Birmənalı şəkildə demək olar ki, Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkənin ictimai-siyasi həyatında çox önəmli hadisə kimi yadda qalacaq. Bunu şərtləndirən bir çox məqamlar var ki, onlar barədə də partiya lideri İlham Əliyev tədbirə toplaşanlara kifayət qədər məlumat verdi, qarşıda duran vəzifələr barədə danışdı.
İlk növbədə xatırlatdı ki, YAP-ın sonuncu qurultayı üç il əvvəl keçirilib. Həmin müddət ərzində isə Azərbaycan üçün taleyüklü məsələlərin həlli baxımından çox uğurlu və çox əhəmiyyətli olub. Sözsüz ki, bura torpaqlarımızın işğaldan azad olunması ən vacib məsələ kimi aid olunmalıdır.
Giriş nitqındə Qarabağ məsələsinə xüsusi yer ayıran Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə keçmişə ekskurs edərək partiyanın yaranma tarixinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırlatdı, bu işdə 91-lərin rolunu xüsusi qeyd etdi. Daha sonra son 17 il ərzində Qarabağla bağlı ardıcıl və davamlı bir siyasət yürüdüldüyünu yada saldı. Vurğuladı ki, ötən illər ərzində bütün beynəlxalq səviyyəli tədbirlərdə daim problemi dilə gətirib. Yəni, bunu bizə unutdurmağa cəhd göstərənlərə qarşı çıxıb. "Azərbaycan bu işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq!"- deyən dövlət başçımız gerçəkdən böyük siyasi iradə meydana qoydu. 44 günlük müharibə ordumuzun zəfəri ilə başa çatdı.
Məhz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin qətiyyəti, iradəsi, sərkərdəlik və diplomatik qabiliyyəti, həmçinin müzəffər Ordumuzun əsgər və zabitlərinin misilsiz şücaəti sayəsində erməni işğalçıları darmadağın edildilər.
Qurultayda ölkə başçısı bir daha bəyan etdi ki, bu qələbə həm də dövlət-xalq birliyinin monolitliyi sayəsində əldə edildi. YAP lideri ölkənin digər siyasi partiyalarının da (bir-ikisi istisna olunmaqla) həmrəylik nümayiş etdirdiklərini vurğuladı.
Qurultay iştirakçılarına ətraflı məlumat verən İlham Əliyev belə bir məqamda daha 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına birləşmək istəyini müsbət hal kimi dəyərləndirdi. Onu da bildirdi ki, keçən qurultaydan sonrakı dövrdə həm Prezident, həm də parlament seçkiləri keçirilib. Qeyd etdi ki, həyat durmadan dəyişir. Deməli, biz də bunlara hazır olmalıyıq. Daha sonra islahatların labüdlüyü barədə söhbət açıldı.
"İndi yeni vəziyyət, yeni reallıqlar yaranıb"-deyən ölkə Prezidenti əldə olunan nailiyyətlər barədə söz açsa da, bunlarla kifayətlənmək olmaz mesajını verdi, "biz gələcəyi düşünməliyik"-deyə, qurultay iştirakçılarına xitab etdi.
Təbii ki, partiya lideri ölkənin daxili və xarici siyasəti barədə geniş və ətraflı təhlillər apardı, Ordu quruculuğu barədə xüsusi fikirlərini bildirdi. Bu fikirlərin mərkəzində isə bir məsələ dayanır: qətiyyən arxayınlaşmaq olmaz və biz yerimizdə saya bilmərik!
Bütün bunlar Azərbaycan Prezidentinin uzaqgörən siyasətçi olduğunu bir daha təsdiqləyir. Toplaşanlara xarici siyasət sahəsində digər ölkələrlə normal əməkdaşlıq yarandığını, Avropa İttifaqı ilə danışıqların davam etdiyini bildirən ölkə başçısı bir daha Azərbaycanın müstəqil siyasət yürütdüyünü nəzərə çatdırdı.
Daxili siyasətə gəlincə, YAP lideri qarşıda duran vəzifələrə də geniş toxundu. Bu, təbii ki, ilk növbədə işğaldan azad olunan torpaqlarda "Böyük Qayıdış"la bağlıdır. İlham Əliyev vurğuladı ki, irəlidə bizi nəhəng və çətin işlər gözləyir. Sözsüz ki, buna böyük maliyyə vəsaiti tələb olunur, investorlar cəlb olunmalıdır. Dövlət başçısı inamla bildirdi ki, biz bunun da öhdəsindən gələcəyik, çünki, ötən illər ərzində güclü iqtisadi baza yaradılıb. Təbii ki, YAP lideri "biz gələcəyi düşünməliyik" deyəndə qurultay nümayəndələrinə bir daha mesaj verdi ki, yenilənmək, müasir texnologiyalardan səmərəli istifadə etmək, idarəetmədə çevik olmaq lazımdır.
İlham Əliyevin öz proqram müddəalı çıxışında gənclərə xüsusi önəm verməsi diqqətdən kənarda qalmadı. Vətən Müharibəsində onların canları və qanları ilə rəşadət göstərdiklərini qeyd edən ölkə başçısı bir daha gələcəyimizə böyük ümidlər bəslədiyini təsdiqlədi.
Yeni Azərbaycan Partiyasının VII qurultayında biz həm də struktur və kadr dəyişiklərinin də şahidi olduq. Mehriban xanım Əliyevanın sədrin birinci müavini seçilməsi qurultay iştirakçıları tərəfindən yekdilliklə bəyənildi və partiyanın möhkəmlənməsi baxımından öz rolunu oynayacaq.
Artıq Yeni Azərbaycan Partiyası qarşısında yeni vəzifələr qoyulub. İnanırıq ki, əvvəlki illərdə olduğu kimi, bu vəzifələr də uğurla yerinə yetiriləcək.
Əliabbas Salahzadə,
millət vəkili