Ürəyimiz Şuşa ilə döyünür

Vətən müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Bu Zəfər hər bir azərbaycanlının Zəfəri oldu. Dünya dövlətləri Azərbaycanın dövlət kimi, ordusunun ordu kimi güclü olduğuna əmin oldu. Bu, təkcə Azərbaycan vətəndaşlarını deyil, xaricdə yaşayan azərbaycanlıları da qürurlandırırdı. Zəfər kimi bu qürur da tariixi qürur oldu.
 2001-ci ildə böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə Bakıda dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Bu qurultay azərbaycançılığın məfkurə kimi formalaşması baxımından olduqca dəyərli idi. Azərbycançılıq ideologiyası hər bir azərbaycanlının dünyaduyumunun mahiyyətini müəyyənləşdirdi. Qurultayda Ulu Öndərin rəhbərliyi ilə xaricdə yaşayan azərbaycanlıalrın diaspor kimi formalaşmasının, fəaliyyətinin istiqamətləri müəyyənləşdirildi ki, bu da dünyəvi siyasətdə səmərəsini göstərdi, göstərir, göstərəcək də.
 Bu ilin aprel ayının 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinin  paytaxtı elan etdiyi Şuşada dünya azərbycanlılarının beşinci qurulyatı keçirildi. Bu qurultayın məhz Şuşada keçirilməsi azərbaycançılıq ideologiyasının bəşəriliyinin təsdiqidir, Vətən müharibəsində qazanılan Zəfərə sevginin təsdiqidir, Zəfəri qazananlara ehtiramın təsdiqidir.  Qurultayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qurultay iştirakçılarına xitabən dedi ki, “Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır...”. Bu baxımdan qurultay iştirakçıları da, ictimaiyyət də, azərbaycanı sevənlər də dünya azərbaycanlılarının beşinci qurultayını son illərin ən yaddaqalan hadisəsi kimi yaşayacaqlar.
 Dünya azərbaycanlılarının beşinci qurultayının niyə məhz Şuşada keçirilməsi haqqında Prezidentimiz dedi: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz-Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər”.
 Ölkə başçısı Vətən müharibəsinə qədərki siyasi və hərbi vəziyyətdən söz açaraq Vətən müharibəsində Azərbaycan əsgərinin rəşadətindən, Vətən sevgisindən, dövlətə sədaqətindən danışdı: “Müharibənin son hadisələri məhz burada - Şuşada baş vermişdir. Sıldırım qayalara dırmaşaraq bizim qəhrəman əsgərlərimiz, zabitlərimiz demək olar ki, əlbəyaxa döyüşlərdə burada topla, tankla, artilleriya ilə silahlanmış Ermənistan ordusuna qalib gəldilər...”. Bu qürurlu fikirləri tamamlayan qürur da tarixi qürurdur: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər...”.
Hər birimizin ürəyi Azərbaycanımızla döyünür.
2020-ci ilin 8 noyabrında hər birimizin ürəyi həmişə can atdığı Şuşa ilə döyünürdü... Bu gün də Şuşa ilə döyünür – Vətən müharibəsini sonlandıran qələbə ilə adaş olduğu üçün, Azərbaycan mədəniyyətinin paytaxtı olduğu üçün, dünya azərbaycanlılarının beşinci qurultayı orda keçirildiyi üçün...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı