Tənəzzüldən tərəqqiyə

Azərbaycan xalqı böyük qürur və fəxarət hissi ilə bu il müəllifi Ümummilli Liderimiz Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Əminliklə deyə bilərik ki, mühüm tarixi əhəmiyyətə malik olan bu Sərəncam tarixi Zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda, Milli Konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əsaslı rol oynayacaq.

Qeyd etmək istəyirəm ki, bir əsrdə iki dəfə müstəqillik qazanan Azərbaycan adını tarixə uğurlu, güclü və qalib dövlət kimi yazdırmağa müvəffəq olub. Bu, təbii ki, təsadüfən baş verməyib. Güclü və nüfuzlu Azərbaycan reallığını şərtləndirən əsas amillər qətiyyətli liderin milli maraqlara əsaslanan strateji fəaliyyəti, xalq-iqtidar birliyi və milli həmrəylik olub. Fərəh hissi ilə qeyd etmək istəyirəm ki, anadan olmasının 102-ci ildönümü tamam olan Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etmişdir.Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir.

XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan dövləti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Əlbəttə, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Xüsusilə də, müdrik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixə həkk olunub. Azərbaycanda uğurlu dövlət quruculuğu həyata keçirilib, bütün sahələrdə köklü islahatlar aparılıb, ölkəmizin beynəlxalq əlaqələri inkişaf etdirilib, dünyada mövqeyi möhkəmlənib.

Bildiyiniz kimi Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından məharətlə çıxararaq qoruyub saxlamışdır. Müstəqil Respublikamızın ilk Konstitusiyası Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəridir.

Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanıb. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilib. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapıb.

Xalqımız həm də ona görə xoşbəxtdir ki, Heydər Əliyev ideyaları yaşayır, Onun siyasəti layiqli varisi və alternativsiz siyasətinin uğurlu davamçısı tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Prezident İlham Əliyevin siyasəti milli maraqlara əsaslanmaqla və müasir çağırışlara adekvat olmaqla yanaşı, həm də çoxşaxəlidir. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Dövlətin iqtisadi gücünün, siyasi nüfuzunun artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması və digər məsələlər ölkə rəhbərinin siyasətinin əsas istiqamətlərini təşkil edir.

Bu strateji kurs nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlər qazanır, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız ən yüksək zirvələrdə əzəmətlə və qürurla dalğalanır. Bu gün Azərbaycan xalqı haqlı olaraq öz qalib, güclü və nüfuzlu dövləti ilə fəxr edir. Çünki Azərbaycan çoxəsrlik dövlətçilik tarixinin ən qüdrətli dövrünü yaşayır, ardıcıl və möhtəşəm nailiyyətlər qazanaraq yeni strateji zirvələr fəth edir.

Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə - dövlətimizin başçısı İlham Əliyevə tam güvənir! Bu, Heydər Əliyev ideyalarının təntənəsi olmaqla yanaşı, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi, xalq-lider birliyinin və milli həmrəyliyin göstəricisidir.

Bütün bunlar qəti əminlik yaradır ki, nə qədər Azərbaycan milləti və dövləti var dünya miqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xatırlanacaq, onun parlaq siması qədirbilən insanların qəlbində yaşayacaq, əziz və unudulmaz xatirəsi hər zaman xüsusi ehtiramla anılacaqdır.

Siyavuş Novruzov

Milli Məclisin deputatı