"Zəngilanda qalan dünyam..." - Bayram Məmmədov yazır

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Tarix üçün böyük olmayan otuz il, qırx il rəqəmləri ömür üçün böyük rəqəmlərdir. Bu illərdə olmuları xatırlayanda, xatırlaya-xatırlaya yenidən yaşayanda kövrəlirsən də, qəhərlənirsən də, sevincini yaddaşına, yaddaşını sevincinə taraz bilirsən. Ömrümün təxminən 38 ili Zəngilanda keçib. Zəngilanı sevmişəm, zəngilanlıları sevmişəm. Zəngilanı müdafiə edənləri can sirdaşım bilmişəm. O illərdə ağrı-acımız da eyni olub, qəhərimiz də, sevincimiz də. Tanıdığım, Vətənə sevgisinə, insanlara sevgisinə, milli-mənəvi dəyərlərimizə sevgisinə bələd olduğum neçə-neçə zəngilanlıdan biri də Zoya idi, Zəngilanın ağır günlərində rayon cra akimiyyəti başçısının müavini olmuş Zoya Cəbrayılova. Döyüşlər bütün zəngilanlılar kimi, onun da ürəyində gedirdi sanki. Zəngilana sarı atılan hər gülləni ruhu ilə duyanlardan biri də Zoya idi...

Zoya Cəbrayılova 1964-cü il iyulun 7-də Zəngilan rayonunun İçəri Müşlan kəndində anadan olub. 1971-ci ildə S.Qardaşov adına İçəri Müşlan kənd 8 illik məktəbin birinci sinfinə gedib. Ona əlifbanı ilk olaraq atası Hüseyn öyrədib. İlk müəllimi Elmira Namazova olub. Məktəbə gedəndə yaza da bilib, oxuya da.

Elmira müəllim onu digərlərindən fərqləndirirdi. Bu fərqləndirmə sevgi idi; müəllimin şagirdinə sevgisi həmişə böyük sevgi olub. Bu böyük sevgi Zoyanın qəlbinin sehrinə dönüb, sabahlarının işığına. Gələcək həyat yolunu bu işıqda seçib.

Beş il İçəri Müşlan kənd 8 illik məktəbində oxuyub, təhsilini Vəli Quliyev adına Zəngilan kənd orta məktəbində davam etdirib. Yaxşı oxuyub, əlaçı olub. Müəllimləri onu sevib, sevə-sevə öyüb, öyə-öyə sevib. Məktəbdə təşkil edilən tədbirlərin iştirakçısı, hərdən təşkilatçısı olan Zoya Cəbrayılova fənn olimpiadalarında da uğurlar qazanmaqla iştirak edirdi.

Bir xatirə nə onu tanıyanların yaddaşından üzüləcək, nə də tarixdən silinəcək:

Zəngilan kənd orta məktəbinin 9-cu sinfində oxuyurdu. Məktəbin yeni tipli ikimərtəbəli binası istifadəyə verilirdi. Şagirdlər adından Zoya çıxış etmişdi. Açılışın rəmzi qırmızı lenti kəsilmə ərəfəsində Zəngilan ayon Partiya Komitəsinin (RPK-nin) birinci katibi Muradxan Cabbarov "bayaq çıxış edən məktəbli qız hardadır? Onu bura çağırın, lenti o kəsəcək" demişdir. Bu, ehtiram idi, sevgi idi, məktəbliyə partiyanın etimadı idi. Bir həftədən sonra Zoyanın açılış mərasimində lenti kəsməsini əks etdirən şəkli "Azərbaycan müəllimi" qəzetində dərc olunmuşdur...

Zoya Cəbrayılova 1981-ci ildə Zəngilan kənd orta məktəbini əla qiymətlərlə bitirdi, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) rus dili və ədəbiyyatı fakültəsinə qəbul olundu. 1986-cı ildə oranı fərqlənmə diplomu ilə bitirdi. 

 

Fəallıq təkcə seçilən peşəyə maraqla, həvəslə məhdudlaşmır, fəallıq həm də özünüdərkdir. Nəyə qadir olduğunu bilməyənin fəallığı uzun sürmür; Zoya fəal tələbə idi, fakültənin ictimai işlərində "boyu görünürdü", təşkilatçılığı ilə yataqxanada da fərqlənirdi. 4-cü kursda oxuyanda Kommunist Partiyası sıralarına qəbul etmişdilər; belə qəbul o illərin möcüzəsi idi. Belə bir möcüzə zəngilanlı tələbə Zoya Cəbrayılovaya qismət olmuşdur...

 

1986-cı ildə institutu fərqlənmə diplomu ilə bitirdi. Zəngilana qayıtdı. İçəri Müşlan kənd 8 illik məktəbinə rus dili və ədəbiyyatı müəllimi təyin olundu. Zoya müəllim idi! İllərin arzusu gerçəkləmidir! Həmin gün sevincini atasına, bir də sinif müəllimi olmuş Elmira Namazovaya çatdırmağa tələsmisdi: "Mən müəlliməm!"...

Bir gün Zoya müəllimi məktəbdən Zəngilan RPK-yə çağırdılar. Nəyə? - nə özü bilirdi, nə də məktəbin rəhbərliyi. Onu RPK-nin birinci katibi Muradxan Cabbarov qəbul etdi, nələrisə soruşdu, maraq biçimli suallara cavabları səbirlə dinlədi. Bu və ya digər məsələyə münasibətini də öyrəndi. Ancaq qəbuluna çağırdığı müəllimin 7-8 il əvvəl Zəngilan kənd orta məktəbinin yeni binasının açılış lentini kəsən şagirdi tanımamısdı.

Zəngilan ayon Komsomol Komitəsinin (RKK-nin) birinci katib vəzifəsinə namizədliyi Azərbaycan LKGİ MK-ya göndərildi. Mərkəzi Komitədə onun seçkidə iştirakına icazə verildi. 1987-ci il dekabrın 31-də Zəngilan RKK-nin növbəti plenumunda birinci katib seçildi.

 

Zəngilan RKK-nin şöbə müdiri işlədiyimə görə Zoya xanımın fəaliyyətini yaxşı xatırlayıram. Gənc olsa da, öz düşüncələrinin işığında işləyirdi, dürüst olmayan məsləhətləri yerinə yetirmirdi, işi ədalətə (deməli, dövlətə sevgiyə), əsaslanırdı. "Cəmiyyətin "qızıl qaydası" "İnsanlığı sev" düşüncəsi ilə yaşayır və işləyirdi Zoya Cəbrayılova. Heç vaxt işçiləri haqqında ədalətsiz qərarların çıxarılmasına yol vermədi, bilikli, bacarıqlı və təcrübəli gənclərin irəli çəkilməsinini təşəbbüskarı oldu.

 

Mən 1988-ci ilin iyulunda RPK-nin siyasi maarif kabinetinin müdiri vəzifəsinə irəli çəkildim. İşgüzar əlaqələrimiz daha da möhkəmləndi...

 

Ali siyasi təhsil almağa göndərilməyim ilə əlaqədar 1989-cu ilin sentyabrından ünsiyyətimiz xeyli azaldı.

 

1990-cı ildə qış imtahan sessiyasını uğurla başa vurub yanvarın 19-da səhər tezdən Saratovdan Bakıya, yanvarın 20-nə keçən gecə qatarla rayona qayıdırdım.

 

1990-cı il yanvarın 22-də Zəngilan şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş mitinqdə xalqımıza qarşı törədilmiş bu vəhşiliyə, bu dəhşətli qətliama etiraz kimi minlərlə zəngilanlının iştirak etdiyi mitinq oldu. Mitinqdə çıxışını bitirdikdən sonra Zoya müəllim partiya biletindən imtina etdi.

 

Mitinq səngiyəndən sonra günahlandırmalar, ittihamlar başladı. Zoya müəllimi də sorğu-suala çəkdilər; rayonda vəzifədə işləyən bir qadının bu cəsarəti, xalqına bu səviyyədə ehtiramı partiyanı narahat etmişdi. Sorğular - günlərlə davam edən sorğularda məqsəd nə idi? - etiraf etdirmək, düşünülməmiş qərara görə peşmançılıq eşitmək. Sorğu aparanlar unutmuşdular ki, xalqını sevənlər üçün mübarizə yolu səadətdir, Zoya xanımin bu səadəti ittihamların xofunda əritməsidir. Sorğular da, təhriklər də "daşa dirəndi"; Zoya xanım mitinqdə onun da kəlmələrini xalqın kəlmələri bilənlərə ruhən pıçıldadı: "Zülmün topu var, gülləsi var, qələsi varsa, haqqın da yenilməz qolu, dönməz üzü vardır!" Və 1990-cı il fevralın 24-də ərizə yazaraq tutduğu vəzifədən getdi. Bu da bir etiraz idi. Bu da partiyanı daxilən narahat etmişdir. Bu da partiyanın nüfuzunun azalmasının, azala-azala yox olacağının təzahürlərindən biri idi...

 

Müəllim idi, müəllimliyə qayıtdı - 1990-cı il aprelin 16-da Zəngilan kənd orta məktəbinə direktor müavini təyin olundu. Şagirdlər, şagirdlərin duruluq dünyası, şagird düşüncələrinin işığı Zoya müəllimi yenidən kövrəltdi. "Mənəm, gəlmişəm..." - kövrəkliklə sinif otağına daxil olacağı an nə deyəcəyini qət etmişdir. Bir vaxtlar təhsil aldığı məktəbə müəllim kimi, direktor müavini kimi qayıdırdı. Şagirdlərin doğma baxışlarını ömrün bundan sonrasına duruluq xeyir-duası biləcəkdir...

 

Zoya Cəbrayılova müəllim ömrü yaşayırdı. Bilirdi ki, ömür payını zərrə-zərə şagirdlərinin ömrünə paylayanlar həmişə ehtiramlarla əhatələnir. Bu ehtiram məktəblə, sinif otaqları ilə məhdudlaşmır. Cəmiyyət də bu ehtiramın doğmalığına inanır, inana-inana güvənir. Aylar il oldu...

1992-ci ilin apreli Zoya müəllimin ömrünə duyğuların fəsili kimi gəldi; Zəngilan rayon rabitə şöbəsində mühasib işləyən Alik Şəmil oğlunun könlündə Zoya adlı bir ömür işığı varmış. Nişanlandılar, Yerlər də, Göylər də bu könül sevdasına xeyir-dua verdi.

Zoya müəllimə də müharibənin ağrılarını mənən yaşayanlardan biri idi. Döyüşənlərlə ruhən bir sırada olmaq da döyüşməkdir deyənlərə həmişə haqq qazandırmışam; Zəngilan rayon ərazi özünümüdafiə taboru yarananda da bu fikirdə olmuşam, onun komandiri olanda da, sonralar da. Xalqın müharibəyə münasibəti döyüsçülərin döyüş əzmini də artırırdı, qələbə ruhunu da. O vaxtlarda məktəblər də döyüşçülərlə "nəfəs alırdı". Zəngilan kənd orta məktəbinin kollektivi döyüşçülər üçün ərzaq, geyim, isti yeməklər tədarük etmişdir. Bunları Zoya müəllim 1992-ci il mayın 15-də şagirdlərlə birlikdə Rəzdərə kəndindəki posta çatdırmısdır. Təhlükəli də olsa, səngərə getmək, səngərdə əsgərlərlə görüşmək, kəlmələşmək istəmişdilər. Həmin səngər söhbəti hamısının yaddaşındadır. Zoya müəllim deyirdi ki, həmin gün göz yaşlarımı kirpiyimlə güclə saxlayırdım. Döyüşçülərin baxışlarında Vətən görürdüm. Mənə elə gəlirdi ki, əlim döyüşçü əlinə toxunanda Vətənə toxunub.

O söhbətin qüruru da, kövrəkliyi də müəllimləri əsgərləri də elə doğmaladırmışdı ki!

Rabitə şöbəsinin əməkdaşları da 5 gün sonra, mayın 20-də eyni niyyətlə döyüşçülərin yanına, Qazançı postuna getmişdir. Alik Şəmil oğlu da onların sırasında idı. Bu gözəl niyyət faciə ilə tamamlanmıdır. İki nəfər şəhid olmuşdur. O iki nəfərdən biri Alik idi...

Zoya müəllim hər şəhidi əzizi bilirdi. Alik onun ömür dünyası idi. "Tez itirdim səni, Alik, tez itirdim. Səni nişanımızın 40-cı günü itirdim. Sənsizlik ömrümün kəfəni olacaq..." - ruhu Alikin ruhuna belə deyirdi. Bu səssiz mükalimələşmə 32 ildir davam etməkdədir. Təsəllisiz təsəllidir bu...

Zoya müəllimi ayon cra hakimiyyəti başçısının müavini vəzifəsinə dəvət etdilər. Məktəbdən, şagirdlərindən ayrılmaq istəmədi; qəhərini unudurdu məktəbdə. Ən etibarlı sirdaşı sinif otaqları idi. Atasının məsləhətləri onun etirazını yumşaltdı, təkliflə razılaşdı. 1992-ci il iyunun 5-də Zəngilan rayon cra akimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifəsinə təyin olundu...

Ermənilərin hücumlarına görə Şərikan qəsəbəsindən, Canbar və Şayiflı sovetliklərini əhatə edən yaşayış məntəqələrindən rayon mərkəzinə və kəndlərə sığınanların bütün sosial problemlərinin ağırlığı Zoya xanımın da üzərinə düşürdü. Rayonun ərazisində yerləşən hərbi hissələrin bir sıra mühüm problemlərinin də həll edilməsi ilə onun rəhbərlik etdiyi şöbə məşğul olurdu. Yaralıların, şəhid olanların ailələrinin qayğıları da bu şöbənin icraatında idı.

Zəngilanlılar Zəngilanı döyüşə-döyüşə tərk etdi. 30 mindən artıq zəngilanlı ilə birlikdə o da payızın sızağında Araz çayının sahilindən rayona həsrətlə baxdı. Arazın ləpədöyənində Müdafiə Nazirliyi Sənədli Filmlər Telestudiyasının redaktoru Rəşid Faxralıya (operator Seyidağa Mövsümlü idi) müsahibəsində işğal ağrılarından, Zəngilansızlığın ağrı-acılarından söz açmışdır. Bu müsahibə vətənpərvərlik sızıltıları kimi dinlənilmişdir...

 

1996-cı il aprelin 12-dək Zəngilan Rayon cra akimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini vəzifəsində işləyən Zoya Cəbrayılova Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının da məzunudur, 1996-cı ildən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universitetində) işləyir. Hazırda universitetin Azərbaycan dili kafedrasının baş müəllimidir...

Pedaqoji fəaliyyətlə yanaşı, elmi-tədqiqat işi üzərində də səylə çalışıb.Yusif Balasaqunlunun pedaqoji görüşləri ("Qutadğu bilig" əsərinin materialları əsasında) adlı dissertasiya üzərində işini artıq tamamlayıb və ilkin müzakirə üçün kafedraya təqdim edibdir. Eyni zamanda, altı fənn proqramının həmmüəllifi, 40-dan artıq elmi məqalə, tezis, konfrans materialının müəllifidir.

Zəngilanın işğaldan azad edilməsi Zoya Cəbrayılovanın da Zəngilanlı xatırələrinə yeni yaşam verdi. Sevinc də var bu xatirələrdə, qəhər də, ovunmayan nisgil də...

Hərdən kövrəkliklə üzü göylərə sarı pıçıldayır: Zəngilanda qalan dünyam, heyyy...