VƏTƏN ÇAĞRISINA HAY VERMƏK ÜÇÜN ÖLÜM MƏLƏYİNDƏN MÖHLƏT İSTƏYƏN ŞAİR  

Bu gün (08.04.2025) mərhum şair Aslan Şirəlioğlunun vəfatının birinci ildönümüdür. 

Aslan Şirəli oğlu Əmikişiyev - 15 noyabr 1961-ci ildə Şəmkir rayonundakı Qasımalılar kəndində kolxozçu ailəsində doğulub.

1969-1979-cu illər Qasımalılar kənd orta məktəbini ə'la qiymətlərlə bitirib, həmin ili də Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) mexanika fakültəsinə daxil olub. 1984-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib, mühəndis-mexanik diplomuna layiq görülüb.

Bir müddət təsərrüfat sahəsində və dövlət qulluğunda çalışıb. Sonra köçdüyü Rusiya Federasiyasının Udmurt Respublikasının İjevsk şəhərində yaşayıb-yaradıb.

3 övladı yadigar qalıb.

İlk şeiri hələ orta məktəbdə oxuduğu vaxt - 1978-ci ildə "Ulduz" rayon qəzetində işıqüzü görüb. Gənclik illərində isə şeirləri respublikanın müxtəlif mətbuat orqanlarında və bir sıra ədəbi məcmuələrdə çap olunub. İki kitab müəllifidir. “Qızıl Qələm”, “Abdulla Şaiq”, “XXI əsrin ziyalısı”, "ZİRVƏ", “İlin vətənpərvər şairi” ədəbi mükafatlarının laureatıdır.
Rəhmətlik şairin poeziya yaradıcılığından bəzi nümunələri təqdim edirik:

BAŞINI DİK TUT, VƏTƏN ÇAĞIRIR!..

Məktəbə tələsən müəllimə qız,
Başını dik qaldır, vətən çağırır!
Vətənin umduğu sevgidir yalnız,
Başını dik qaldır, vətən çağırır!

Beşikdə yellənən "taxça" uşağı,
"Ninnini" axtaran "boxça" uşağı!
İnternat balası, bağça uşağı,
Başını dik qaldır, vətən çağırır!

Ey bənna, çəkici vur daşa yavaş,
El gedən yol-izə dağılmasın daş!
Sən də əlli tərpən dənizçi qardaş,
Başını dik qaldır, vətən çağırır!

Qalayçı, pinəçi, rəngsaz, sürücü,
Yalnız birlikdədir millətin gücü!
Ey bərbər, dayandır almaz ülgücü,
Başını dik qaldır, vətən çağırır!

Xəbərçi, xəbəri düz düzün üstə,
Həkim, "reseptləri" yaz dizin üstə!
İməkləyən uşaq, can verən xəstə,
Başını dik qaldır, vətən çağırır!

Ey vətən xaini, şərəfsiz insan,
Vətənə xidmətlə yüksəlir ad-san!
Bax, indi yuyacan "qanını yusan",
Başını dik qaldır, vətən çağırır!

Ey futbol oynayan, ey kəmənd atan,
Ey ruzi axtaran, ey çörək satan!
Ey toyu çalınan, əhdinə çatan,
Başını dik qaldır, vətən çağırır!

Ey vətən torpağı, ey vətən daşı,
Sevgini balanla böl və tən daşı!
Sən... Azərbaycanın sən vətəndaşı,
Başını dik qaldır, vətən çağırır!

Ey yurdsuz-yuvasız sarı bülbülüm,
Qoyma tikanlara sığınsın gülüm!
Səngiyən ocağım, soyuyan külüm,
Başını dik qaldır, vətən çağırır!

Soyuma ey tonqal, ey od, ey ocaq,
Sızlama ey qapı, ey künc, ey bucaq!
Beşiksiz ev-eşik, körpəsiz qucaq,
Başını dik qaldır, vətən çağırır!

Uduşu olmayan bir oyundur bu,
Bir gün durulacaq bu bulanmış su!
Ey gedən, ey gələn, ey yol yolçusu,
Başını dik qaldır, vətən çağırır!

Ey kankan, işini dayandıf görək,
Qazdığın bəs edər, gəl indi hörək!
Ey yağlı fəsəli, yavan duz-çörək,
Başını dik qaldır, vətən çağırır!

Qayaya söykənmiş palıd ağacı,
Çəmən qırqovulu, meşə turacı!
Bənövşəm, dünyaya baxma qıyqacı,
Başını dik qaldır, vətən çağırır!

Ey Murov, ey Xəzər, ey Kür, ey Araz,
Ey susmuş təlatüm, səngimiş ayaz!
Ey donmuş ədəb-ərk, küsmüş işvə-naz,
Başını dik qaldır, vətən çağırır!

Dəmirçi, kotançı, suçu, yer əkən,
Yollar inşa edən, binalar tikən!
Ey ərköyün uşaq, qırılsın hikkən,
Başını dik qaldır, vətən çağırır!

Canavar meşəni qıy ver, oyat sən,
Bağı yel oyatsın, dağı duman-çən!
Ey xəmir yoğuran, ey biçin biçən
Başını dik qaldır, vətən çağırır!

Mühəndis, mexanik, fəhlə, çilingər,
Əsgəri xidmətə qazılmış səngər!
Bu günkü məktəbli, sabahkı əsgər,
Başını dik qaldır, vətən çağırır!

Ey tacir, dayandır alver-bazarı,
Ey naxoş, sən də at dərdi-azarı!
Qibləm! Səcdəgahım! Şəhid məzarı,
Başını dik qaldır, vətən çağırır!

Hələ vaxtı deyil, can vermə xəstə,
Ölüm mələyindən mərhəmət istə!
Bir təhər səmtləşib dirsəyin üstə,
Başını dik qaldır, vətən çağırır!

Eşqin təcəssümü xarı bülbülüm,
Bülbülün büstünü əziz tut, gülüm!
Eşqi-məhəbbəti doğubdur zülüm,
Başını dik qaldır, vətən çağırır!

Muğamım... paklığım:- duyğu allahım,
Cəngim... döyüş marşım:- qeyrət silahım!
Şurum! Cahargahım! Yetim segahım!
Başını dik qaldır, vətən çağırır!

İgidim, ərənim, ağıllım, dəlim,
Əkinim, biçinim, kotanım, vəlim!
Ru'zim, bərəkətim, gövhərim, lə'lim,
Başını dik qaldır, vətən çağırır!

Ey cənab deputat, millət amalı,
Elin düşüncəsi, xalqın kamalı!
Günəşdən gizləmə o gül camalı,
Başını dik qaldır, vətən çağırır!

İlxısız yal-yamac, ovçusuz bərə,
Dağılmış yurd yeri, yanmış çəpərə!
Ey duman, ey çisək, ey dağ, ey dərə,
Başını dik qaldır, vətən çağırır!

Ey haqqa-divana qoyulmuş me'yar,
Əyilmiş əzəmət, çöysümüş vüqar!
Ey mənlik, ey namus, ey qeyrət, ey ar,
Başını dik qaldır, vətən çağırır!

Məndən uzaqda

Gözlərimdən necə qızın baxışı,
Od götürüb... odu məndən uzaqda!
Ürəyimi viran qoymuş gözəl də
Ev-eşikdir, odu, məndən uzaqda!

Boy-buxunumu, ərk-ədamı öyən qız!
Vücüdumu nəzəriylə yeyən qız.
Sənsiz mənə həyat yoxdur, deyən qız,
Xoşbəxt edib yandı məndən uzaqlarda!

Nadan dərdi bəhrəsini budağın,
Ahlar qopdu ağrısından bu dağın.
Mənim öpməyə qıymadığım dodağın,
Ağız büzür dadı məndən uzaqda!

Hoqqasına: - mat qalmışam fələyin
Ürəyimdə düyünləndi kələyin.
Mən Leyli tək tanıdığım mələyin,
Anacaqdır... adı məndən uzaqda!

Zülüm-zillət icindəyəm mən düzü,
Aslan gəlmir bu zillətin gündüzü.
Mənimlədir ömürün-günün bəd üzü,
İtgin düşüb şadı məndən uzaqda!


SÖKƏN OLSA

Arzuları dünya tutmaz,
Ürəkləri sökən olsa!
Bələk kimi göylər çatmaz,
Duyğuları bükən olsa!

Zay mağardı bu dünya, zay:-
Gəlişi vay, gedişi vay.
Nəfs odunu söndürməz çay,
Onu çaya tökən olsa!

Qurd yuvası qurd üçündür,
El qayğısı mərd üçündür.
Qəlb dünyamız dərd üçündür,
Könül verib, çəkən olsa!

Ana eşqi pak nigahdı,
Ata haqqdı! Bu agahdı.
Onlar yönsüz Qibləgahdı,
Qibləm... deyib, çökən olsa!

Aslan, ürək çənli yazdı,
Amma, vicdan saf saf almazdı.
İnan, bağban tapılmazdı:-
Kişiliyi əkən olsa!

Əs! Əssin Bayrağım, əs ey külək, əs,
Yalqızam... yol-izi kəs ey külək, kəs!
Boğulmuş hayqırtı, çiliklənən səs,
Başını dik qaldır, vətən çağırır!

Göynəyən fəryadım:- dağım-düyünüm,
Məqsədim, məramım, hadayım, ünüm!
Ey ağlar taleyim, ey qara günüm,
Başını dik qaldır, vətən çağırır!

Təqdim etdi: Elnarə Həziyeva