Yeni tərkibdə formalaşan parlament islahatların dərinləşməsinə öz töhfələrini verir

“İnkişaf modeli ilə dünyanın diqqətində olan Azərbaycan yeniləşmədə, təkmilləşmədə maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. Hər bir ölkənin inkişafında dövrün, zamanın tələblərinə uyğun islahatlar prosesi əhəmiyyətli rol oynayır. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması həyata keçirdiyi islahatların təqdimatıdır.  Dövlət başçısı İlham Əliyevin  “Biz dərin islahatlar dövrünə qədəm qoyuruq” çağırışı ötən dövrün uğurları fonunda gələcəyə baxış kimi dəyərləndirilir. Azərbaycan məqsədyönlü islahatlar əsasında daha da güclənir, qüdrətlənir, yeni-yeni hədəflərə doğru inamla irəliləyir, gələcəyin real təminatını yaradır, sosial dövlət imicinə yeni əlavələr etməklə vətəndaşının rifahını daha da  yüksəldir. İslahatlar siyasətinin davamı kimi 2020-ci il 9 fevral tarixində keçirilən növbədənkənar parlament seçkilərini qeyd etməliyik. Ölkədə geniş vüsət alan islahatlar prosesinin qanunverici orqandan da yan keçməməsi üçün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, daim Azərbaycanın tərəqqisinə, xalqın yüksək rifahına xidmət edən təşəbbüsləri ilə ictimaiyyətin rəğbətini qazanan Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi və böyük dəstək qazandı”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında Azərbaycanın uğurları fonunda qarşıda dayanan vəzifələrdən geniş bəhs edərək islahatların yeni mərhələsinin  2018-ci ilin prezident seçkilərindən sonra başlandığını bildirmişdir.  İslahatlar  ardıcıl şəkildə aparılır və Azərbaycan sözü ilə əməli arasında  heç bir fərqin olmadığını dünyaya nümayiş etdirir. Ölkə Prezidenti yeni formalaşmış parlamentin  qarşısında dayanan vəzifələri də açıqladı: Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək. Mövcud  qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. Qəbul edilmiş qanunların icrasına nəzarət edilməlidir.

Deputat yeni parlamentin formalaşmasından ötən dövr ərzində Azərbaycanın həyatında baş verən yeniliklərdən, ölkəmizin atdığı biri-birindən əhəmiyyətli addımlardan və qazanılan uğurlardan bəhs edib: “Təbii ki, bu uğurlar daha mütərəqqi qanunların qəbulunu zərurətə çevirir. Belə ki, hazırda ölkəmiz inkişafın yeni mərhələsindədir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Müstəqillik tariximizin ən böyük büdcəsi kimi dəyərləndirilən 2022-ci ilin büdcəsində də torpaqlarımızın bərpasına, yeni həyatın başlanmasına böyük həcmdə vəsait ayrılıb. Milli Məclis hazırkı dövrün tələblərinə uyğun olaraq yeni qanunlar qəbul edir, həmçinin mövcud qanunları təkmilləşdirmək üçün onlara əlavə və dəyişikliklər edilir. Bütün addımların təməlində dövlətimizin daha da qüdrətlənməsi, xalqın yüksək rifahının təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması dayanır. Dövlət başçısı  qeyd olunan çıxışında deputatlarımızın qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur ki, onlardan da biri seçildikləri dairələrdə fəal olmaları, seçicilərlə mütəmadi görüşlər keçirib  onları narahat edən məsələlər ətrafında fikir mübadiləsinin  aparılması və aidiyyatı qurumlara çatdırılmasıdır”.

“9 fevral 2020-ci il tarixdə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bu qənaəti böyük inamla qeyd edə bilərik ki,  bütün siyasi qüvvələrin iştirakı əsasında çoxpartiyalı parlament formalaşıb” söyləyən M.Həsənov qeyd edib ki, Milli Məclis siyasi sistemin təkmilləşdirilməsi işində  çox böyük rola malikdir. Ölkəmizdə  çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün bütün zəruri şərait yaradılır. Qanunvericilik bazası təkmilləşdirilir. Yeni “Siyasi partiyalar haqqında” qanunun qəbulu bu istiqamətdə mühüm addımların atılmasına stimul verir.

Azərbaycanın demokratik, hüquqi dövlət olduğunu önə çəkən deputat digər sahələr kimi, demokratik islahatların təkmilləşdirilməsi istiqamətində də ölkəmizin təcrübəsinin nümunə olduğunu bildirib: “Siyasi və iqtisadi islahatların vəhdətliyinin qorunması ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Demokratikləşmə prosesi ölkədə iqtisadi inkişafı daha da sürətləndirir. Belə ki, demokratiyanın vacib  amillərindən olan sabitliyin qorunması, Azərbaycanın sabitlik diyarına çevrilməsi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasına öz müsbət təsirini göstərir.  Dövlət başçısı İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi hədəflər sırasında  Azərbaycanın  müasir, dünyəvi dövlət kimi gücləndirilməsi əsas yer tutur”.

M.Həsənov bu ümumiləşdirməni aparıb ki, Azərbaycan möhkəm təməl üzərində ən yüksək zirvələri fəth edir. Hakimiyyətin hər üç qolunda - icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmil islahatlar ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir, dövrün, zamanın tələblərinə uyğun olaraq müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə öz töhfələrini verir. Hazırkı dövrdə, tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Milli Məclis beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində atdığı addımları ilə də diqqətdədir.