Zəfər paradı Azərbaycanın müstəqilliyinin əbədi olacağının nümayişi idi

Bu gün Azərbaycan tarixində ən uğurlu hərbi əməliyyat olan “Dəmir yumruq”un bizə qazandırdığı möhtəşəm Qələbəyə həsr olunan Zəfər paradının keçirilməsindən bir il ötür.

Ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası, İslam aləmi üçün əvəzolunmaz hisslər yaşatdı. Doğrudan da, Zəfər paradı çox möhtəşəm idi və sanki Azadlıq meydanı bu Qələbə yürüşü üçün çox darıxmış görünürdü. Bu gün 30 il həsrət qaldığımız Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da bizim üçün çox qürurvericidir. Xalqımız hələ də o möhtəşəm Qələbənin təsirindən çıxa bilməyib. Çünki biz sözün əsl mənasında qələbəyə həsrət idik. Sağ olsun Vətən övladları, bu hissi bizə, xalqımıza onlar yaşatdılar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.

O qeyd edib ki, Zəfər paradında nümayiş etdirilən texnikalar dövlətimizin başçısı İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının nəticəsi idi. Ordumuzun maddi-texniki bazasının zənginliyi, istifadəsində olan texnika və silah-sursatın bir hissəsi paradda əyani şəkildə nümayiş etdirildi. Hər kəs Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin əyani şahidi oldu.

Zəfər paradında nümayiş etdirilən texnikalar bütün dünyada maraqla izlənilirdi. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı modern döyüş texnikaları və yeni hərbi taktikalardan uğurla istifadə etdi. Ordumuz tərəfindən ələ keçirilmiş Ermənistan ordusuna məxsus xeyli texnika və silah-sursatın Zəfər paradında nümayiş etdirilməsi bu tədbirin əhəmiyyətini daha da artırırdı.

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan misilsiz hərbi nailiyyət haqqında bundan sonra yüz illərlə danışılacaq, kitablar, filmlər hazırlanacaq. Azərbaycan Azadlıq meydanında dəfələrlə paradlar keçirib. Amma bu paradların hər birində ölkəmiz özünün müdafiə gücünü, ötən illər ərzində ordu quruculuğu istiqamətində gördüyü işləri, uğurla həyata keçirdiyi hərbi modernləşməni nümayiş etdirirdi. Azərbaycan xalqının tarixinin ən şanlı səhifələrindən birini yaradan Zəfər paradı isə hərbi qüdrətimizi nümayiş etdirməklə yanaşı, düşmənə həm də müharibədən yorğun düşmədiyini, əksinə güclənərək çıxması mesajını verdi.

“Hərbi Qələbəmizin, həmçinin xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında Sərəncam, həmçinin Hərbi Qənimətlər Parkının salınması Zəfərimizin gələcək nəsillərə çatdırılması, Qələbəmizin əbədiliyindən xəbər verir. Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərir. Bu cür parklar dünyanın bir sıra ölkələrində mövcuddur. Bir cümlə ilə onu qeyd etmək olar ki, Hərbi Qənimətlər Parkının əsas məramı aqressorun mütləq cəzasını aldığını göstərir.

Bir məqamı da xüsusilə vurğulamaq istəyirəm. Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Qələbənin paradını keçirərkən Ermənistanda çaxnaşmalar, hakimiyyətdaxili gərginlik pik həddə çatmışdı. Müharibədəki acı məğlubiyyət Ermənistanın və onun havadarlarının onilliklər boyunca yürütdükləri təcavüzkar siyasətin nəticəsi idi. Ermənistanın işğalçı ordusu üzərində Qələbə qazanmaqla Azərbaycan dövləti bu günə qədər icra edilməyən BMT qətnamələrini həyata keçirdi. Ağır zərbələrdən sarsılan Ermənistan rəhbərliyi kapitulyasiya aktını imzaladı və bu, Ermənistanın diz çökməsi demək idi. Ermənistan hər addımda kobud şəkildə pozduğu beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etməyə məcbur edildi. Əlbəttə, bu məsələ yalnız Ermənistanın məğlubiyyəti ilə bitməyəcək, işğalçı Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına və çoxsaylı hərbi cinayətlərə görə də beynəlxalq hüququn qarşısında cavab verəcək. Yaddan çıxarmayaq ki, biz təkcə Ermənistanı deyil, ona havadarlıq edən qüvvələri də məğlub etdik.

Zəfər paradı Azərbaycan xalqı üçün ləyaqət simvolu, ermənilər üçün alçaldıcı məğlubiyyət dərsi idi. Zəfər paradı Azərbaycanın müstəqilliyinin əbədi olacağının nümayişi idi. Bu həm də xalqımızın Vətən sevgisinin sərgisi idi. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq!”, - deyən deputat fikrini yekunlaşdırıb.