Uzun illər, əsrlər keçməsinə baxmayaraq, Azərbaycan qadınlarının həyatı və fəaliyyəti yeni nəsillər üçün nümunəyə çevrilib

Samirə Ramazanova
ADPU-nun Azərbaycan tarixi
Kafedrasının baş müəllimi


Tariximizin bütün dövrlərində Vətəni və xalqı üçün çalışan, xeyriyyəçiliyi və xoşniyyətli əməllərini həyatının əsas amalına çevirən Azərbaycan qadınları olub. Uzun illər, əsrlər keçməsinə baxmayaraq, Azərbaycan qadınlarının həyatı və fəaliyyəti yeni nəsillər üçün nümunəyə çevrilib. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra hər sahədə olduğu kimi gender bərabərliyi yolunda da bir çox addımlar atıldı. Başlanğıcı Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayan gender bərabərliyi siyasəti müsbət nəticəsini verdi. Artıq o illərdən başlayaraq qadınlar öz hüquqlarının tam sahibinə çevriliblər və ölkə həyatının müxtəlif sferalarında təmsil olunmağa başlayıblar. Məhz bu istiqamətdə də Ümummilli liderin siyasətini layiqli səviyyədə davam etdirən Ölkə başçısı cənab İlham Əliyev qadınların ölkə həyatındakı roluna böyük önəm verib. Ölkə başçısı hakimiyyətinin ilk illərindən etibarən qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşılıb.

Azərbaycan qadınlarına xas xoşməramlı ənənələr bu gün də davam edir. Ləyaqətli, yüksək humanizmi və nəcibliyi ilə əsl Azərbaycan qadını imicini layiqincə qoruyan və yüksəklərə qaldıran ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu şəxsiyyətlərdəndir. Mehriban xanım Əliyeva hər zaman öz dəstxətti, öz yolu ilə seçilib. Onun bir qadın kimi formalaşdırdığı nəciblik və humanizm ənənələri nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiramla qarşılanır.
Diqqət və qayğısına görə Azərbaycan xalqının hörmətini qazanan Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi hər zaman çoxşaxəli olub və ölkə həyatının bütün sahələrinə nüfuz edib. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır.

Qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyeva Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, təbliği və onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılamaq məqsədilə yaradılan Heydər Əliyev Fonduna uğurla rəhbərlik edir. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.

Vətən müharibəsində qazanılan qələbəmizə qədər olan 30 illik bir dönəmdə birinci xanım bu məsələyə də biganə yanaşmayıb. Onun təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün müxtəlif dillərdə kitablar nəşr etdirib. İngilis, fransız, ərəb, alman, rus dillərində “Qarabağ həqiqətləri” bukletlər toplusu hazırlanıb. Bukletlər toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitablarından ibarətdir. Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılan bu layihə onun rəhbərliyi ilə həyata keçirilmiş uğurlu layihələrdəndir.

Göründüyü kimi, Mehriban xanım Əliyeva həm qadın, həm ana, həm də yeni tipli siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, bu, bütün Azərbaycan xalqını sevindirir.