“Su problemindən ən çox qadınlar əziyyət çəkir” - Yenilənib

“Dünyada təmiz suya əlçatanlıq böyük problemdir. Bu problemdən də ən çox qadınlar əziyyət çəkir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. 

O bildirib ki, sudan səmərəli istifadə yalnız qadınlara məxsus bir hal deyil: “Bu bərabərsizliyi aradan qaldırmaq niyyətindəyik. Ölkəmizdə təmiz suya əlçatanlığın artması üçün bir sıra işlər görülür. Bu, çox vacib ictimai məsələdir. Ailədə suyun əsas tənzimləyicisi olan qadınlar artıq dövlət qurumlarında suyun idarə edilməsində və bu haqda qərar verilməsində daha aktiv iştirak edirlər. Məqsədimiz bütün vətəndaşların su ehtiyatlarından bərabər faydalanmasıdır”.

***

“Su həyat mənbəyidir və onun ədalətli şəkildə paylanılması da xüsusi əhəmiyyət kəsb edir. Keçmiş zamanlarda suya ehtiyacı ödəmək, onu toplamaq, səmərəli istifadə etmək daha çox qadınların üzərinə düşüb:”.

Bunu konfransda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, COP29 Təşkilat Komitəsinin üzvü Bahar Muradova deyib.

O bildirib ki, qadınların su resurslarının idarə olunmasına cəlb edilməsi ümumi işə müsbət təsir göstərə bilər: “Bunun üçün xüsusi proqramlar hazırlanıb işlənilməlidir. Biz gender yanaşmaları əsas götürülən mütəxəssis hazırlığından danışmalıyıq. Elmi-tədqiqat işlərində də gender bərabərliyinin təmin edilməsi vacib əhəmiyyət daşıyır”.

***

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini müvəqqəti icra edən Nasar Hayatın sözlərinə görə, aparılan təcrübələr göstərir ki, iqlim dəyişikliyi, daşqınlar, quraqlıq, dəniz səviyyəsinin qalxması suyla bağlı ekosistemə mühüm təsir edir. O bildirib ki, qadınlar suyla bağlı təsirə daha çox məruz qalırlar. Bu, onların suya çıxışına daha böyük təsir göstərir: “Azərbaycanda evlərə, ailələrə suyu daşımaq qadınların üzərinə düşür. Bu, vaxt aparan prosesdir. Qadınlar çiyinlərində su daşımaqla yanaşı, ailəsinin, uşaqlarının qayğısına qalırlar. Ancaq su resurslarının idarə edilməsində az təmsil olunurlar. Qadınların bərabər şəkidə su resurslarına çıxışını təmin etmək üçün onlar qərarverici prosesdə də iştirak etməlidir. 

Azərbaycanda su azlığı çox böyük təhlükədir. Çünki ölkənin 40 faizə yaxın resursu daxildə formalaşır, bu da onun su resurslarının az olduğunu göstərir. Qadınların su təhlükəsizliyində təmsilçilik rolunu artırmalıyıq. Bunun üçün dayanıqlı su idarəçiliyi metodlarını nəzərdən keçirməliyik”.