"Azərbaycan və Türkiyə Prezidentlərinin Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə vasitəçilik təşəbbüsləri uğurla nəticələnəcək və atəşkəs əldə olunacaq".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, Qərb dövlətləri öz maraqlarını daha çox düşündüyü üçün onların vasitəçilik təşəbbüsləri müsbət nəticə vermir. Lakin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçilik təşəbbüslərində isə yeganə maraq tərəflər arasında sülhə nail olmaqdan ibarətdir.
"İndiyədək bu məsələdə bəzi Qərb dövlətlərinin vasitəçilik cəhdləri müvəfəqiyyət qazanmayıb. Çünki belə məsələlərdə geosiyasi maraqlara üstünlük verən Qərb dövlətlərinin başçıları hər zaman obyektiv olmurlar. Onların hər biri özünün maraqları çərçivəsində çıxış edir və bu da təbii ki, ümumi barışığa xidmət etmir. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın vasitəçilik təşəbbüsləri hər hansı maraq üzərində qurulmayıb. Onların yeganə marağı tərəflər arasında sülhə nail olmaqdan ibarətdir. Həm Türkiyənin, həm Azərbaycanın Ukrayna və Rusiya ilə kifayət qədər müsbət əlaqələri, əməkdaşlıq münasibətləri mövcuddur. Təsadüfi deyil ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya rəhbərliyi ilə görüşün Bakıda və Ankarada keçirilməsi ilə bağlı təklif irəli sürmüşdü. Bu da ondan irəli gəlir ki, həm Rusiyada, həm Ukraynada Azərbaycan və Türkiyəyə qarşı münasibət müsbətdir. Hər iki dövlətlə yaxşı və qərəzsiz münasibətlərin olması isə ancaq sülhə xidmət edə bilər. Ona görə də düşünürəm ki, Qərb dövlətlərinin vasitəçiliyindən daha çox Türkiyə və Azərbaycanın vasitəçiliyi sülhə xidmət edə bilər. Ümumiyyətlə, hesab edirəm ki, Avrasiyanın problemlərinin elə Avrasiya daxilində həll olunması daha məqsədəuyğundur. Bu baxımdan bu coğrafiyaya aid ölkələrin vasitəçilik missiyalarının həyata keçirilməsi müsbət addım olar", - deyə N.Məhəməliyev qeyd edib.