Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatında Prezident İlham Əliyev bildirdi ki, səfər çərçivəsində keçirilən görüşlər zamanı regionda və MDB məkanında təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib, dünya siyasətinin aktual məsələləri üzrə də fikir mübadiləsi aparılıb. Ölkə başçısı bu mövzuda danışarkən qeyd etdi ki, dünyada vəziyyət sürətlə və bir qayda olaraq, mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq, mövcud münaqişələr öz həllini tapmır. Yalnız Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdiyi münaqişə istisnadır.
Prezident İlham Əliyev Azərbaycanın haqq işinə diqqət çəkərkən onu da vurğuladı ki, daşın daş üstündə qalmadığı ərazidə yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri, bir sözlə, bütün infrastrukturu sıfırdan bərpa etmək lazım gəlir. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsinin olduğunu əsas tutaraq Prezident İlham Əliyev Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etdi.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatında Prezident İlham Əliyev bildirdi ki, aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Ölkə başçısı qeyd etdi ki, yaxın vaxtlarda Minskdə keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq dövlət strukturlarına verilmiş tapşırıqlar müfəssəl şəkildə təhlil olunacaq və onların icra müddəti üzrə konkret addımlar, həmçinin qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün həmin tapşırıqların verildiyi məsul şəxslər və strukturlar müəyyən ediləcək. Səfər zamanı həmçinin ölkələrimizin münasibətlərinin son illərdə inkişafı müfəssəl şəkildə təhlil edilmiş və gələcəkdə qarşılıqlı fəaliyyət yolları müəyyənləşdirilmişdir. Məlum olduğu kimi həm Belarusda, həm də ölkəmizdə birgə istehsalın təşkili bir çox illər öncə yaradılmışdır. Bura maşınqayırma, hərbi-sənaye kompleksi, kənd təsərrüfatı və nəqliyyat sahəsində əlaqələr daxildir.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri zamanı əldə edilmiş razılaşmanın nəticəsi olaraq yaxın gəlcəkdə iki ölkə arasında münasibətlərin yeni hüdudları, yeni müəssisələr, yeni iş yerləri, həmçinin əməkdaşlığın yeni istiqamətləri özünü biruzə edəcək.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri