“Prezident İlham Əliyevin 20 ildə Azərbaycan dövləti və xalqı üçün elədiklərindən artığını biz ancaq xəyallarda arzu edə bilərik. Bundan artığını heç bir prezident, heç kəs edə bilməzdi, İlham Əliyev etdi”.
Sabahinfo.az xəbər verir ki, bu fikirləri Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov TV Müsavata verdiyi müsahibəsində bildirib.
Sabiq səhiyyə naziri qeyd edib ki, siyasi dialoq çox vacib məsələdir: “Bəzi partiyalar siyasi dialoqdan qaçırlar. Hər şeyə yox deyirlər. Bizim bəzi müxalif qüvvələri - onlara radikallıqmı deyim, inadkarlıqmı deyim, bəzən heç bilmirlər İlham Əliyev nə istəyir, nə deyir. Sadəcə yox deyirlər, bəyənmirlər. Bu gün kimdən, hardan nə tapşırıq alıblarsa, birmənalı qışqırırlar ki, Azərbaycan ordusu hərəkət etməməlidir, Xankəndiyə dəymək olmaz. Bu kimin tapşırığıdır, kimin istəyidir?! Sən istəmirsən biz Xankəndini nəzarətə götürək, bu necə yanaşmadır?”
Ə.İnsanov vurğulayıb ki, kim hakimiyyətə gəlmək istəyir və düşünürsə, Prezident İlham Əliyevin gördüyü işləri qaralamaqla buna nail olacaq, yanılır: “Prezident İlham Əliyev hələ uzun müddət Azərbaycana rəhbərlik edəcək. Siz istəyirsiniz "nə istəsək edə bilərik?", bəlkə düşünürsünüz camaatın maaşı 5 min olmalıdır? Xeyr, bu gün biz müharibə vəziyyətindəyik. Müharibə bizdən böyük xərclər tələb edir”.
Müxalifətə “Qardaşlar, siz nə qədər istefa qışqıracaqsınız?”, “Yorulmadınız?”, “Bu 30 ildə nəyə lazım oldunuz?” kimi suallar ünvanlayan HƏP sədri əlavə edib ki, bu proseslərdən çıxdıqdan sonra müxalifət olmaq olar: “Bu çətin dövrdən çıxaq, sonra hamımız müxalifət olarıq. Heç olmasa susun, Prezident İlham Əliyev işini görsün, Azərbaycanın problemləri həll olsun, mən də sizə əl qaldıracam ki, müxalifətçiliyə davam edin”.