TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürüdür ŞƏRH

Son illər dünyada türk dövlətlərinin inteqrasiya prosesinin sürətlənməsi açıq müşahidə olunur. Bir çox dairələri, antitürk mövqeyində olan dövlətləri, siyasi gücləri narahat edən bu birlik əslində heç bir kənar qüvvəyə, hansısa ölkəyə, ittifaqa qarşı yönəlməyib. İyunun 6-da Bakıda TÜRKPA-nın növbəti plenar iclasının keçirilməsi, Prezident İlham Əliyevin iştirakçıları qəbulu zamanı etdiyi çıxış olduqca ciddi siyasi əhəmiyyət kəsb edirdi və çıxışda bir sıra vacib məqamlara toxunuldu. Bir qayda olaraq TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürüdür və Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Azərbaycanın xarici siyasətinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Heç kəsə sirr deyil ki, Türk dünyasının inteqrasiyası ilə bağlı əsas təşəbbüslər Azərbaycan və Türkiyədən gəlir. Qardaş ölkələr bu prosesdə aparıcı rol oynayırlar. Azərbaycanın da iştirakçısı olduğu Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri türk dövlətlərinin daha sıx əməkdaşlığına stimul verir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.

O qeyd edib ki, Azərbaycan hazırda Zəngəzur dəhlizinin açılması üçün diplomatik və siyasi cəhdlərini davam etdirir. Bu dəhliz açılarsa, türk dövlətləri bir-biri ilə maneəsiz kommunikasiya əlaqələri quracaq, türk dünyası daha da güclənəcək. Zəngəzur dəhlizinin, yaxud İrandan keçməsi planlaşdırılan yeni yolun açılması türk dövlətləri arasında əlaqələri daha da gücləndirəcək. Azərbaycan Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevriləcək.

Azərbaycanın son illər türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu deyən deputat bildirib: “Azərbaycanın türk dövlətləri ilə iqtisadi əlaqələrində nəqliyyat və logistika sahəsi aparıcı yerlərdən birini tutur. Hazırda Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan Türkiyə və Avropa bazarları istiqamətində yüklərin ən sərfəli daşınma marşrutları məhz Azərbaycandan keçir. Son illər ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə etdiyi çoxsaylı səfərlər, həmin ölkələrin rəhbərlərinin Azərbaycana səfərləri ölkələrimiz arasında əlaqələrin möhkəmləndiyinin bariz göstəricisidir. Hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlar yaranıb və Azərbaycan bu zəncirdə böyük əhəmiyyətə malikdir”.

İltizam Yusifov qeyd edib ki, türk dövlətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında yaxından iştirak edirlər. Azad edilmiş torpaqlarda Özbəkistan və Qazaxıstanın təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb binası və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bir məktəb binasının təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonunda isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb binası inşa ediləcək. Azad edilmiş torpaqlarda icra olunan layihələrin podratçılarının əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Bu da Türk dünyasının birliyinin göstəricisidir.

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Sürətli və davamlı təmaslara ehtiyacın artması nəzərə alınaraq Zirvə görüşlərinin sayının artırılması zərurəti yaranıb. Çünki hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşünün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. İqlim məsələləri bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcək”, - deyən deputat fikirlərini yekunlaşdırıb.