XEYİRXAHLIQ

Tanınmış iş adamı, xeyriyyəçi el ağsaqqalı Hacı Mirtaleh (Mirnazim) Ağayevin vəfatından 4 il ötür

Xeyirxahlıq maddi ölçüsündə zənginlik şərtləndirən mənəvi məziyyət, ruhani ehtiyacdır. Xeyirxahlıq qannan, iliknən, tərbiyəynən süzülüb gələn genetik yaddaşın bir qəlpəsi olaraq, təşnə insanın dodaqları gözü qurumuş bulaqdan umsuq düşdüyü kimi, hamının gözlədiyi bir mətahdır, tərifə, təhlilə, sübuta ehtiyacı olmayan bir mənəvi özünüifadə forması, davranış tövrüdür.
Xeyirxahlıq həm də yaxşılıqdır, mayası insana məhəbbətdən yoğrulmuş humanizmdir, nəciblik, mərhəmət, şəfqət və alicənablıqdır. Məhz bütün bu mənəvi dəyərləri özündə birləşdirməyi bacarmış şəxs Tanrının dərgahında kamil insan sayıla bilər.
Xeyirxahlıq barədə dünya mütəfəkkirlərinin çox qiymətli fikirləri var. Hələ məşhur ispan dramaturqu Servantes deyirdi ki, xeyirxahlıq - artığı ziyan verməyən bir əməldir.
Həzrət Əlidən (ə.s.) də bir iqtibas gətirmək yerinə düşərdi: - Dörd şeydən ikisini yadda saxlayın, ikisini unudun - deyib əleyhüssəlam. - Sizə olunan yaxşılığı unutmayın, etdiyiniz yaxşılığı yaddan çıxarın. Sizə olunmuş pisliyi unudun, etdiyinizi yaddan çıxarmayın.
Əgər birinci halda xeyirxahlıq bir nəticə, nəcib sosial akt kimi təbliğ olunursa, ikinci nöqteyi-nəzər daha çox bu hərəkətin dərin mənəvi-fəlsəfi saxlanclarından xəbər verir, təvazökarlıq, alicənablıq kimi məziyyət cizgilərini, ümumbəşəri əxlaq, etika və nəzakət normalarını təşviq edir.

XEYİRXAH OLMAQ ÜÇÜN İNSANA NƏ LAZIMDIR?

Bəziləri ilkin şərt kimi maddi imkanı göstərirlər. Müvafiq mənsəb sahibliyini də variant kimi nəzərdən keçirənlər az deyil. Millətin ac-yalavacına, qaçqın-köçkününə əl uzatmaqdan söhbət düşəndə müqəddəs Qurandan misal çəkərək - əvvəl evin içi, sonra çölü - deyən elə imkanlı adamlar görmüşük ki...
Amma düşünürük ki, xeyirxah olmaq üçün insan ilk növbədə mənən zəngin, böyük ürək sahibi olmalıdır. Elədiyi yaxşılığı ögey-doğmalıq qoymadan, təmənna-minnət gözləmədən, Allah rizasına eləməlidir.
Bu, hər bəndəyə qismət olmayan ilahi bir qabiliyyətdir. İmkanlı kəslər var ki, Tanrı onu xeyirxah olmaq səadətindən məhrum edib... çörəyi yeyilmir, suyu boğazdan keçmir, əməlinin urvatı, parasının bərəkəti bilinmir.
Haqqında esse söz açacağım mərhum iş adamı, xeyriyyəçi Hacı Mirtaleh (Mirnazim) Ağayev uca Yaradanın ona bəxş etdiyi xeyirxahlıq missiyasını sevə-sevə, qəlbən, ruhən, mənən, səxavətlə, ibadətlə, itaətlə həyata keçirən layiqli seyid övladı idi. İlahi eşq onun vücudunda deyil, qəlbində, nəfəsində, ruhunda idi. Odur ki, o, hər nə edirdisə, Allah rizası, Allah eşqinə, Allah yolunda edirdi. Dünyanı kan, axirəti məkan hesab edən bu insanın gözündə dünya malı aldadıcı, dəyərsiz, ötəri hiss idi. Allah verən halal qazancını kimsədən gizlin saxlamaz, yığmaz, öz ehtiyacından artıq olanı imkansız, yoxsul ailələrə, doğma yurd-yuvasından qaçqın-köçkün düsərək Saatlıda məskunlaşan soydaşlarımıza verər və bunun nə əvəzini umar, nə də açıq-aşkar olmasını istəməzdi. Onun səxavəti də hörmətli olardı; necə deyərlər, "sağ əlin verdiyini sol əl bilməzdi". Lakin sağ əlin verəcəyi siyahı da yetərincə idi. Bu siyahıdakı ehtiyaclı insanlara Hacı ilboyu zəkat paylar, maddi yardımlar edər, bayramlarda isə ənənəvi olaraq xüsusi ərzaq bağlamalarından ibarət sovqatlar ünvanlayardı.
Hacı Mirtalehin saleh əməlləri, xeyirxah aksiyaları təkcə bununla bitmirdi. O, həm də nəinki doğulduğu Saatlının

EL AĞSAQQALI

idi, eləcə də ətraf rayonlardan da onun ünvanına üz tutub maddi-mənəvi dəstək alan çox sayda insanlar vardı. Hacı küsənləri barışdırar, oğul evləndirənlərin qabağına düşüb elçi gedər, qız köçürənlərə xeyir-dua verər, çətinə, dara düşənlərə nüfuzundan istifadə edərək dayaq durar, köməklik göstərərdi. Hacı onu deyib, ünvanina gələnlərin heç birini naümid, əliboş geri qaytarmaz, sınan könüllərə məlhəm olardı.
Hacı Mirtaleh Ağayev sözün əsl mənasında yeyimi, geyimi, yerişi, duruşu, danışığı, davranışı, büsbütün əməlləri ilə

TƏQVA ƏHLİ İDİ

O, eyni zamanda rəhbəri olduğu müəssisələrdə çalışan kollektivin sevimlisi idi. Hər kəslə öz dilində danışar, kimsənin qəlbinə dəyməzdi
Hədislərdə təqva gözəl xasiyyətlərin başı, peyğəmbərlərin əxlaqı kimi dəyərləndirilir. Həzrət Əli (ə) təqva haqqında buyurub: "Təqvanın zahiri tərəfi dünyada insana şərəf gətirər, batini tərəfi isə axirətdə". Quranda "təqva libası" ifadəsi işlədilir: "Təqva libası daha yaxşıdır..." (Əraf, 26). Libas insana yaraşıq verir, onun eybini örtür, onu soyuqdan və təhlükədən qoruyur. Bütün bu xüsusiyyətlər simvolik mənada təqvada da vardır. Təqva insana Allah yanında dəyər qazandırır. Qurani-kərimdə Allah-təala insanları yalnız təqvalarına görə qiymətləndirdiyini açıq-aşkar bildirir: "Allah yanında ən hörmətli olanınız ən təqvalı olanınızdır" (Hücürat, 13). Təqvanın sayəsində insanın mənəvi çirkinlikləri, günahları məhv olur, bu rəzalətlər təqvalı ruhdan uzaqlaşır.
Təqva o qədər mühüm dəyərdir ki, bütün müqəddəslər öz xütbə və məktublarını təqvaya çağırışla başlayır, "sizə təqvalı olmağı tövsiyə edirəm" söyləyirdilər. Qurani-Kərimdə təqva ifadəsi imanla yanaşı işlədilir, buradan aydın olur ki, təqva möminə xas olan və möminin malik olması gərəkən keyfiyyətdir. Allah-Təala buyurur: "...Əgər möminsinizsə, Allaha münasibətdə təqvalı olun!" (Maidə, 57 və 112).
Məhz bu kimi keyfiyyətləri özündə cəmləşdirən Hacı Allah qarşısında hörmətli bəndə, cəmiyyət qarşısında imanlı ŞƏXSİYYƏT idi. Neçə yolun azmışları hidayət yoluna, dinə, imana, namaza qaytaran Hacı, ən əsası

ƏHLİ-BEYT AŞİQİ İDİ

Tövhidin, birliyin mərkəzi Əhli-Beytdir. İslamda Əhli-Beytdən başqa yol yoxdur. Əhli-Beyti sevmək Uca Allahın və onun Rəsulunun əmri, imanın gərəyi, İslamın gerçəyidir. Bütün bunları Hacı pak ruhu, təmiz əxlaqı ilə dərk edərək həyat və fəaliyyətini ömrünun sonunadək bu yola həsr etdi. Saleh əməllərinin süzgəcindən keçirdiyi nümunəvi ömrünün hər anını Hacı Allah qarşısında hesabata köklədi.
Özündən sonra böyük bir

İNSANLIQ

irsi qoyub getdi.
Hacı Mirtalehin (Mirnazimin) ocağında təqva yolunu davam etdirəcək 3 övladı-1 oglu, 2 qızı var. Hər üçü dinə-imana bağlı, ali təhsilli, elitar, dövlətə, Vətənə, cəmiyyətə fayda verə biləcək, layiqli, ixtisaslı kadrlar, eyni zamanda ən əsası Allah adamı, ibadət əhlidirlər. Hacının bu cür nümunəvi övad tərbiyə etməsinin əsasları Allaha son dərəcə qəlbən, ruhən bağlı olaraq, Təqva əhli olaraq "İslamda övladı tərbiyə etmək metodu"na söykənir. Övladlarının böyüyü Mirhaşim Ağayev ixtisasca ali təhsilli aqranomdur, atasının şirkətlərini varis olaraq idarə edir; fermer və əkinçidir.
Hacının ondan kiçik qız övladı Leyla Ağayeva pedaqoji sahəni seçib; ali təhsilli, filoloqdur. Hər il sertifikasya imtahanından uğurla keçərək, yüksək nəticə göstərib. Bakıdakı məktəblərin birində dil-ədəbiyyat müəlliməsi isləyir. Ailəlidir.
Kicik qizi Zəhra Agayeva isə Azərbaycan Tibb Universitetinin məzunudur. Yüksək ixtisaslı ürək-damar, exo həkimi kimi klinikaların birində çalışır, fəaliyyət göstərir. Subaydır.
Beləcə, 2020-ci il dekabr ayının 13-ü Karonavirus xəstəliyi nəticəsində gözlərini dünyaya əbədi yuman Hacı Mirnazim Ağayev sağlığında əkdiyi bağın barından özündən sonra gələcək nəsillərin bəhrələnməsi üçün yetərincə irs qoyub getdi. O, cismən dünyanı tərk etsə də, ruhən qəlmizdə əbədi yaşayacaq. Onun əziz xatirəsi Hacı Mirtaleh Ağayevi sevənlər tərəfindən heç zaman unudulmayacaq.
Allah rəhmət eləsin! Məkanı cənnət, ruhu şad olsun! Amin!

Bəradər Səməndərli
"Atribut qəzeti və "atributinfo.az" saytının baş redaktoru, AJB və AYB-nin üzvü