Yüzlərlə uşağın həyatı təhlükədə: Toyuqların siçovullarla "tərbiyə” aldığı bağçadan REPORTAJ, VİDEO

Belə yerdə uşaq qalar? Binada ilanlar, siçovullar dolaşır; Buraya sağlam gələn uşaq, xəstəlik tapar

Söhbət Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli sovxozun ərazisində yerləşən uşaq bağçasından gedir. Bu bağça yararsız durumdadır. Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan 283 saylı körpələr və uşaq evi 1957-ci ildə inşa edilib və həmin gündən bu zamana qədər bir dəfə də olsun, təmir edilməyib.

Uşaq bağçası Südçülük və Tərəvəzçilik sovxozunun ərazisindədir. Nə qədər qəribə olsa da, buranın adı hələ də bu formada gedir. 7 mindən çox sakini olan qəsəbənin problemləri sadalamaqla bitməz. Lakin sakinləri ən çox narahat edən adıçəkilən bağçadır. Çünki bağçanın binası bərbad vəziyyətdədir. 

Şikayət əsasında bağçanın durumunu yaxından görmək üçün oraya yollandıq. Bizi ilk olaraq qapıdakı zibillik "qarşıladı". Daha sonra isə bağçanın həyətində olan toyuqlar... 

Bağçanı ilk dəfə görəndə, səhv gəldiyimizi düşündük. Çünki burada hər hansı bir canlı varlığın olması hiss edilmirdi. Çünki həm bina bərbad vəziyyətdə idi, həm də ətrafda heç kəs görünmürdü. Bir müddət sonra isə hər şey məlum oldu. 

Sən demə, bizim gələcəyimizi bir yolla öyrənən bağça müdirəsi, hər kəsə bayıra çıxmamağı tapşırıbmış. Bu yolla da binanın eyiblərini gizlədə biləcəyini düşünüb. Lakin onun bu istəyi heç də baş tutmadı. 

Bağça müdirəsi pəncərədən bizi görər-görməz qapıları üzümüzə qapatdı. Bir müddət sonra isə bayıra çıxaraq, bizimlə görüşdü. Lakin bina daxilində çəkiliş aparmağımıza icazə vermədi. Səbəb olaraq isə dedi ki, "Mən buna icazə verə bilmərəm. Kameranızı və telefonunuzu bayırda qoyun, içəri keçin". Buna da razılaşdıq. 

Amma bir qədər sonra bağça müdirəsi Xırdaxanım xanım fikrini dəyişdi və ümumiyyətlə, çəkilişə icazə vermədi: "Mən özbaşına deyiləm. Sizə içəridə çəkiliş aparmağa icazə verə bilmərəm. Bağçanın təmirə ehtiyacı var, amma yararsız halda deyil. Söz veriblər ki, 2016-cı ildə bağça əsaslı təmir ediləcək. Pirşağıda 2 bağça var. Onun birini bağlayıblar, digəri isə budur. Bura da bağlansa, işçilər nə edəcək?" 

Deyəsən, bağça müdirəsini uşaqların yox, yalnız özünün və işçilərinin taleyi maraqlandırır.

- Bəs, bu halda olan binada, körpə uşaqların olması onlar üçün həyati təhlükə daşımırmı?

- Xeyr... Heç bir təhlükə yoxdur. Çünki buraya FHN əməkdaşları gəliblər və deyiblər ki, bina qəzalı vəziyyətdə deyil. Sadəcə, təmirə ehtiyacı var.
 
- FHN əməkdaşları yoxlayıblarsa, deməli, sizə rəy verməli idilər... 

- Yox, mənə sənəd verməyiblər. Deyiblər ki, əsaslı təmirə ehtiyac var. 

Xırdaxanım müəllimə binanın yararsız olmadığını iddia etsə də, hər şey göz qabağında idi. Üstəlik, qapıları qapadıb, bizi içəri buraxmaması vəziyyətin nə qədər ağır olduğunu izah edirdi. 

Bir müddət sonra ətrafda yaşayan sakinlər və valideynlər əraziyə gəldilər. Onlar bağçanın həyətinə daxil olmaq istəsələr də, bu, mümkün olmadı. 

Çünki bağça müdirəsi xadimələrdən ikisinə tapşırıq verərək, qapıları bağlatdırdı: "Tez qapıları bağlayın, tez olun, cəld olun". 

Bundan sonra söhbət bağlı qapılar arxasında davam etdi. Valideynlər bağça müdirəsinə iradlarını bildirməyə başladılar: "Belə yerdə uşaq qalar? Binada ilanlar, siçovullar dolaşır. Divarlar sökülüb, dağılır. 1957-ci ildən binaya əl vurulmayıb, təmir edilməyib. Bura yararsız və təhlükəli olduğu üçün camaat uşağını başqa rayonun ərazisinə, başqa qəsəbələrin bağçalarına aparırlar. 

Uşaqların hər birindən aylıq 5 manat istəyirlər. Bu bərbad bağçaya 80 manat almadan uşaq götürmürlər. Uşaqlara supdan başqa heç bir yemək verilmir. Bağça müdirəsi buraya gələn ərzağı oğlunun maşını ilə daşıyır, evinə... Uşaqların yatdığı yerə baxsanız, görərsiniz ki, ora hansı vəziyyətdədir. Pəncərəsi şirniyyat qutusu ilə qapadılıb. Binanın ikinci mərtəbəsi ümumiyyətlə, bərbaddır.

Bağçanın iki qapısı var. Birinin yanında zibillik, digərinin yanında mal peyini iy verir. Binanın divarları nəmdir, hər yerdə siçovullar var. Buraya sağlam gələn uşaq xəstəlik tapar. Kiçik bir zəlzələ olsa, bina yerin altında qalacaq. Uşaqların başına bir iş gəlsə, kim cavab verəcək?"

Sakinlər deyirlər ki, bağça mütləq təmir edilməlidir. Hətta təmirə qədər bağlanmasına da razıdırlar. Təki, təmir edilsin: "Bəzi ailələr taksi tutub, uşaqlarını başqa bağçalara göndərirlər. Amma hamının bu xərci qarşılamağa imkanı yoxdur. Məcbur qalıb, buraya gətirirlər. Amma bu bağça yararsızdır. Hər an uça bilər. Təmir etsinlər, ya da söküb, təzədən tiksinlər. Biz uşaqlarımızı bir müddət evdə saxlamağa razıyıq. Təki bura təmir edilsin. Bağça müdirəsi qapıları üzümüzə qapadıb. Guya, bu yolla içərinin vəziyyətini gizlətməyə çalışır. Amma bu, mümkün deyil. Əgər, qorxacağı bir şey yoxdursa, niyə qapıları qapadır?” 

Bir müddət sonra əraziyə polis əməkdaşları da gəldilər. Onlar sakinləri sakitləşdirib, müdirədən qapını açmağı xahiş etdilər. Lakin müdirə öz fikrində israrlı idi. Qapıları yenə açmadı. Və sona qədər də buna əməl etdi. 

Daha ətraflı aşağıda təqdim etdiyimiz videomaterialdan izləyə bilərsiniz.