"Biz psixoloji cəhətdən ermənilərin növbəti Sumqayıt təxribatının qarşısını almağa hazırıqmı? Mən hələ ki, buna müsbət cavab verə bilmərəm. Biz qətiyyən arxayınlaşmamalıyıq, qarşımızdakı düşmən güclüdür. Onların gücü tarixi saxtalaşdırmaq və hazırlıqlı olmalarındadır". Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Sumqayıt hadisələrinin 27-ci ildönümü münasibətilə təşkil edilmiş konfransda "Azərbaycana qarşı Sumqayıt təxribatı - "Qriqoriyan işi" kitabının təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, "Azərbaycana qarşı Sumqayıt təxribatı - "Qriqoriyan işi" kitabı erməni terrorçuluğunun, işğalçılığının tarixində, onların təcavüzkar psixologiyasında çox kiçik bir epizodu ifadə edir. Əslində istər 1988-ci Sumqayıt, istər 1990-cı il Bakıdakı 20 yanvar hadisələrinin dərin tarixi kökləri var: "Uzun illərdir tarix saxtalaşdırılıb. Bizə təlqin edilib ki, Qafqazın aborigen əhalisi ermənilər və gürcülərdir, azərbaycanlılar isə vəhşi və gəlmələrdir. Bu belədirmi? Ermənilər aborigendirmi? Xeyr. Əsl həqiqət budur ki, onlar bölgəyə gəlmələrdir. Onlar "Armenia" və "erməni" adını da oğurlayıb. Onlar heç hay da deyillər. Tarixdə "Böyük Ermənistan" adlı dövlət də olmayıb. Paytaxt olaraq "Tiqranakert" adlandırdıqları şəhərin xarabalıqlarından da ermənilərə aid bircə dənə də olsun maddi-mədəniyyət abidəsi, erməni dilində yazılı kitabə tapılmayıb".
Y.Mahmudov qeyd edib ki, ermənilər yüzillər boyu planlaşdırılmış, sistemli və təşkilatlanmış şəkildə iş aparıblar: "Məsələnin aydın olması üçün tarixə düzgün baxış olmalıdır. Ermənilər tarix boyu hansı imperiya güclü olubsa, onlara yaltaqlanıblar. Məsələn, ermənilər əvvəlcə Osmanlı İmperiyasına yarınmağa çalışdıqları halda, sonra Çar Rusiyasının tərəfinə keçiblər. Təki niyyətlərinə nail olsunlar. İndi azərbaycanlılara qarşı vəhşilikləri, soyqırımları törədənlər də onların törəmələridir".