“Zəfər Qurultayı Qarabağ həqiqətlərini bütün dünyaya yayacaq”

“Dünən və bu gün Şuşada keçirilən və Zəfər Qurultayı adlanan tədbir dünya azərbaycanlıların daha sıx birliyinin təmin olunması baxımından çox əhəmiyyətidir. Dünya Azərbaycanlılarının V qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin nitqi harada yaşamaqlarından asılı olmayaraq bütün azərbaycanlılar üçün gələcək fəaliyyət üçün proqram sənədidir. Şuşaya qurultaya gələn 400 çox azərbaycanlı əslində 65 ölkəni təmsil edirlər. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatında yaxından iştirak edən soydaşlarımız səfər təəssüratlarını, qurultayda Prezidentimiz tərəfindən səslənən fikirləri, o cümlədən Qarabağ və Azərbaycan həqiqətlərini təbliğ edəcəklər, yayacaqlar, paylaşacaqlar”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, qurultayın Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsinin rəmzi mənası var: “Bütün dünya Azərbaycanın regionda sülhə verdiyi töhfələrdən xəbərdar oldu, Qarabağ həqiqətləri barədə kifayət qədər informasiya əldə etdi. Azərbaycan Prezidenti cənab ilham Əliyev öz çıxışında bu günə qədər Ermənistan və onun havadarları olan dövlət və təşkilatların Qarabağda hansı vandallıqlar, vəhşiliklər törətdiklərini, 30 il ərzində yalnız məhv etməklə, talamaqla məğşul olduqlarını açıb göstərdi, faktlarla izahını verdi. Cənab Prezident şıxışı zmanı bir çox mühüm məsələlər barədə fikirlərini söylədi. Azərbaycan xalqının 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoyduğundan, ədaləti bərpa etdiyindən, beynəlxalq hüququ bərpa etdiyindən danışdı. Bəli, Azərbaycan buna öz gücü ilə nail oldu. Dünya Azərbaycanlılarının lideri, cənab Prezident İlham Əliyev çıxışında xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları ilə dövlətin müvafiq qurumu arasında əlaqələrin getdikcə təkmilləşdiyini bildirib və bunu daha da genişlənməsinə zərurət yarandığını qeyd edib. Cənab Prezident bildirib ki, “bu gün Azərbaycan yeni dövrə qədəm qoyub. Biz 30 il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpaqlarımızdayıq. Bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

A.Hüseynov Prezidentin çıxışında irəli sürdüyü tezislər barədə də danışıb: “Prezident İlham Əliyevin çıxışı proqram xarakterli idi. Həmin çıxışın bəzi detallarını təqdim etmək istəyirəm:
- Biz - Ulu Öndərin davamçıları Onun sözlərini gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər.
- Biz şəhidlərimizin qanını, qisasımızı düşməndən döyüş meydanında aldıq. Onların qanı yerdə qalmadı. Deməli, biz bundan sonra da daim güclü olmalıyıq;
-Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Deməli, bundan sonra da millətimiz daim qələbələr yolu ilə getməlidir;
- Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix, xalq, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Deməli, bundan sonra da vətənpərvərlik daim yüksək olmalıdır;
- Qarabağ münaqişəsinin həll edilməsi Prezident kimi mənim üçün başlıca vəzifə idi. Vəzifəyə seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir və bütün güclər səfərbər edilmişdir. Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Deməli, millətimizin məqsədlərinə çatmasının təməlində güclü ordu, güclü dövlət və qüdrətli dövlət rəhbəri amili dayanır;
- Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür;
- Xaricdə yaşayan milyonlarla azərbaycanlı hərə öz ölkəsində həm müharibənin gedişatını yaxından izləyirdiniz, eyni zamanda, öz çıxışlarınızda, öz şərhlərinizdə, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırırdınız. Buna bu gün də ehtiyac var. Çünki müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Mən əminəm ki, bu da başa çatacaq. Deməli, dünya azərbaycanlıları bundan sonra da ümumi iş uğrunda səylərini əsirgəməməlidirlər;
- Azərbaycan xalqının əzmi, Azərbaycan əsgərinin gücü və Vətən sevgisi qarşısında hər şey acizdir. Deməli, milli əzm, ordu gücü və Vətən sevgisi daim üstün olmalıdır;
- Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik. Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr və dünya erməniliyi, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır;
- Sülh sazişinin imzalanması Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq. Deməli, Ermənistan tərəfi Azərbaycanın şərtlərini qəbul etməyəcəyi təqdirdə yenidən əzilə bilər;
- Hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Sizin – xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanlarınız var. Yəni, yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, maarifləndirmək lazımdır - həm Azərbaycan reallıqları haqqında, postmünaqişə dövrü haqqında və Azərbaycan tarixi haqqında. Deməli, hər bir azərbaycanlı tarixini bilməli və təbliğ etməlidir;
- Çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir;
- Xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir”.