Ümummilli Liderin xatirəsi qəlbimizdə əbədi yaşayacaq

Tarixdə ölkəsinin ən çətin anlarında həyatları bahasına olsa belə dövləti qoruyub saxlayan böyük şəxsiyyətlər olmuşdur. Onların sırasında Heydər Əliyev şəxsiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Heydər Əliyev XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş liderdir. Bütün varlığı ilə dövlətini, xalqını sevən, onun inkişafı və gələcəyi üçün heç bir çətinlikdən çəkinməyən Ulu Öndər ötən 18 ildə bu sözlərin böyük həqiqət olduğunu sübuta yetirdi. Başqa bir reallıq, bəlkə də həqiqət ondan ibarətdir ki, Heydər Əliyevin anım gününün qeyd edilməsi Azərbaycanda insanları birləşdirmək gücünə malik olan dövlətçilik ənənəsinə çevrilib. Bu, həm də onun dövləti və xalqı qarşısında misilsiz xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir. O, həmişə deyirdi ki, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, “Nə qədər Azərbaycan var, mən də olacağam!”. Bu fikirlər onun həyat fəlsəfəsi idi. Hər bir addımında, hər bir qərarında Azərbaycan üçün, onun inkişafı və gələcəyi üçün çalışırdı. Bütün həyatını bu müqəddəs məqsədə həsr etmişdi. Onun zəngin irsini araşdırarkən bir nəticəyə gəlmək olur - sözün əsl mənasında - Vətəndaş! Bütün dünyada layiqli hörmət, nüfuz qazanmış görkəmli dövlət xadimi xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmışdır.

Bu fikirlər Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovanın azərbaycanlı olma fəxrini yaşayan və yaşadan ümummilli lider və ya müstəqil Azərbaycan naminə mübarizə aparan dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ümummilli Liderin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqil dövlət olması üçün real təməllər qoyulurdu. Sovetlər dönəmində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə yeniləşmə illəri kimi daxil olub. Məhz onun müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl ölkəyə çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində, Azərbaycanın intibah dövrü idi və o zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı. Xüsusilə o dövrdə, “sovet ideologiyası”nın əsas olduğu bir zamanda, Heydər Əliyev “milli ideologiyanın”, “azərbaycançılığın” formalaşması istiqamətində iş aparırdı. Bu isə müstəqil dövlət qurmaq üçün mühüm amil idi. O, həmişə bir prinsipi əsas götürürdü: “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. Hələ sovet dövründə Azərbaycan tarixi, mədəni irsinin yaşadılması üçün tanınmış alimlərin, tarixi şəxsiyyətlərin, yazıçı və şairlərin, bəstəkar və incəsənət xadimlərinin ev muzeyləri yaradılır, abidələr qoyulur, məqbərələr tikilirdi.

Azərbaycan xalqı haqlı olaraq Ümummilli Lideri xilaskar adlandırıb. 1993-cü ildə onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan xilas oldu. Ulu Öndər deyirdi: “Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun, ərazi bütövlüyümüz təmin edilsin, Azərbaycan müharibə şəraitindən çıxa bilsin”. Strateji məqsədlərə çatmaq üçün ölkəyə Ulu Öndərin uzaqgörənliyi lazım idi. Qısa bir zamanda, lakin çox mürəkkəb danışıqlar və görüşlər nəticəsində Azərbaycanın iqtisadi inkişafına və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı. İqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. Ulu Öndər dəfələrlə demişdi ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Ordu quruculuğu işləri daha da möhkəmləndirildi. Bu siyasəti daha da gücləndirən Prezident, Ali Baş Komandan İlham Əliyev elə bir Ordu yaratdı ki, 30 illik erməni işğalına 44 gündə son qoydu.

Müstəqilliyin ilk illərində mühüm qanunvericilik aktlarının qəbul olmasına baxmayaraq, Milli Məclisin fəaliyyəti xaotik idi. Bura sanki müxtəlif siyasi qrupların çəkişmə meydanına çevrilmişdi. Lakin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin səyi nəticəsində, qanunvericilik sahəsində də böyük islahatlar aparıldı. Onun sivil dövlət quruculuğu ideyalarını yaşadan Milli Məclis bu işdə Prezident İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir. Xüsusilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi mühüm tarixi hadisə oldu.

Bu hadisələrə bir də tarixi rakursdan baxsaq görərik ki, Ulu Öndər vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti zamanı başlanan və yarımçıq qalan ideyaları bir-birinin ardınca reallığa çevirirdi. Tarixi varislik prinsiplərini əsas götürməklə, bir çox mühüm siyasi, tarixi, strateji, iqtisadi əhəmiyyət kəsb edən məsələləri yenidən canlandırdı. Nümunələr saysızdır. Ordu quruculuğu, Azərbaycan dili, iqtisadiyyatda, diplomatiyada, insan hüquq və azadlıqlarının qorunmasında, dövlət atributlarının təbliğ olunmasında biz bu varisliyi görə bilərik. Tək bir faktı misal gətirməklə, fikrimi əsaslandırmaq istərdim. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir. Bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu. Bu yolda heç bir çətinlikdən qorxub çəkinmədi. Bunu kim edə bilər? Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan lider! O, təkcə öz ölkəsində deyil, bütün dünyada layiqli hörmət və nüfuz qazanmış görkəmli dövlət xadimidir. O deyirdi: “Mənim əsas silahım sözdür”. Bu silah sayəsində Ulu Öndər insanlara özlərinə güvənməyi öyrətdi və xalqı inandırdı ki, Azərbaycanın gələcəyi də, onun iqtisadiyyatı və mədəniyyəti də öz əlindədir. Heydər Əliyevin sülhməramlı daxili və xarici siyasəti nəticəsində və xalqımızın haqq səsini dünya xalqlarına çatdırdığı üçün bu gün Azərbaycan tanınır.

Ulu Öndərin qadın və uşaq hüquqlarının qorunması sahəsində gördüyü işlər xüsusilə qeyd olunmalıdır. Baxmayaraq ki, çətin bir dövr idi, O, qadın və uşaq hüquqları ilə bağlı bütün zəruri beynəlxalq konvensiyalara qoşulmaq üçün çağırışlar edirdi. BMT Uşaq Fondunun və Əhali Fondunun, eləcə də digər qurumların Azərbaycanla əməkdaşlığına şərait yaradırdı. Bu, nə üçün lazım idi? İnformasiya blokadası vəziyyətində olan bir ölkə üçün bundan yaxşı fürsət ola bilməzdi. 1995-ci ildə Azərbaycan qadınları Pekin Konfransında çıxış edərək ilk dəfə ölkəmizin qaçqın və məcburi köçkün qadın və uşaqlarının vəziyyətini yüksək tribunadan səsləndirdilər. Bu, tarixi şans idi. Bundan əlavə qəbul edilmiş fəaliyyət planında 12 istiqamətdən biri kimi, qadın və qaçqınlıq, məcburi köçkünlük məsələsi məhz Azərbaycan qadın nümayəndə heyəti tərəfindən təklif edildi və yekdilliklə qəbul olundu.

Məlum olduğu kimi, müasir dövrdə qadınların kişilərlə bərabər hüquqa malik olması, yüksək dövlət vəzifələrində çalışması, lider olması, təhsil alması olduqca vacibdir. Əks təqdirdə qadının idarəetmədə çalışması mümkün deyil. Ulu öndər Heydər Əliyev hər zaman çalışırdı ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusilə kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərə diqqəti artırırdı.

Ümummilli lider Heydər Əliyevin "Azərbaycanda qadınların rolunun artırılması", “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” imzaladığı sərəncamlar qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Bu siyasəti davam etdirərək 2006-cı ildə Prezident İlham Əliyev “Gender - kişi və qadınların bərabərliyi təminatları haqqında” regionda analoqu olmayan çox mühüm Qanun imzaladı. Qanuna əsasən Azərbaycan qadınları çox geniş hüquqi təminatlar əldə etdilər. Bu, kişi və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. 2010-cu ildə isə daha bir cəsarətli addım atılaraq “Qadınlara qarşı məişət zorakılığının aradan qaldırılması” haqqında Qanunu təsdiqləməklə qadın hüquqlarının müdafiəsi sahəsində mühüm mərhələnin əsasını qoydu. Xüsusilə qeyd etmək lazımdır ki, bu Qanunun qəbul olunmasında respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın danılmaz rolu vardır. Ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edərək deyirdi: “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. O, ailələrin rifahının yüksəldilməsi, onun bir sosial təsisat kimi qorunması və müdafiə edilməsi üçün çox mühüm addımlar atmışdı. Uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur. Müstəqillik illərində ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu Öndər deyirdi: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaq.

Azərbaycan naminə yaşayan, mübarizə aparan bu görkəmli insan üçün ən vacib məsələ Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən torpaqlarımızın işğal olunması idi. O deyirdi: “Torpağımızın hər bir qarışının itməsi bizim üçün dəhşətlidir, ... düşmən tapdağı altında qalması bizim üçün ağır dərddir, böyük bir faciədir. Lakin dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik”. Qarabağla yanaşı, onun daha bir mühüm strateji məqsədi var idi: bu Zəngəzur idi. Torpaqlarımızın işğal olunması, insanların öz doğma Vətənlərində məcburi köçkün düşməsinə baxmayaraq, Ulu Öndər Zəngəzur sözünü işlədirdi. Bu, onun uzaqgörənliyi idi. 29 il bundan əvvəl “Zəngəzur” İctimai Birliyi yaranır, onun ilk sədri Kamran Hüseynov olur. Bu gün Zəngəzur artıq reallığa çevrilir. Bu gün onun əziz ruhu şaddır, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi. İlham Əliyev həm güclü Prezident, Müzəffər Ali Baş Komandan, ata vəsiyyətinə sadiq oğul kimi həm xalqına, həm də atasına verdiyi sözü yerinə yetirdi.

Hansı sahəyə baxsaq, orada Ulu Öndərin atdığı təməli görəcəyik. Bu möhkəm əsaslar son 18 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndirilib. Məhz bu siyasətin nəticəsində Azərbaycanın iqtisadiyyatı, insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlib, ölkənin hərbi qüdrəti güclənib. Azərbaycanın müasirləşməsi, yeniləşməsi baş verib, şəhər və kəndlərin siması kökündən dəyişib. Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur, onun parlaq gələcəyinə hamı inanır. Vətən müharibəsindən bir il keçməsinə baxmayaraq, bu gün azad olunmuş ərazilərdə yol, nəqliyyat, enerji və digər sosial infrastruktur qurulur, artıq Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, “ağıllı kənd”, “ağıllı şəhər”lər salınır, yaşıl iqtisadiyyat konsepsiyasına uyğun layihələrə başlanılıb. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur yenidən canlanır, tezliklə insanlar öz doğma yurdlarına qayıdacaqlar. Bütün bunlar bir daha ölkəmizin iqtisadi imkanlarından, dövlətimizin başçısının güclü iradəsindən xəbər verir. Ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə qərar tutması insanların qürur mənbəyinə çevrilib.

Biz hər birimiz fəxr edirik ki, bu gün Ulu Öndərin yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daha da gücləndirirlər. Onların bu fəaliyyəti Heydər Əliyev ənənələrinə, irsinə sədaqəti bir daha təsdiqləyir. Tarix belə dahiləri tək-tək yetirir. Bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır.