Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsi xalqımız tərəfindən hər zaman uca tutulur, özlərinə əbədiyyət heykəli ucaldaraq şəhid adını qazananlar hər zaman xalqımızın qəhrəmanlıq tarixində yaşayacaq və xatırlanacaq.
14 oktyabr 2024-cü ildə iki şəhidimizin: Məmmədov Murad Əzizulla oğlu və Hüseynov Kərim Tərlan oğlunun anım mərasimləri keçirilib. Mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Aparatının əməkdaşları, şəhidlərimizin ailə üzvləri və din xadimləri iştirak ediblər.
Mərasim iştirakçıları tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirələri ehtiramla yad edilib. Daha sonra İmamqulukənd və Piral kəndlərində şəhid ailələrini ziyarət edib, ehsan süfrələrində iştirak ediblər.
Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Məmmədov Murad Əzizulla oğlu 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 12-də şəhid olub. Ölümündən sonra “Laçının azad olunmasına görə medalı”,“Vətən uğrunda medal” , “Suqovuşanın azad olunmasına görə medalı” ilə təltif olunub.
Azərbaycan Ordusunun giziri olmuş Hüseynov Kərim Tərlan oğlu II Qarabağ müharibəsi zamanı oktyabrın 14-də şəhid olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə medalı”, “Vətən uğrunda medal”, “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!