Ümummilli Qələbəyə layiq Zəfər Qurultayı

Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin qurulması və təkmilləşdirilməsi, birgə fəaliyyətin təmin olunması şübhəsiz ki, ölkəmizin xarici siyasətinin əsas istiqamətindən biridir.

Müstəqilliyimizin ilk illərində bu vacib, həyati əhəmiyyətli sahəyə dövlət dəstəyinin artırılması, Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması qərara alınsa da, təəssüf ki, sonradan diaspor quruculuğu prosesi unudularaq diqqətdən kənarda qaldı. Yalnız ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu sahədə canlanma yarandı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O bildirib ki, ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə diaspor quruculuğu prosesi geniş vüsət aldı, Azərbaycanla xaricdə yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin təmin olunması istiqamətində fəal işlər görüldü. Ulu Öndərin tarixi Sərəncamına uyğun olaraq təşkilatlanma və diaspor quruculuğunu inkişaf etdirmək məqsədilə 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Ümummilli Liderin əməyi nəticəsində xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və diaspor quruculuğu işi formalaşdı, hədəflər müəyyənləşdi. Beləliklə, ölkəmizdə ulu öndər Heydər Əliyevin düzgün strategiyası sayəsində diasporumuzun formalaşmasında sürətlənmə prosesi başlandı, birlik təmin olundu.

Sonrakı illərdə Prezident İlham Əliyev bu strategiyaya sadiq qalaraq səmərəliliyin artırılması istiqamətində mühüm addımlar atdı. Dövlətimizin başçısının rəhbərliyi ilə Bakıda Dünya Azərbaycanlılarının 2-ci, 3-cü və 4-cu qurultayları keçirilib. Bu da əsaslı şəkildə diaspor işinin güclənməsinə effektli təsir göstərib. Beləliklə, diaspor və lobbi təşkilatlarımız qlobal arenada daha genişmiqyaslı fəaliyyəti ilə arzulanan güc mərkəzi kimi beynəlxalq münasibətlərin vacib elementinə çevrildi.

“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi addım kimi rəmzi xarakter daşıyır. Mədəniyyətimizin beşiyi olan bu şəhərin dünya azərbaycanlılarını birləşdirən məkan kimi seçilməsi nə qədər qürurverici olsa da, bir o qədər də kövrək duyğular oyadır. Çünki 30 il xalqımız və dünyanın hər tərəfində yaşayan soydaşlarımız Azərbaycanın bu tarixi incisinə həsrət qalmışdı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Ordumuzun şücaəti ilə biz Şuşanı azad edərək tarix yazdıq.

Bu gün digər bir şərəfli tariximizə də şahidlik edirik. Prezident İlham Əliyev Şuşa şəhərində, Dünya Azərbaycanlıların V Qurultayında nitq söyləyir. Bu, Prezident İlham Əliyevin dünya azərbaycanlılarının siyasi lideri və müstəqillik tariximizdə ilk dəfə ərazi birliyimizi bərpa edən qalib Sərkərdə kimi dünyaya həm də bir Azərbaycan mesajıdır”, - deyə deputat qeyd edib.

Rəşad Mahmudov bildirib ki, dövlətimizin başçısı çıxışında Şuşada olmağımızın, burada Zəfər Qurultayının keçirilməsinin qəhrəman övladlarımızın tarix, xalq və Vətən qarşısında misilsiz xidmətləri sayəsində mümkün oldugunu bildirərək, müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərin bu tarixi hadisəni, Qələbəni Azərbaycan xalqına bəxş etdiyini vurğulayıb. Prezident daha sonra dünyaya 30 il davam edən mənasız danışıqlar əvəzinə Azərbaycan xalqının öz gücünü ortaya qoyduğunu, ədaləti, beynəlxalq hüququ bərpa etdiyini və heç vaxt işğalla barışmayacağını göstərdi.

“Qarabağ münaqişəsinin həllinin başlıca vəzifəsi olduğunu bildirən dövlətimizin başçısı Prezident seçildiyi ilk gündən indiyədək bu məsələnin fəaliyyətinin əsas hissəsi olduğunu diqqətə çatdırdı və qeyd etdi ki, münaqişə dövründə Minsk qrupu faktiki olaraq heç bir nəticə əldə edə bilmədi. Əslində, Minsk qrupu işğalı əbədiləşdirmək üçün yaradılmışdı. Çünki bu təsisatın həmsədr ölkələrində erməni lobbi qruplarının təsiri və ikili yanaşması 28 il onun fəaliyyətini nəticəsiz etmişdi.

Bizim üçün isə torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi və biz bunu bacardıq”, - deyə R.Mahmudov vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, dünya Azərbaycanlılarının əvvəlki qurultaylarında çıxışı zamanı dönə-dönə işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun tarixi torpaqlarımızı azad edəcəyini bildirən dövlətimizin başçısı vədinə sadiq Prezident kimi bu gün Zəfər Qalasında qalib ölkənin Baş Sərkərdəsi kimi dünya azərbaycanlılarının önündə idi. Bu, həm də onu bildirirdi ki, xalqımızın və rəhbərimizin böyüklüyü qarşısında heç kim duruş gətirə bilməz. Çünki biz haqlı tərəfik, siyasətimiz ədalət prinsipləri üzərində qurulub. Bizim tarixi Qələbəmizdə dünya azərbaycanlılarının təsiri də əvəzsiz oldu. Xarici diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin beynəlxalq arenada yayılması istiqamətdə əvəzsiz xidmətlər göstərərək, Vətənə bağlılıqlarını nümayiş etdirdilər və bu, diqqətçəkən nümunə oldu.

“Dövlətimizin başçısı çıxışında xaricdə yaşayan azərbaycanlıların öz tarixi Vətəni ilə sıx bağlılıqlarının vacibliyini bildirərək, qeyd etdi ki, onlar ilk növbədə, Azərbaycan dilini bilməli və yaşatmalıdırlar. Belə bir amilin əsas olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bunun birləşmə prosesi üçün daha effektli olacağını da xatırlatdı.

Bir sözlə, Zəfər Qurultayı həm ictimai, həm siyasi, həm də mənəvi baxımdan tək dövlətçilik tarixi üçün deyil, eyni zamanda, Azərbaycan xalqının taleyində yeni səhifə açaraq dünyaya qədim və şərəfli keçmişə malik bir xalqın birlik və həmrəylik kontekstində gücünü göstərmiş oldu.

Şübhəsiz, ümummilli Qələbəyə layiq Zəfər Qurultayı regionun lider ölkəsi olan Azərbaycanın qlobal arenada mövqelərinin daha da güclənməsinə müsbət təsir edəcək”, - deyən Rəşad Mahmudov fikirlərini yekunlaşdırıb.