Şuşa Bəyannaməsi – Qardaşlığın müttəfiqlik zirvəsi

Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 günlük müharibənin nəticəsində 30 ildir işğal altında olan torpaqlarımızı azad etmiş, dövlətimizin ərazi bütövlüyünü bərpa edərək bu zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazdırmışdır. Bu tarixi  zəfər bizim 30 illik hərsətimizə son qoymaqla yanaşı, həm də qardaş Türkiyə Respublikası ilə dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə səbəb olmuşdur.

Vətən müharibəsində qələbənin qazanılmasında qardaş Türkiyənin əvəzolunmaz dəstəyi vardır. Müharibənin ilk saatlarından Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın tək olmadığını, Türkiyənin dövlətimizin yanında olduğunu bildirməsi, qardaş dövlətin dünya ictimaiyyətini Ermənistan-Azərbaycan münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməyə çağırması, ikili standartların yaratdığı problemləri aradan qaldırmağa çalışması, rəsmi Ankaranın təcavüzkar dövlətlə sərhədlərini bağlaması ilə Türkiyə Azərbaycanın mövqeyini təkcə sözdə yox, həm də əməli işdə dəstəkləyən bir dövlət olduğunu bir daha ortaya  qoymuşdur.

Elə bütün bunların nəticəsidir ki, cənab Prezidentin işğal olunmuş torpaqlarda qəbul etdiyi ilk xarici qonaq Türkiyə Prezidenti olmuşdur. İki dost və qardaş ölkə Azərbaycan üçün çox mühüm əhəmiyyət daşıyan bir tarixdə - Milli Qurtuluş Günündə, 1921- ci il 13 oktyabr tarixində imzalanmış Qars müqaviləsinə sadiq olduqlarını təsdiq edərək, 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni rəhbər tutaraq, 2021-  ci ilin 15 iyun tarixində , doğma Şuşada “Azərbaycan Respulikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalamışdır. Müstəsna tarixi, strateji  və siyasi əhəmiyyətə malik olan , iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Bəyannamədə xalqlarımızın böyük liderləri Ulu öndər Heydər Əliyevin “ Bir millət, iki dövlət” və  Mustafa Kamal Atatürkün “ Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri öz əksini tapmışdır. 
Bəyannamə hər iki ölkənin ümumi maraqlarını qoruyaraq,  Azərbaycan və Türkiyə əlaqələrinin demək olar ki, bütün sahələrini əhatə edir. Sözsüz ki, ən mühüm məqam hərbi müttəfiqlik və milli təhlükəsizlik məsələlərində əməkdaşlıqla bağlıdır.

Bu məqamda 2010-cu il avqustun 16-da “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” imzalanmış Müqaviləni xatırlamaq lazımdır. Belə ki, bu müqavilədə tərəflərin hərbi-siyasi və təhlükəsizlik məsələlərində,  eləcə də qonşu və qardaş dövlətlər olaraq bir-birinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunmasında və qorunmasında bir-biri ilə sıx əməkdaşlıq edəcəyi öz əksini tapmışdır. Bütün bu müddəalar Bəyannamənin möhkəm hüquqi bazaya əsaslandığını göstərir. Hərbi yardım baradəki müddəalar da daxil olmaqlaq  hər iki ölkənin parlamentində təsdiq edilərək  həmin dövlətlərarası müqavilənin hərbi – siyasi və təhlükəsizlik məsələlərinə dair 1-ci, 2-ci və 3-cü maddələrində öz əksini tapmışdır. Bütün bu fikirlərin  Şuşa Bəyannaməsinin müddəalarında yenidən ifadə olunması  Ermənistan başda olmaqla dünya ictimaiyyəti, o cümlədən, regional dövlətlər üçün ciddi siyasi mesajdır. Bu siyasi mesaj onu bildirir ki, Azərbaycan təhdid və təcavüzlə qarşılaşarsa Türkiyə təkcə mənəvi-siyasi deyil, həmçinin hərbi dəstək göstərmək hüququna malikdir. 
 
Bəyannamənin bir bəndini xüsusilə qeyd etmək lazımdır: “Tərəflər Qafqaz regionununda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər” 

Bu bənddən də aydın olduğu kimi hər iki dövlət regionda sülh şəraitini təmin etməyə istiqamətlənmişdirlər.

“Şuşa Bəyannaməsi” in ölkələrin iqtisadi qüdrətini artırmağa xidmət etdiyini də xüsusi vurğulamaq lazımdır. Sözsüz ki , regionda yeni iqtisadi münasibətlərin formalaşması ilə Şuşa və ətrafındakı ərazilərin turizm imkanlarının  daha da genişlənəcəkdir. 

Bu tarixi əhəmiyyətli Bəyannamənin mühüm məqamlarından biri də tərəflərin beynəlxalq məsələlər üzrə həmrəyliyidir. Belə ki, Hazırda ölkələrimiz BMT, ATƏT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası,  İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu təşkilatlar daxil olmaqla, bir çox beynəlxalq təşkilatlarda birgə iştirak edir. Regional və beynəlxalq təhlükəsizlik məsələlərinin Türkiyə ilə ikitərəfli müzakirəsi həm də beynəlxalq məsələlər üzrə qardaş ölkə ilə həmrəyliyimizi daha da artıracaq və dövlətlərimizin üzv olduğu  beynəlxalq və regional təşkilatlar çərçivəsində  əməkdaşlığını daha da faydalı edəcəkdir.

 İşğaldan azad edilmiş torpaqlarımızda, Türkiyə-Azərbaycan bayraqlarının  birgə dalğalandığı Şuşada qardaş ölkə prezidentləri arasında imzalanan bu müttəfiqlik Bəyannaməsi əslində dünyada analoqu olamayan Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyə doğru sürətli inkişafını özündə əks etdirir. Bu Bəyannamə Azərbaycan-Türkiyə arasında əməkdaşlığı gücləndirərək ən yüksək səviyyəyə qaldırır. 

Bəyannamənin bu bəndinə xüsusi diqqət yetirmək lazımdır “Tərəflər minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər”

Bu bənddən də aydın olduğu kimi, Türkiyə işğaldan azad olunmuş ərazilərin bərpasında öz əvəzsiz dəstəyini göstərəcəyini vurğulayır. 

Elə Bəyannamənin imzalanmasından  keçən 3 il ərzində Türkiyə,   Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının  abadlaşdırılması prosesində mühüm dəstək göstərmişdir. Belə ki, azad edilmiş torpaqlarımızda yol – nəqliyyat infrastruqturunun yaradılması və bu layihələrdə Türkiyədən olan şirkətlərin fəal iştirakını xüsusi ilə vurğulamaq lazımdır. Türkiyə şirkətləri  Horadiz – Ağbənd dəmir yolunun da podratçısıdır.

Böyük geosiyasi əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin açılmasının nə dərəcədə böyük əhəmiyyətə malik olduğu “ Şuşa Bəyannaməsi” də öz əksini tapmışdır.  Bu dəhlizin  açılması həm siyasi, iqtisadi, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir. Belə ki, bu dəhlizin açılmasıyla  Cənubi Qafqaz regionunda əməkdaşlıq mühitinin təmin olunması üçün münbit şərait yaranacaq. Türk dünyasının birləşməsinə təkan veriləcək və Cənubi Qafqaz, türk dünyası və Avropa qitəsi arasında ticarət əlaqələri güclənəcək. Və beləliklə, dəhlizin Azərbaycan – Türkiyə hissələrində tranzit- nəqliyyat potensialı daha da inkişaf edəcək.

Bəyannamədə tərəflərin ticari- iqtisadi münasibətlərdə milli iqtisadiyyatların şaxələndirilməsinin rolu, perspektiv sahələrdə birgə istehsalın qurulmasının önəmi, Cənub Qaz  Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolu vurğulanır. Qarşılıqlı investisiya qoyuluşları strateji sahələrin təkmilləşdirilərək inteqrasiyanın dərinləşməsinə şərait yaradır.

Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsində  müdafiə sahəsindəki qarşılıqlı  əməkdaşlığın önəmi əks olunub. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan edib Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və  ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.

Bəyannamədə deyilir: “Tərəflər iki qardaş  ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər” 

İkinci Qarabağ müharibəsi zamanı pilotsuz uçuş aparatlarından (Bayrakdar TB2 PUA) istifadə müharibənin gedişində əhəmiyyətli rol oynamışdır. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf etməyə davam edəcəkdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi Şuşa Bəyannaməsi böyük rəmzi məna daşıyır. Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş verən  proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi və doğma Şuşada qardaş dövlət ilə tarixi əhəmiyyət daşıyan bu müqaviləni imzaladı.

Şuşa Bəyannaməsi haqqında danışarkən xüsusi vurğulayacağımız istiqamət siyahısında hazırda aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar. Belə ki, tərəflərin beynəlxalq arenada daha effektiv fəaliyyəti üçün media platforması və diaspor sahəsində birgə addımlarına ehtiyac var. Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması da deyilənlərin bariz nümunəsidir.

İyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda dövlət rəsmiləri ilə yanaşı, 40- a ysxın siyasi partiyanın rəhbərləri iştirak etmiş, tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin iştirakçılara müraciəti oxunmuşdur.

 Bir daha qeyd edək ki, iki dövlətin birlikdə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etməsi və bu sahədə ortaya çıxan problemləri həll etməsi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi üçün mühüm vasitə olacaq. 

Ziyafət Əsgərov
Milli Məclisin  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri