Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkiləri ciddi siyasi hadisə kimi tarixə düşəcək. Ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün ərazilərdə seçki məntəqələri fəaliyyət göstərəcək. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yarandı. Bu reallıqlar bizə yeni siyasi hədəflər müəyyənləşdirmək üçün fürsətlər verdi. Keçiriləcək növbədənkənar Prezident seçkiləri məhz yeni hədəflərə doğru atılacaq mühüm siyasi addımlardan biri və ən önəmlisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev söyləyib.
Onun sözlərinə görə, bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi vədinə tam əməl etdi. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün üçrəngli bayrağımız Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda dalğalanır. Bütün dünya dövlətləri Azərbaycanın regionda yaratdığı yeni reallıqlarla barışır. ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Bakıya səfər edərək yüksək səviyyədə görüşlər keçirməsi, ardınca Dövlət Departamentinin Azərbaycanı dəstəkləyən bəyanatlar verməsi bir daha göstərir ki, ölkəmizin atdığı addımlar beynəlxalq hüquqa söykənir və böyük dövlətlər tərəfindən dəstəklənir. Bu mənada növbədənkənar seçkilər və onun nəticələri də dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən birmənalı qəbul ediləcəkdir. Əslində növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir.
Deputat qeyd edib ki, seçkilərin növbədənkənar keçirilməsi onun demokratikliyinə, azad və ədalətli aparılmasına heç bir mənfi təsir göstərə bilməz. Azərbaycan xalqı, səsvermə hüququ olan vətəndaşlarımız kifayət qədər savadlı, geniş dünyagörüşlüdür və ölkəmizdə siyasi savadlılıq yüksək səviyyədədir. Bu seçkiləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi də hesab etmək olar. Heç kəsə sirr deyil ki, Qarabağda əldə etdiyimiz Qələbədən sonra cənab Prezidentin siyasi nüfuzu birmənalı şəkildə yüksəlib. “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız bu şüarı reallığa çevirən, bizi Qələbəyə qovuşduran ölkə rəhbərinin yanında olacaq. Hər il olduğu kimi yenə də xalqımız sülhə, inkişafa, suverenliyə səs verəcəkdir.
“Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanın postmüharibə dövrünün reallıqlarına uyğun olaraq yeni dövrə transformasiya olunması üçün siyasi islahatlara ciddi ehtiyacı vardır. Növbədənkənar seçkilər digər namizədlərə heç bir problem yaratmır. Mərkəzi Seçki Komissiyası bütün tərəflərə paritet imkanlar, təşviqat və təbliğat kampaniyası aparmaq üçün şərait yaradacaqdır. Növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir”, - deyə Cəbi Quliyev vurğulayıb.
Bu gün radikal müxalifətin narahatlığının başadüşülən olduğunu diqqətə çatdıran deputat əlavə edib: “Yaxşı anlayırlar ki, xalq onlara səs verməyəcək. Ona görə də təxribatla məşğul olurlar. Fəaliyyətlərini əsasən sosial şəbəkə üzərində quran radikal qüvvələr başqa heç bir faydalı, maarifləndirici siyasi prosesdə fəallıq göstərmirlər. Onlar donorları qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməklə məşğuldurlar. Yaxşı başa düşürlər ki, 44 günlük Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan xalqı öz seçimini bir daha dəqiqləşdirdi. Ölkənin bütün müxalifət partiyaları birləşsə belə, yeni reallıqları dəyişə, xalqın iradəsinə təsir göstərə bilməyəcək”.