2020-ci ilədək 18 may tarixini hüznlə qarşılayırdıq. Çünki Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu 1992-ci ilin bu günü Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İllərlə Laçın həsrətilə yaşayan xalqımız, nəhayət, ötən il işğala son qoyaraq Qarabağı azad görmək arzusuna çatdı.
1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı birləşmələri tərəfindən zəbt edilməsi on gün sonra Laçının düşmən tapdağı altına düşməsini asanlaşdırmışdı. Nəticədə, on minlərlə günahsız insan, rayonun dinc sakinləri öz dədə-baba torpağından qovuldular. Strateji əhəmiyyətli Laçın dəhlizinin erməni hərbçilərinin əlinə keçməsi, rayonun işğalı Ermənistanın Birinci Qarabağ müharibəsinin gedişində öz çirkin məqsədlərinin qısa zamanda reallaşdırmasına geniş imkanlar yaratmış oldu. Beləliklə, Laçının ardınca Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və sonda Zəngilan Ermənistan ordusunun nəzarəti altına keçdi. Qarabağın və ümumilikdə Azərbaycanın dilbər guşələrindən olan, Ermənistanla sərhədimizin əsas qapısı sayılan Laçın 28 il işğalçıların tapdağı altında qaldı.
İşğal dövründə ermənilər ərazisi 1835 kvadratkilometr olan Laçındakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evini talan və məhv ediblər. 28 il ərzində 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb. İctimai və şəxsi təsərrüfatlardakı 25 min baş iri və 200 min başdan çox davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı qarət edilib.
İşğaladək zəngin təbii sərvətlərə, əsrarəngiz gözəlliyə və bol su ehtiyatlarına malik olan rayonun ərazisində Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar, zəngin meşələr, yaylaqlar olub. Erməni vandalları bu illər ərzində əksər bulaqları bərbad hala salıb,meşələri məhv ediblər. İşğalçıların hətta Kəlbəcərlə bərabər Laçını təhvil verərkən buradan ağacları necə məhv edib daşımalarının görüntüləri ötən il xarici mediada baş xəbərə çevrilmişdi.
Bundan başqa, Laçın ərazisindəki 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), əhəngdaşı, Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, həmçinin Quşçu pemza, Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, əqiq, 2 əlvan bəzək daşı, 3 vulkan külü və Minkənd mineral su yataqları da 28 il ermənilər tərəfindən talan edilib.
Laçın rayonunda yerləşən tarixi, mədəniyyət və memarlıq abidələri, o cümlədən Ağoğlan məbədi (IX əsr), Dəmrovlu Pir Məbədi (XI əsr), Cicimli kəndində Məlik Əjdər türbəsi (XII əsr), Kar Künbəz türbəsi (XVII), Soltanlar kəndində Həmzə Soltan sarayı (1761-ci il), Quşçu kəndində Pir (XII-XIII əsrlər), Uşaq qalası (XV əsr), Şəlvə kəndində məbəd, Mirik kəndi ərazisində qala (XV əsr), Qaranlıq kaha, Bayqara mağaraları, Zeyvə kəndində Soltanbaba türbəsi, Güləbird kəndində Sultanbud məbədi, Minkənd kəndində Alban kilsəsi, X-XIX əsrlərə aid ikitağlı və birtağlı körpülər, Seyidlər kəndində birtağlı körpü (XIX əsr), Pircahan körpüsü, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, dəmir və tunc dövrünə aid kurqanlar, qəbiristanlıqlar və onlarla digər məbədlər uzun illər erməni vəhşiliyinin qurbanına çevrilib.
Artıq Laçın azaddır, öz əzəli sahibinə qayıdıb. 28 ildən sonra, 2020-ci ildə tarix yazan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu işğalçıları Laçından qovaraq bütünlükdə Qarabağı düşmən əsarətindən qurtarıb. 74 min nəfərdən çox laçınlı 28 il idi ki, respublikanın 59 şəhər və rayonunda məcburi köçkün həyatı yaşayırdı.
İllər keçdi, 44 günlük Vətən müharibəsində biabırçı məğlubiyyətlə üzləşən Ermənistan ağ bayraq qaldıraraq təslim oldu, İrəvan kapitulyasiyaya imza ataraq Ağdam, Kəlbəcər və Laçını Azərbaycana qaytarmağa məcbur qaldı. Nəticədə təkcə laçınlılar deyil, bütün Azərbaycan xalqının Laçın niskili, yurd həsrətinə son qoyuldu.
Həqiqətən də ötən il 21-ci əsrin müharibəsini aparan ordumuz bütünlükdə Qarabağı düşmən əsarətindən qurtarmaqla Azərbaycanın adını dünya tarixinə qızıl hərflərlə yazmış oldu. Biz nəinki döyüşlərlə Şuşanı, Qarabağ ətrafında olan rayon və şəhərlərimizi işğaldan azad etdik, Azərbaycan Ermənistanı acı məğlubiyyətə uğradaraq İrəvana kapitulyasiya aktına imza atdırdı. Ağdam, Kəlbəcər kimi Laçın da bir güllə atılmadan azad edildi, hərbi-siyasi qələbəmiz sayəsində tarixi ədalət bərpa oldu.
İndi güclü, qalib xalq olaraq fəxrlə əzəmətli, qədim yurdumuzu necə dəyişib cənnətə çevriləcəyini müzakirə edirik. Hazırda qarşımızda duran ən ali missiya Qarabağın digər ərazilərində olduğu kimi dədə-babalarımızın bizə əmanəti olan Laçını da dirçəltmək, bu gözəl guşəmizin əvvəlki görkəmini özünə qaytarmaqdır.
Əminə Ağazadə
Milli Məclisin deputatı