Xalça altına süpürülən problem

Aysel  Oğuz

Bu yaxınlarda mediada yayılan bir açıqlama  diqqətimi çəkdi. Təhsil işçilərinin  birgə keçirdiyi konfransda 9-cu siniflərin buraxılış imtahanında şagirdlərin iki fənn, yəni riyaziyyat və ingilis dili  üzrə yaxşı nəticə göstərmədikləri məlum olub.Ən zəif göstəricilər Sabunçu, Qaradağ, Xəzər və Pirallahı rayonları üzrə müşahidə edilib və nazirliyin bundan sonraki fəaliyyətində məhz bu dörd rayona mövcüd problemin həlli üzrə diqqət ayrılacağı bildirilib.

Düşünürəm ki, bu iki fəndən ayağı axsaq qalan təkcə bu dörd rayon deyil, respublika məktəblərinin 95 faizidir. Nədənsə bu problem artıq bir neçə ildır ki,  sadəcə xalça altına süpürülüb  bir kənara qoyulur.

Yazıda daha çox ingilis dili fənnindən söz açacam ki, digər fəndən danışmağa oxşar aspektlər olduğu üçün ehtiyac görmürəm. Öz təcrübələrimə əsaslanaraq, bir neçə təhsil ocağında oxuyub bu nəticəyə gəldim ki,  Azərbaycanda ingilis və digər fəndən dərs deyən müəllimlərin öyrətmə metodu tamamilə yanlışdır. Bu yanlış metodika yolundan daha çox orta və yaşlı nəsil müəllimləri istifadə edir. Əgər söhbət konkret ingilis dilindən gedirsə, dili mənimsəmək üçün praktikanın olması mütləqdir.Yəni söz bazasından, qrammatikadan savayı dili mütləq praktikadan keçirib işlək vəziyyətə gətirmək lazımdı.Yəni müəllim şagirdlə onun oxuduğu sektora uyğun dildə yox, məhz tədris etdiyi, özünü "ingilis dili müəllimi" kimi təqdim etdiyi dildə danışmalıdır. Amma məsələ bununla da bitmir. Araşdırmalar göstərir ki, məktəblilərə dili və yaxud da hər hansısa bir digər fənni əyləncəli şəkildə keçildikdə, həmin şagirdin materialı qavrama qabiliyyəti qat-qat artır. Təəssüf ki, bizim bəzi müəllimlər əyləncəli dərs keçirtmək yerinə yalnız dərs boyu qışqırmaqla, kənar söhbətlər edərək 45 dəqiqəsini çox səmərəsiz şəkildə başa vurub, yola verir. Hələ verdiyi materialı öyrənməyən şagirdindən küsən müəllimləri demirəm...Əyləncə demişkən universitet illərində anladım ki, bizə 11 ildə demək olar ki, xarici dili dərsindən heç nə keçilməyib. Fərqi görün.Universitetdə oxuduğum illərdə fakültəmizdə dərs deyən müəllimlərimizin hərəsinin öz metodikası var idi və hərəsinin bizə öz faydası dəyirdi.Təbii ki, də səbirsizliklə ən çox gözlədiyimiz dərs əyləncəli keçən dərslər idi. Burada tələbəni müəllim danlamırdı, oxumağa məcbur etmirdi.Hər şeyi buraxırdı tələbənin öz öhdəsinə.Yəni, müəllim dərsin səmərəli, əyləncəli keçməsi üçün əlindən gələni edir, qalan şeyləri isə buraxırdı tələbənin öz öhdəsinə.

Oxuduğum təhsil ocaqlarında 11 il ərzində bir dəfə belə olsun ingilis dili müəllimələrin ingilis dilində danışdıqlarının  şahidi olmadım. Bu bilirsiz sanki nəyə bənzəyir?  Rus dili müəlliminin  Azərbaycan dilində dərs keçməsinə...Qəribəsi də odur ki, bütün müəllimlərin bir metodikası var idi: hansısa mənasız bir mətni ev tapşırığı kimi  əzbərlətdirmək və həmin mətndən bizə məlum olmayan sözləri soruşmaq idi. Halbuki həmin müəllimlər onu da gözdən qaçırdırdı ki, ingilis dilindən rus və ya azərbaycan dilinə sözü öyrəndikdə sözlər yadda qalmır və bunu hər zaman əksini etmək mütləq idi.

İmtahan nəticələrindən də belə görünür ki, heç kimə lazım olmayan əzbərçilik metodikası ənənəyə sadiq qalınaraq hələ də davam edir və hələ də o müəllimlər ingilis dilində əsas işlək olan 12 növ zamanı başa salıb qurtara bilmir...Məgər təhsil qurumlarında çalışan ekspertlər şagirdlərin xarici dil səviyyəsinin illərlə aşağı olmasının səbəbini açmaqda bu qədər çətinlik çəkir?