
Tədbirin əvvəlində Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov çıxışında deyib ki, 1992-ci ildə Ermənistan tərəfindən törədilən Xocalı soyqırımı bütün azərbaycanlılara qarşı cinayət idi: "Bu, müdafiəsiz, dinc insanların amansızlıqla kütləvi qətli idi". E.Eyyubov xatırladıb ki, "Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə beynəlxalq ictimaiyyətin bu faciə haqqında məlumatlılığının artırılması məqsədilə başlayıb. Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin rəhbəri xanım Mari-Letisiya Qordin qeyd edib ki, "Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın 100-dən artıq ölkəsində tədbirlər təşkil olunub.
Onun sözlərinə görə, Strasburqda keçirilən tədbir həm də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində girov götürülən Dilqəm Əsgərova və Şahbaz Quliyevə həsr edilib.