Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 6 ildir ki, “Yaradıcı oxucularımız” layihəsi davamlı şəkildə uğurla həyata keçirilir. Layihənin nəticəsi olaraq MKS-nin fondu yeni kitablarla zənginləşir.
Yazıçı-publisist, şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Pərixanım Mikayılqızı kitabxanaya yeni yazdığı “Əsrin sərkərdəsi” kitabını hədiyyə etdi. Kitab 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində səs çoxluğu və xalqın sevgisi ilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yenidən prezident seçilməsi ilə əlaqədar nəşr olunub. Eyni zamanda, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrə və 44 günlük Vətən müharibəsindəki fəaliyyətinə və “Heydər Əliyev İli”nin elan olunmasına həsr olunub.
Kitabda Prezident İlham Əliyevin siyasi fəaliyyətindən, beynəlxalq aləmdə nüfuzundan, 44 günlük Vətən müharibəsində əldə etdiyi uğurlardan, torpaqlarımızın düşmən işğalından azad edilməsindən, Zəfər Günü və Böyük Qələbədən bəhs edilir.
Kitab 22 bölmədən ibarətdir.
Prezident İlham Əliyevin iyirmi illik prezidentlik dövründə Azərbaycan naminə gördüyü işlər ixtisarla verilmişdir.
A.A.Bakıxanovun ədəbi irsinin tədqiqatçısı, publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Hədiyyə Zəhra Əhmədi və xeyriyyəçi Şəhram Oromi görkəmli alim, şair və yazıçı Abbasqulu ağa Bakıxanovun (Qüdsi) və Mirzə Məhərrəm Qarabağinin “Mirat Ül-Cəmal” əsərini ilk dəfədir ki, şərhlə Azərbaycan dilinə tərcümə etmişdilər. Əsər 1829-cu ildə fars dilində yazılmışdır və Tehranda saxlanılan yeganə və tam əlyazma nüsxəsidir. Əsər şair Mahmud Şəbustarinin “Gülşəni-raz” məsnəvisinə yazılan nəzirədir.
Digər kitab isə Abbasqulu ağa Bakıxanovun (Qüdsi) 1837-ci ildə fars dilində yazdığı, əxlaqi-ictimai mövzuda olan “Təhzibi-əxlaq” əsəridir. Əsər insanı müdrik həyata və insani-əxlaqi prinsiplərə hörmətlə yanaşmağı tövsiyə edir. Müəllif qeyd edir ki, həyatın gözəlliklərinə heyran olan insan pis düşünməyə və pis işlər görməyə fürsət tapmaz, rahat bir həyat yaşamağa səy göstərər.
Yeni kitabları Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanalarında mütaliə etmək olar.