Prezident cənab İlham Əliyevin son iyirmi ildəki xarici siyasəti dəfələrlə sübut etmişdir ki, o, istənilən görüşdə, müsahibədə, qəbulda nə danışırsa, bütün fikirləri səmimidir, dediyi sözlərin hamısının üstündə durur, imzasına hörmətlə yanaşır, dost və tərəfdaşlarına yüksək səviyyədə sədaqətlidir. Bu gün Azərbaycan yürütdüyü məqsədyönlü və praqmatik xarici siyasəti ilə beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, etibarlı tərəfdaş imicini də getdikcə möhkəmləndirir, bölgədə və dünya arenasında mühüm aktorlardan birinə çevrilir. Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetini dünyanın bütün ölkələri ilə xüsusilə də sərhəd qonşuları ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək təşkil edir. Bu baxımdan, ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın getdikcə möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir.
İran və Azərbaycan xalqları İslam aləminə mənsub olan xalqlardır və əsrlər boyu bərabər yaşayıblar. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. Müasir dövrdə iki müstəqil dövlət arasındakı əməkdaşlıq əlaqələrinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib ki, bu da münasibətləri normallaşdırıb və inkişaf etdirib. Ümummilli Liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də ölkələrimiz arasında əlaqələri uğurla inkişaf etdirir. Bu gün Azərbaycan və İran dost, qardaş ölkələr, mehriban qonşulardır. Bu gün qarşılıqlı hörmətə və dostluğa əsaslanan tarixi və mədəni əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir. Bütün bunları şərtləndirən əsas amil kimi hər iki ölkənin siyasi rəhbərliyinin siyasi iradəsi xüsusilə vurğulanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il aprelin 9-da İrana səfəri zamanı tərəflər arasında bir sıra sazişlər imzalanıb.
İki ölkə arasında keçirilən bütün görüşlər və danışıqlar onu deməyə əsas verir ki, Azərbaycanla İran arasında tarixi köklərlə biri-birinə bağlı olan əlaqələr gündən-günə inkişaf etməkdədir və ölkə başçılarımızın səyi ilə bu əlaqələr daha genişmiqyaslı xarakter almaqdadır.Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. İran Azərbaycan ilə ən böyük sərhədə malik dövlətdir və qarşılıqlı əlaqələrimizin tərəflər üçün səmərəli formada davam etməsi rəsmi Bakı ilə Tehranın maraqlarına cavab verir.
Bu mənada, 28 apreldə İran prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri həm Azərbaycan, həm də Tehran üçün çox böyük əhəmiyyət kəsb edən siyasi hadisə oldu. Türk əsilli İran liderinin Bakıda olduqca isti, doğma insan kimi qarşılanması təsadüfi deyildi. Cənab Məsud Pezeşkian da özünü burada olduqca rahat, xöşbəxt hiss edirdi. O, Azərbaycanda olduğundan qürur duyduğunu, özünü Ərdəbildəki, Təbrizdəki kimi hiss etdiyini bildirdi. Pezeşkianın Bakıda ana dilimizdə danışması, dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydər babaya salam” şeirindən olduqca dərin məzmunu olan bir bəndi oxuması xüsusi diqqət cəlb etdi. Bir çox ortaq dəyərləri bölüşən İran və Azərbaycanı bir-birinə tarixi uzun illərə söykənən mədəni, dini əlaqələr bağlayır. Müəyyən dönəmlərdə ölkələrimiz arasında fikir ayrılıqları olsa da, hakim siyasi iradə bu problemlərin dərinləşməsinin qarşısını alıb. Bu mənada cənab Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri münasibətlərin gələcək kursunun müəyyənləşməsinə mühüm təsir göstərəcək. Hər iki ölkənin liderləri qarşılıqlı anlaşma nümayiş etdirərək əməkdaşlığın genişləndirilməsi və etimadın bərpası üçün ciddi cəhdlər göstərirlər.
Cənab Prezident İlham Əliyev keçirilən birgə mətbuat konfransında vurğuladı ki, hər iki tərəf əlaqələrin inkişafına çalışmalıdır və çalışır. İmzalanan sənədlər də onu göstərir ki, ölkə rəhbərlikləri bütün istiqamətlər üzrə bir-birinə daha yaxın olmağa çalışır. Məqsəd birdir. İran-Azərbaycan əlaqələrini yüksək səviyyəyə qaldırmaq. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Tarixi əlaqələrimiz yenidən bərpa olunmalı və inkişaf etdirilməlidir. Yaxın qonşuluq, eyni coğrafiyanı bölüşmək və xalqlarımız arasındakı tarixi-dini bağlar münasibətlərimizi gücləndirməyi diktə edir. Tarixin müəyyən dönəmlərində Azərbaycan-İran münasibətlərində müşahidə olunan gərginlik bu gün aradan qalxmaq üzrədir. İran rəhbərliyində təmsil olunan ayrı-ayrı güclərin arasındakı fikir ayrılıqları bəzən əlaqələrimizin lazım olan səviyyədə inkişafına mane olur. Odur ki, biz də milli maraqlarımızı əsas götürərək balansı qorumağa çalışırıq. Amma bu gün Pezeşkianın timsalında münasibətlərimizi gücləndirmək üçün yeni səhifə, imkanlar açılıb. Dialoq, qarşılıqlı hörmət və real əməkdaşlıq formatında təmaslarımızı artırmaqla regionda uzunmüddətli sabitliyi bərqərar edə bilərik.
Azərbaycanın xarici siyasətində İran İslam Respublikası ilə əlaqələr həmişə önəmli yerlərdən birini tutmuşdur. Bu isə iki qonşu və dost ölkənin əməkdaşlıq əlaqələrinin daha da dərinləşəcəyindən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyindən xəbər verir. Bu, eyni zamanda, həm xalqlarımıza, həm bölgəyə, həm də dünyaya ciddi mesajdır ki, İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır.
Şirincan MƏMMƏDLİ, Tarix müəllimi, “Tərəqqi” medalı təltifçisi