“Son zamanlar müxtəlif ölkələr tərəfindən Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin imzalanması üçün çağırışlar edilir. Bu çağırışlarda COP29-u Bakıda keçirilməsi tərəflərin sülhə gəlməsi üçün fürsət hesab olunur. Bir neçə gün öncə ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti cənab İlham Əliyevə göndərdiyi məktub bu baxımdan xüsusi vurğulanmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, sülh sazişinin imzalanması təşəbbüsü ilə ilk olaraq çıxış edən tərəf Azərbaycandır. Dövlətimizin bu məqsədlə Ermənistana təklif etdiyi beş bəndlik təklif beynəlxalq hüquq normalarına əsaslanır:
“Uzun müddətdir ki, sülh sazişi üzrə danışıqlar davam etdirilir. Amma məsələ ondadır ki, Ermənistan 30 illik işğal dövründə olduğu kimi, yenə də sülh prosesində manipulyasiya edir. Ermənistan özünü sülh sazişinin tezliklə imzalanmasının tərəfdarı kimi göstərməyə çalışır. Amma yarımçıq sülh ola bilməz. Biz erməni tərəfinin xislətinə yaxşı bələdik. Rəsmi Yerevan ərazi bütövlüyünün tanınması ilə bağlı tez-tez Alma-Ata müqaviləsinə istinad edir. Sual olunur, Ermənistan 1991-ci ildə Alma-Ata müqaviləsini imzalayıb Azərbaycanın ərazi bütövlüyünü tanıyırdısa, niyə sonradan 20 faiz ərazimizi işğal etdi? Və həmin əraziləri 30 il işğal altında saxladı? Bu kimi faktlar 1991-ci ildən bəri çox olub. Yəni, Ermənistan güvəniləsi tərəf deyil”.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinin 16 bəndindən 13-nün razılaşdığını desə də, parlamentin spikeri Alen Simonyan bu yaxınlarda Cenevrədə keçirilən beynəlxalq tədbirdə 16 bəndin hamısının razılaşdırıldığını iddia edib:
“Buradan görünür ki, erməni tərəfi sülh sazişinə qeyri-ciddi yanaşır, sadəcə beynəlxalq ictimaiyyət qarşısında özünü “sülh göyərçini” kimi təqdim etməyə çalışır. Bütün bunlar isə təhlükəli yanaşmadır. Bu mənada ki, həqiqətən indiki halda sazişin imzalanması dayanıqlı sülhə təminat verməyəcək və tezliklə regionda Ermənistan tərəfindən yenidən hərbi qarşıdurma başladıla bilər. Ona görə də, Azərbaycanın bütün məsələlərin razılaşdırılmasından sonra sülh sazişinin imzalanmasına dair mövqeyi tamamilə məntiqlidir”.
Samir Vəliyev qeyd edib ki, Azərbaycanın sülh sazişinin imzalanması üçün şərtləri aydın və dəqiqdir:
“Rəsmi Bakı bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasında və digər hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Biz bilirik ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var. Hətta Qarabağ münaqişəsi yeni başlayarkən Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etmişdi. Bütün bunlar Ermənistanın mövcud konstitusiyasında öz əksini tapır. Rəsmi İrəvan bu məsələdən yayınmağa çalışır, guya həmin müddəaların sülh sazişinin imzalanmasına əngəl olmadığını iddia edir. Amma erməni tərəfinin iddiaları tamamilə əsassızdır. Xatırlatmaq zəruridir ki, vaxtilə Azərbaycan SSR-də doğulmuş Robert Koçaryan 1998-ci ildə Ermənistanın prezidentliyinə namizəd olarkən bu məsələ gündəmə gəlmişdi. O zaman erməni müxalifəti etiraz edirdi ki, Koçaryanın prezidentliyə namizəd olması Ermənistan konstitusiyasına ziddir. Çünki konstitusiyaya görə prezidentliyə namizədlər ən azı 10 il bu ölkənin vətəndaşı olmalıdır. Həmin vaxt Ermənistan Konstitusiya Məhkəməsi məsələyə baxarkən Ali Sovetin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərarına və Müstəqillik Bəyannaməsinə istinad etdi və Köçaryan seçkilərə buraxıldı. Yəni bu faktlar, erməni tərəfinin gələcəkdə də konstitusiyada və digər hüquqi aktlardakı həmin məqamlardan sui-istifadə edə biləcəyini göstərir. Ona görə də, sülh sazişi elə təminatlı olmalıdır ki, Ermənistan nə vaxtsa onu pozarsa bədələni ağır ödəsin. Bu səbəbdən, Azərbaycan dövləti öz mövqeyində tamamilə haqlıdır. Sülh çağırışı edən ABŞ və digər ölkələr isə bu çağırışlarda səmimidirsə, o zaman ədalətli sülh sazişinin imzalanması üçün Ermənistana təzyiqlər etməlidirlər”.