Sülhə doğru mühüm addım

Martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə yüksək səviyyəli nümayəndələrin iştirakı bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir.

70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının toplandığı Bakıdakı Zirvə görüşü COVID-19-un qarşısının alınması və digər bəşəri problemlərin həlli yollarının araşdırılıb tapılması üçün ideal və son dərəcə uğurlu tribuna idi.

Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.

Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün sözügedən məlumat bazasına istinad edib.

Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.

Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib.

2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək. Son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir;

Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi bir daha nümayiş etdirmiş, Azərbaycan Qoşulmama Hərəkatı 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərmişdir.

Cari ilin mart ayının 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Tədbirdə iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında bildirdi ki, Azərbaycan həmçinin Hərəkatın institusional inkişafına güclü dəstək verir. Ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. 2022-ci ilin iyulunda isə Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Qərara alınıb ki, təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.

Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir.

Bu gün bütün dünya yeni düzən formalaşması prosesinin bir çox arzuolunmaz tendensiyalarla müşahidə olunduğunun şahididir. Xüsusilə son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və bu, dünyada mövcud olan multilateralizmi ciddi təhlükə altında qoyur. Öz çıxışında bu məsələyə də toxunan cənab Prezident İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinin aşınmasının yeni təhdidlər yaratdığını qeyd etdi. Həmçinin dövlətimizin başçısı dünyada getdikcə daha çox tətbiq olunan ikili standartlar siyasəti barədə danışaraq bildirdi ki, son illər suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır.

Dünyada uzun illərdir müzakirə olunan mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun.

BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamalı və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməlidir. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəstəklənməlidir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün 2020-ci ildə hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalması faktı özü də BMT Təhlükəsizlik Şurasının səmərəsizliyindən xəbər verir. Məsələ bundadır ki, bu qurumun bəzi qətnamələri bir neçə günün içində icra olunurlar. Lakin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. Cənab Prezident İlham Əliyev öz çıxışında bu məsələyə toxunaraq bildirdi ki, 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etməsi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etməsi BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə baş vermiş hadisə idi.

Zirvə görüşündə dünyanın təhlükəsiz gələcəyi naminə aparılan müzakirələr, səsləndirilən çağırışlar, irəli sürülən təkliflər bir daha Qoşulmama Hərəkatının qlobal əhəmiyyətini açıqladı. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı hazırda Azərbaycanın sədrliyi ilə özünün ən uğurlu dövrünü yaşayır.

Beləliklə, Azərbaycan Qoşulmama Hərəkatının dünyada gedən proseslərə təsiri baxımından önəmini artırmağa hesablanmış təşəbbüslər irəli sürməkdə davam edir.

Allahverdi Həsənli

Xətai rayon, Əhmədli bələdiyyəsinin sədri