Dünya miqyaslı dörd nəhəng səyyah klubundan birinin - “Most Traveled People” (MTP) səyahət klubunun rəhbəri də daxil olmaqla 35 nəfərlik geniş heyətin iyulun 25-də Qarabağa səfəri başlayıb.
Sabahinfo.az xəbər verir ki, dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluqda yer alan Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi heyətin səfərinə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıblar. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.
Bu klubun üzvlərinin işğaldan azad edilmiş ərazilərə dördüncü səfəridir. MTP daha əvvəl Qarabağa və Şərqi Zəngəzura üç dəfə səfər edib. Vətən müharibəsindən ötən dörd il ərzində isə 50-ə yaxın ölkədən 400-dək beynəlxalq səyahətçi böyük qruplarla Qarabağa və Şərqi Zəngəzura 10 dəfə səfər edib. Bugünkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir.
Həmin səfərlər azad edilmiş ərazilərdəki böyük dağıntılar və aparılan nəhəng quruculuq-bərpa işləri ilə yerində tanış olmağa imkan yaratmaqla, reallıqların dünyaya nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Beynəlxalq səyyahların sosial mediada dünyanın ən müxtəlif bölgələrindən xeyli sayda izləyici ordusu var.
MTP səyahət klubunun təsisçisi və rəhbəri, amerikalı səyyah Çarlz Vili bir neçə gün əvvəl “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda da iştirak edib. O, həmin forumda “feyk nyus”ları ifşa etməkdə beynəlxalq səyahətçilərin rolunu vurğulayıb, bir sıra xarici media orqanlarında Qarabağ barədə təqdim olunan saxta məlumatlarla yerində gördükləri arasında kəskin fərqi izah edib.
Klubun budəfəki səfəri üç gün davam edəcək. Heyətin Qarabağa səfəri Füzulidən başlayıb. Bu gün beynəlxalq səyahətçilər Xocavənddə, Şuşada, Xankəndidə və Ağdamda olacaq. Sabah isə onlar Şərqi Zəngəzura səfər edəcək. Səfərin sonuncu günündə isə heyət Zəngilanda və Cəbrayılda olacaq.