollar müasir standartlara uyğun şəkildə bərpa olunub. Bakı–Gəncə avtomobil yolunun, eləcə də Gəncə–Qazax–Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Həmçinin şəhərdən Bakıya qədər dəmir yolu xətti də tam modernləşdirilib. Hazırda paytaxtdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürət qatarları işləyir. Həmin qatarlar vaxt və rahatlıq baxımından olduqca əlverişlidir.

Dünyada hər bir xalqın gündəliyində təhsil hər zaman önəmli mövqeyə malik olub. Azərbaycanda da bu məsələyə istər Ulu Öndər Heydər Əliyev, istərsə də dövlətimizin başçısı İlham Əliyev tərəfindən daim prioritet istiqamət kimi yanaşılıb. Bu yöndə lazımi vacib məsələlər yüksək səviyyədə icra edilib. Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Tələbələrin sosial şəraitinin yaxşılaşdırılması da unudulmayıb. Məsələn, Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib.

Ölkə Prezidentinin Gəncədə dediyi sözlər də bir daha göstərir ki, biz müharibədən çıxan ölkə olsaq da, əsas gücümüz ermənilər tərəfindən dağıdılmış kənd və qəsəbələrin yenidən qurulmasına yönəlsə də heç bir sosial sahə yaddan çıxmır, nəzərdə tutulan bütün layihələr uğurla icra olunur.