Kənd Təsərrüfatı Nazirliyi Ucar rayonunda iribuynuzlu heyvanların müəmmalı şəkildə tələf olması ilə bağlı açıqlama verib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən gün Ucar rayonunun Yuxarı Şilyan kəndində sakinlərə məxsus heyvanların tələf olunması ilə bağlı nazirliyin əməkdaşları və özəl baytarlar hadisə yerinə gediblər:
“23 heyvanın tələf olduğu müəyyən edilib. Digərlər heyvanlara ilkin tibbi yardım göstərilib. Onlardan səkkizi tam sağalıb, altısı isə nəzarət altındadır. Tələf olan heyvanlardan nümunə götürülüb və laboratoriyaya verilib.
İlkin ehtimala görə, onların ölümü hər hansı xəstəlikdən deyil, su mənbəsindən zəhərlənmədir. Analizlər tam təsdiq olunduqdan sonra zəhərlənmənin əsl səbəbi məlum olacaq”.
Nazirlikdən əlavə edilib ki, su mənbəyindən də analizlər götürülüb:
“Tələf olan heyvanlar basdırılıb və ərazi dezinfeksiya edilib”.