Xəstəxanalardakı sıxlığa deputatdan REAKSİYA: “Adi soyuqdəyməyə görə də müraciət edirlər”

Hazırda Azərbaycanda demək olar ki, xəstəxana və poliklinikalarda sıxlıq yaşanır. Bu sıxlığı aradan qaldırmaq üçün səhiyyə sistemində bir müddət əvvəl elektron növbənin tətbiqinə başlanıldı. Lakin, ötən dövrdə bir milyona yaxın insan E-TƏBİB tətbiqini yükləsə də bundan istədiyi qədər faydalana bilmir. Çünki elektron növbə yalnız 2 tibb müəssisəsində tətbiq edilib.

Bu da təbii ki, haqlı narazılıq və narahatlıq yaradır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli deyir ki, E-TƏBİB proqramının geniş şəkildə tətbiqi heç də asan məsələ deyil:

“Bunun üçün yeni avadanlıqlar və tətbiqlər lazımdır. Ən əsası bu proqramının geniş auditoriyada tətbiqi üçün güclü maliyyə vəsaiti gərəkdir. Bildiyim qədəri ilə Bakıdadkı “Yeni klinika”da və Abşeron rayonunda bir tibb müəssisəsində elektron növbə tətbiq edilir.

Həm lazım olan avadanlıqların, həm də lazım olan proqramların yazılmasının qiyməti kifayət qədər böyük rəqəmdir. Ona görə də bütün tibb müəssisələrində elektron növbənin tətbiqi zaman alacaq. Bəli, mən də hesab edirəm ki, bu prosesi sürətləndirmək lazımdır. Qısa zamanda proses başa çatdırılmalıdır. Amma bu ləngimənin obyektiv səbəblər var”.

Müsahibimiz hesab edir ki, tibb müəssisələrində növbə sıxlığı elektron növbə ilə aradan qalxmayacaq:

“Növbə sıxlığını azltmaq üçün ilk növbədə xidmətlərin şaxələndirilməsinə, özəl sektorun bu məsələyə daha aktiv şəkildə qoşulmasına nail olmalıyıq. İlkin tibbi xidməti gücləndirməliyik. Bəzən insanlar adi soyuqdəyməyə, hansısa xırda patologiyaya görə xəstəxanaya müraciət edirlər. Halbuki ilkin tibbi xidmətdə bu məsələ öz həllini tapa bilər. Bax, bu cür məsələlər öz həllini tapsa, həm növbə sıxlığı aradan qaldırılar, həm də elektron növbədən səmərəli istifadə edilə bilər”.