UEFA əvvəlki kimi 2020-ci il Avropa çempionatını 12 stadionda keçirməyi hədəfləyir.
Bu barədə “The Independent” məlumat yayıb.
Nəşrə danışan mənbə bildirir ki, UEFA turniri keçirməyə hazır olduğunu bildirən 12 təşkilatçı-şəhərlə əlaqə saxlayır.
Futbol qurumu hazırda stadionları doldurmaq üçün dörd əsas variantı nəzərdən keçirir: tam şəkildə, 75 faiz, 50 faiz və ya 25 faiz tamaşaçının iştirakı.
Xatırladaq ki, AVRO-2020-nin keçirilməsi pandemiya səbəbindən bir il təxirə salınıb. Paytaxt Bakı AVRO-2020-nin təşkilatçı şəhərlərindən biridir. Çempionatın 4 oyununu qəbul edəcək Bakı Olimpiya Stadionu 68,7 min tamaşaçı tutumludur.