Vətən naminə qazanılan qələbələr də müqəddəsdir

6 il tarix baxımından böyük müddət deyil. Həmin 6 ili müəyyənləşdirən tarixi hadisənin mahiyyəti bu müddətin daha böyük zamanlar keçəndən sonra da xatırlanacağının zəmanəti olur. Nədir bu 6 il? – Azərbaycan Ordusunun uğurlu Aprel döyüşlərindən, o döyüşlərdə qaza¬nı¬lan qələbədən keçən müddətdir. O döyüşlər də, qazanılan qələbə də xalqımızın tarixidir.

2016-cı il Aprel döyüşləri Ermənistan hərbi birləşmələrinin, bu anlamda Ermənistan ordusunun məğlubedilməzlik mifinin puçluğunun – qondarma olmasının təsdiqinin başlanğıcı oldu. Bunu Azərbaycan Ordusu döyüşlərlə təsdiqlədi. 2016-cı il aprelin 1-dən 5-nə kimi davam edən bu döyüşlərdə Azərbaycan Ordusu neçə-neçə strateji əhəmiyyətli yüksəkliyi, 2000 hek¬tar¬dan çox ərazini işğaldan azad etdi. Xatırlayıram ki, döyüşlərin səhərisi gün Lələtəpənin ya¬xa¬sındakı qəbiristanlıqda 24 ildən sonra“Yasin” səsi eşidildi, bu səsi ruhun cana qayıdışı bildik...

2016-cı il Aprel döyüşləri Azərbaycan əsgərinin döyüş əzmini, qəlbə ruhunu kükrətdi. Aprel döyüşlərində qələbə qazananların hərbçi-vətəndaşlıq missiyasını 2020-ci ilin payızında Vətən müharibəsi iştirakçıları Zəfərlə tamamladı. Bə Zəfər Müzəffər Ali Baş Komandanın sərkərdəlik qüdrətinin Zəfəri idi, xalqın orduya inamının Zəfəri idi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşləri haqqında deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

Vətən müqəddəsdi. Vətən naminə qazanılan qələbələr də müqəddəsdir. O müqəddəs qə¬lə¬bələrin birindən 6 il keçir. Neçə-neçə 6 illər də keçəcək, ancaq həmin tarix unudulmayacaq...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı